Məhkəmə qərarları › İş №3(049)-807/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-807/2023

07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-807/2023 07.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (bundan sonra mətndə 1 saylı RETSİ) nümayəndəsi Nümayəndə iştirakı ilə, 1 saylı RETSİ-nin rəisi əvəzi Şakir Quliyevin 16 fevral 2023-cü il tarixli, MN ******* saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Vüqar Həsənov tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 1 saylı RETSİ-nin rəisi əvəzi Şakir Quliyevin 16 fevral 2023-cü il tarixli, MN ******* saylı qərarı ilə, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 1500 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X3 şikayət verərək 16 fevral 2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində tərtib edilmiş 1 saylı RETSİ-nin rəis X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN N-1289896 saylı qərarla tanış olmuşdur. Həmin qərar qərəzli yazılmışdır. Qərarla razı deyil, çünki heç vaxt İXM-nin maddələrinin tələblərinin pozmamışdır. 24 yanvar 2023-cü il tarixdə Astara rayonu Şahağacı kənd ərazisində onun barəsində Astara rayon polis əməkdaşları tərəfindən qanunsuz protokol yazılmışdır. Belə ki, sözü gedən yerdə olsa da, heç bir qanun pozuntusu etməmişdir. O karyer ərazisində olmamış, Astara rayonu Şahağacı kəndində kənd sakinlərindən hazır formada olmuş öz istifadəsi üçün qum götürmüşdür. O qumu maşına vurmamış, yerin səhətinə toxunmamışdır. Onun əməlindən belə tərkib yoxdur. Əgər belə hal mövcud idisə niyə 1 saylı RETSİ-nin əməkdaşlarını ora dəvət etməmişlər. Bu onu göstərir ki, polis əməkdaşı öz vəzifəsindən sui-istifadə etmişdir. Astara rayon polis əməkdaşları yanında sənədlərə hüquqi savadı olmadan, oxumadan, baxmadan və tanış olmadan imza etmişdir. Həmin vaxtı da hava qaranlıq olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat vermişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan –– 1 saylı RETSİ-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Xəzər dənizinin Astara rayonu, Şahağacı kəndi ərizəsində yerləşən sahilindən X2 qum daşımaqla yerin təkindən istifadə qaydalarını pozduğuna görə barədə Astara RPŞ tərəfindən İXM-nin 243.0.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmiş, polis şöbəsinin əməkdaşı Mirzəhüseyn Muqbilovun raportu və yük avtomobilinin qum ilə yüklü olması barədə fotoşəkil əlavə edilərək baxılması üçün idarəyə göndərilmişdir. Daha sonra 1 saylı RETSİ tərəfindən xx.xx.2023-cü il tarixdə həmin protokol əsasında X3 İXM-nin 234.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxırlar. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: Astara RPŞ-nin PPXB-nin polis nəfəri,polis kiçik serjantı Mirzəhüseyn Muqbilov tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində Astara RPŞ-nin PPBX-nin polis nəfəri,polis serjantı Elxan Fətəliyev ilə birlikdə Astara rayon Şahağacı kəndi ərazisində xidmətdə olduqları zaman adı onlara sonradan məlum olan X2 Kamaz markalı yük maşını lə Astara rayonu Şahağacı kəndində Xəzər dənizi sahilindən qum daşıdığını görmüşlər. Daşıdığı qumun rəsi qaydada icazəsinin olub-olmamasını müəyyən etmək məqsədilə V.Həsənov RPŞ-nə dəvət edilmişdir. Odur ki, həmin şəxsin əməli barəsində araşdırma aparılmasından ötrü aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Raporta əlavə edilmiş fotoşəkillərdən görünür ki, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qum vardır. Astara RPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində X1 rayonu Şahağacı kəndi ərazisində yerin təkindən istifadə qaydalarını pozmuşur. ünvan ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X2 qum daşımaqla yerin təkindən istifadə qaydalarını pozduğuna görə barəsində İXM-nin 243.0.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün 1 saylı RETSİyə göndərilmişdir. İXM-nin 243.0.1-ci maddəsinə əsasən yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi şəxsin əməlində İXM-nin 243.0.1-ci maddəsinin tərkibi o halda yaranır ki, şəxs yerin təkindən istifadə ilə əlaqədar işlərin görülməsi zamanı təhlükəsizlik qaydalarına əməl etməmiş olsun, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərini pozmuş olsun. Lakin hazırki işin hallarından müəyyən olunur ki, təqdim edilmiş sübutlarla X2 yerin təkindən istifadə qaydalarını pozması öz təsdiqini tapmır. Belə ki, həm inzibati xəta haqqında protokoldan, həm də ki, fotoşəkillərdən müəyyən olunur ki, Elxan Həsənov yerin təkindən istifadə zamanı deyil, öz avtomobili ilə yolda hərəkətdə olarkən dəniz qumu aşkar edilmişdir. İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxin əməlində inzibati xəta tərkibinin mövcud olması üçün tərkib bütün elementlərinin, yəni inzibati xətanın subyekti, subyektiv cəhəti, obyekti və obyektiv cəhətinin hamısı mövcud olmalıdır. Hazırki iş üzrə həmin hallar inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir ki, həmin sübutlar məhkəməyə təqdim edilməmiş, təqdim edilmiş sübutlar isə Vüqar Həsənovun təqsirliliyini sübuta yetirmir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddələrində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcüd olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, X2 İXM-nin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi təqdim edilmiş sübutlarla təsdiq edilmədiyindən, şikayət təmin edilməli, onun barəsində 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi Şakir Quliyev tərəfindən qəbul edilmiş 16 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X2 barəsində İXM-nin 243.0.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 şikayəti təmin edilsin. X2 barəsində 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi Şakir Quliyev tərəfindən qəbul edilmiş 16 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar