Məhkəmə qərarları › İş №3(049)-809/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-809/2023

13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-809/2023 13.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1949-cu il tarixdə Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 590.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İJ-18 markalı 12 mm kalibrli, 17546 nömrəli, tək lülə ov tüfəngini polis orqanlarından göstəriş almadan xidməti və mülki silah haqqında qanunun tələblərini pozaraq silahı ustaya aparmış və təmir zamanı lülə №-li silinmiş və 16 mm kalibrə uyğunlaşdırdığına görə sonuncunun barəsində İXM-nin 590.1-ci maddəsi ilə 25 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, istifadəsində 12 mm kalibirli İJ-18 markalı balaqundaq və qundaq nömrəsi 17546 olan təklülə ov tüfəngi vardır. Həmin silaha görə xüsusi razılıq almışdır. Qeyd olunan silahın lüləsi partladığı üçün Astara rayonunda Fizuli adlı şəxs bir il bundan əvvəl aparmış və usta partlamış lüləni özündə olan 16 kalibirli sağ lülə ilə əvəz etmişdir, 16 mm kilibirli lülənin üzərində nömrəsi silinmişdir. Bu barədə polis orqanına heç bir məlumat verməmişdir. Silahın yoxlanması zamanı polis əməkdaşları tərəfindən silahın lüləsinin nömrəsinin silindiyi və lülənin 16 mm kalibirli olduğu müəyyən olduğu məlum olmuşdur, həmin silahı polis şöbəsinə təhvil vermişdir. Silahın lüləsinin dəyişdirilməsi və lülə nömrəsinin silinməsi barədə protokolu da imzalamışdır. O özünü İXM-nin 590.1-ci maddəsi ilə təqsirli bilir. Barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Lənkəran ŞRPŞ-nin xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində yaşayan Şəxs təqdim etdiyi və istifadəsində olan İJ-18 markalı, 12 kalibirli, 17546 nömrəli tək lülə ov silahına baxış zamanı silahın lülə nömrəsi silinmiş və 16 kalibirə uyğunlaşdırılması aşkar olunmuşdur. Məhkəmə, tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 590.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 3cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi qadağandır. Həmin Qanunun 14-cü maddəsinin İİ hissəsində göstərilir ki, qanun üzrə vərəsəlik hallarında mülki silahı miras almış vərəsənin mülki silahı əldə etmək üçün xüsusi icazəsi yoxdursa, o üç ay ərzində həmin xüsusi icazəni almalıdır. Vərəsə ona miras qalmış mülki silahı əldə etmək üçün xüsusi icazəni almaq istəməzsə və ya ona bu cür xüsusi icazə verilməzsə, o bir ay müddətində həmin silahı ya bağışlamalı, təhvil verməli və ya satmalıdır. Həmin Məcəllənin 590.1-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görəsilah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi X1 25 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 590.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edərkən, İXM-nin 31.2-ci maddəsinə müvafiq olaraq inzibati xətanın xarakterini və inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini nəzərə almaqla barəsində silah və onun döyüş sursatı müsadirə edilməklə inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. İXM-nin 77.3-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş qurtaranadək maddi sübutların saxlanılmasının təmin edilməsi üçün zəruri tədbirlər görməli, habelə inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində İJ-18 markalı, 12 mm kalibirli (hazırda 16 mm kalibrli) 17546 nömrəli tək lülə ov tüfəngi müsadirə edilməklə 80(səksən) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar