Məhkəmə qərarları › İş №3(049)-810/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-810/2024

23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-810/2024 23.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X9 Əhmədağa oğlunun sədrliyi, Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Lənkəran rayonu, Mamusta kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, deməsinə görə bir azyaşlı uşasğı olan, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Mamusta kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində Lənkəran ŞRPŞ-nin inzibati binasında, İB-nin müstəntiqi Qüdrət Axundovun xidməti otağında izahat verərkən polisin xidməti iş fəaliyyətini pozmuş, polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə sonuncu barəsində Lənkəran ŞRPŞ-nin polis sahə rəisi, X4 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 22 avqust 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lənkəran ŞRPŞ-nin polis sahə rəisi, X4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2024-ci il tarixdə Lənkəran ŞRPŞ-nin inzibati binasında, Qüdrət Axundovun xidməti otağında ictimai qaydanı pozmaqla və müstəntiqlərin qanuni tələblərini yerinə yetirməməklə inzibati xəta əməlini törətmişdir. Bununla da o, Azərbaycan respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmiş və bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 16:30 radələrində Lənkəran ŞRPŞ-nin inzibati binasında Qüdrət Axundovun xidməti otağında olarkən qəfildən əsəbiləşərək ucadan qışqırmış və bu təxminən 10 dəqiqə davam etmişdir. Ondan fərqli olaraq müstəntiq təmkinli olmuşdur. Əməlindən peşmandır, müstəntiqdən üzr istəyir və eyni halın bir daha təkrarlanmayacağını bildirərək barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid X6 bildirdi ki, Lənkəran ŞRPŞ-də müstəntiq vəzifəsində işləyir. xx.xx.2024-ci tarixdə, saat 16:30 radələrində xidməti otağında olarkən izahatını aldığı Şəxs səbəbsiz şəkildə səs-küy salmağa başlamış, həmçinin yüksək tonla ünvansız nalayiq ifadələr işlətmişdir. Xəbərdarıqlara baxmayaraq eyniadlı hərəkətə davam etmişdir. Həmin vaxt xidməti otaqda olan digər müstəntiqlər Elvin Nəhmətov və Asəf Məmmədov ona yaxınlaşaraq yaranmış səs-küyün, həmçinin ünvansız nalayiq ifadələrin doğru hərəkət olmadığını bildirmişlər. Şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq eyni hərəkətləri davam etdirmişdir. Bu səbəbdən Şəxs X1 təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin müstəntiqləri X7 və X8 da şahid X3 izahatına uyğun izahat verdilər. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: İnzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2024-ci il tarixdə saat 17:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-ci il tarixdə saat 17:30 radələrində Lənkəran şəhəri, T.İsmayılov küçəsində yerləşən Lənkəran ŞRPŞnin inzibati binasında ucadan qışqıraraq, polisin qanuni tələbinə qəsdən tabe olmamış, polisin xidməti iş ahənginin pozulmasına səbəb olmuş hərəkətlərə yol vermişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun etirafedici izahatı ilə yanaşı şahidlərin izahatı, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal, onun peşman olması və üzr istəməsidir. Onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Eyni zamanda həmin Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 08 gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - xx.xx.2024-cü il tarixdən saat 17:50dan hesablansın. Şəxs xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2024-cü tarixdə saat 16:30-dan xx.xx.2024-cü il tarixdə saat 17:00-dək Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanıldığı 23 saat 30 dəqiqə müddət ona təyin edilən inzibati həbs müddətindən çıxılmaqla inzibati həbs müddəti xx.xx.2024-cü il tarixdə saat 16:30-da başa çatmış hesab edilsin. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar