Məhkəmə qərarları › İş №3(049)-814/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-814/2025

13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-814/2025 13.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlu Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan elektron inzibati tənbeh vermə haqqında elektron protokollardan X5 tərəfindən verilmiş şikayəti baxılmağa hazırlayarkən, müəyyən etdim: X5 Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan elektron inzibati tənbeh vermə haqqında elektron protokolların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və əlavə edilmiş materialları nəzərdən keçirib hesab edir ki, geri qaytarılmalıdır. Belə ki, X1 tərəfindən mübahisələndirilən protokollara dair məlumatları (protokolların nömrəsi) tam olaraq müəyyən etmək mümkün deyildir. X1 tərəfindən Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən tərtib olunmuş elektron protokolların surətləri ərizəyə əlavə edilməli idi, lakin X5 yalnız mobil tətbiq üzərindən protokola və görüntülərə dair materialları əlavə etmiş, bununla da, lakin Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən tərtib olunmuş elektron protokolların kağız daşıyıcıda surətləri əlavə edilmədiyindən baxılması mümkün deyildir. Bundan əlavə, X1 ərizəsində qeyd etmişdir ki, “cərimə olunmağı ilə bağlı elektron xəbərdarlıq telefon nömrəsinə göndərilmişdir”. Bununla da, müəyyən olunur ki, X3 məlumat verilmiş,lakin nə zaman ona məlumat verildiyi müəyyən etmək mümkün olmadığından 25 sentyabr 2025-ci il tarixli protokolu mübahisələndirmək üçün qanunvericilikdə göstərilmiş müddətin ötürülüb-ötürülmədiyi müəyyən etmək mümkün deyildir. Ümumiyyətlə, şikayəti X3 izah olunur ki, şəxs inzibati xəta törətməsinə görə İnzibati Xətalar Məcəlləsində göstərilmiş əsaslarla qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb oluna bilər. İnzibati xəta haqqında iş üzrə araşdırılma aparıldığı halda icraat başlanır, daha sonra inzibati xətanın törədilməsi faktı aşkar edildikdə, dərhal İXMnin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Daha sonra protokolu tərtib etmiş səlahiyyətli orqan inzibati xəta haqqında protokola uyğun olaraq şəxsə qarşı inzibati tənbeh tətbiq edə bilər. İnzibati tənbeh tətbiq edilərkən inzibati tənbeh vermə haqqında qərar qəbul olunur. İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsində göstərilmişdir ki, Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Göründüyü kimi, qanunvericilik məhkəmə tərəfindən baxılmalı olan protokollar istisna olmaqla inzibati xəta haqqında protokoldan deyil, yalnız inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsini nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aid olması məsələsini yoxlayır. Şikayətçiyə izah olunsun ki, Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə cəlbetmə müddəti 1 ilə qədərdir. İnzibati tənbeh tətbiq etmə haqqında qərar olmayan protokolla bağlı 1 il müddətində tənbeh qərarı şəxsə çatdırılmazsa, onda həmin qərar İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə ləğv edilməlidir. Məhkəmə qərarların rəsmi qaydada verilməsi ilə bağlı şikayətçiyə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin aşağıdakı normalarını izah etməyi məqsədə müvafiq hesab edir: Maddə 127-5. İnzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatlandırma 127-5.1. Bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmiş şəxs inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 127-5.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi inzibati xəta haqqında elektron protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetində dərhal yerləşdirir və elektron ünvanına (olduğu halda) göndərir; 127-5.1.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 127-5.1.3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün iki gün ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir. 127-5.2. İnternet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar barədə bu Məcəllənin 127-5.1.1 -- 127-5.1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi bu Məcəllənin 127-5.1.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın şəxsə çatdırıldığı vaxt barədə və bu Məcəllənin 127-5.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar və onların əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərməli, həmçinin həmin məlumatları şəxsin elektron kabinetinə yerləşdirməli və onun elektron ünvanına (olduğu halda) göndərməlidir. 127-5.3. İnzibati xəta haqqında elektron protokolun və ya inzibati tənbeh vermə haqqında elektron qərarın bu Məcəllənin 57.1-ci maddəsində nəzərdə tutulmuş qaydada "Poçt haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar bir gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. 127-5.4. Barəsində inzibati xəta haqqında elektron protokol tərtib edilmiş və ya inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış şəxs bu Məcəllənin 57-ci maddəsi ilə müəyyən edilmiş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni bank, poçt, plastik kart və ya internet vasitəsilə ödəyə bilər. 130.1. Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 -- 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Bununla belə X1 tərəfindən mübahisələndirilən protokolla bağlı inzibati tənbeh vermə haqqında qərarın mövcud olub-olmaması barədə sübut, inzibati xəta haqqında protokolların kağız daşıyıcıda surətləri təqdim olunmamış, 25 sentyabr 2025-ci il tarixdə tərtib olunmuş protokol barədə şikayətçiyə nə zaman məlumat verilməsi və digər yuxarda göstərilən nöqsanlara görə, yəni materiallar natamam olduğuna və işə baxılarkən tamamlamaq mümkün olmadığına görə işə hazırki halda baxılması mümkün deyildir. Göstərilənlərə əsasən şikayət ərizəsi və və ona edilmiş materiallar geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X2 Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan elektron inzibati tənbeh vermə haqqında elektron protokollarından Lənkəran Rayon Məhkəməsinə verdiyi şikayət ərizəsi və əlavə edilmiş materiallar ona qaytarılsın. X3 izah edilsin ki, hazırki geri qaytarılma barədə qərarda göstərilən nöqsanlar aradan qaldırıldıqda yenidən məhkəməyə şikayət verə bilər. Bu qərardan şikayət verilə bilməz. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar