Məhkəmə qərarları › İş №3(049)-817/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-817/2024

16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-817/2024 16.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi: X7, şikayət verən şəxs: X6, qərarından şikayət verilən orqanın nümayəndəsi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis X12 Xidmətinin inspektoru, polis sıravisi X2 iştirakı ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis X12 Xidmətinin 22 iyun 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, müəyyən etdi: X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis X12 Xidmətinin 22 iyun 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Lənkəran Şəhər Rayon Polis X12 Xidmətinin İXP 63497444 saylı inzibati xəta haqqında protokolu və TP ******* saylı qərarının ilə yazılmış 3 bal və 80 manat cərimənin heç bir əsası və sübutu olmamışdır. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X6 izahatında göstərdi ki, 22 iyun 2024-cü il tarixdə, saat 15 raddələrində özünə məxsus **-KG-*** dövlət qeydiyyat nişanlı, VAZ 21063 markalı avtomobillə Lənkəran rayonu, Şağlaküçə kəndindən Lerik rayonu istiqamətində hərəkətdə olarkən qarşısında hərəkət edən avtomobillərdən biri düz hərəkət etmiş, digər avtomobil isə sağa dönmə siqnalı yandırmışdır. O, qarşısında olan avtomobilin sağa dönəcəyini düşünüb həmin avtomobili sol yandan ötüb keçmişdir. Həmin vaxt onu yol patrul xidməti avtomobili siqnal verərək saxlatmışdır. O, hansı xətanı törətdiyini soruşmuş, inspektor ona qanunsuz olaraq ötmə hərəkəti etdiyini bildirmişdir. O, heç bir günahı olmadığını bildirsə də, polis əməkdaşlarının aqressivləşdiyini görüb və bunun nə ilə nəticələnəcəyini bilib sakit durmuşdur. Hadisədən bir az əvvəl avtoqəza etdiyi üçün avtomobilinin öz hissəsi (bamper) təmirə vermişdir. Bu yaxınlarda isə onun barəsində tərtib edilmiş qərar və protokolu əldə edib məhkəməyə şikayət etmişdir. Hesab edir ki, heç bir qayda pozuntusuna yol verməmişdir. Əgər hansısa qayda pozuntusua yol vermişdirsə, ona id video görüntünün ona göstərilməsini tələb edir. Buna görə də tərtib edilmiş qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın nümayəndəsi Lənkəran Rayon Yol Patrul Xidməti inspektoru polis sıravisi X5 izahatında göstərdi ki, 22 iyun 2024-cü il tarixdə, saat 15 raddələrində X6 **-KG-*** dövlət qeydiyyat nişanlı, VAZ 21063 markalı avtomobillə Lənkəran rayonu, Şağlaküçə kəndindən Lerik rayonu istiqamətində hərəkətdə olarkən qarşısında hərəkət edən avtomobili sol yandan ötüb keçmişdir. Avtomobilin ön hissəsi (bamper) olmamışdır. Həmin ərazidə ötmə hərəkəti qadağan olduğu üçün sürücü tərəflərindən saxlanılmışdır. İnzibati xəta hadisəsi barəsində onun özü tərəfindən protokol tərtib edilmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, hasidə zamanı videomüşahidə aparılmış, lakin hazırda videogörüntünün qalıbqalmasını bilmir. Məhkəmə, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və 22 iyun 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 İXM-nin 342.5 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 80 manat məbləğində inzibati cərimə edilmişdir. İXM-nin 327.2-ci maddəsinin tələbinə görə də, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. (xx.xx.2024-cü ilədək qüvvədə olan qanunvericiliyə əsasən səksən manat cərimə idi). İXM-nin 342.5-ci maddəsinin tələbinə görə xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. İXM-nin 61.1.9-cu maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüququ vardır. İXM-nin 93.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış fasiləsiz videoçəkiliş aparılmaqla nəqliyyat vasitəsi sahibinin iştirakı ilə həyata keçirilir. İXM-nin 93.3-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış haqqında protokolda fasiləsiz videoçəkilişdən istifadə barədə müvafiq qeyd aparılır və videoçəkilişi əks etdirən məlumat daşıyıcısı həmin protokola əlavə edilir. İXM-nin 122.1-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. “X10” Azərbaycan Respublikası Qanunun 83-cü maddəsinin İİ hissəsinə əsasən yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Göründüyü kimi qanunvericilik konkret olaraq yol hərəkəti təhlükəsizliyi əleyhinə törədilmiş inzibati xətaların aşkar edilməsini videomüşahidə aparılmaqla müəyyən edilməsini, habelə vizual müşahidə nəticəsində aşkar edildikdə belə həmin halların xüsusi texniki vasitələr vasitəsi ilə inteqrasiyasını təsbit etmişdir. Məhkəmə iclasında dindirilmiş şikayət verən şəxs heç bir inzibati xətaya yol vermədiyini, əgər vermişdirsı bu halın ona videogörüntü ilə göstərilməsini xahiş etmişdir. Məhkəmədə iştirak edən şikayət verilən orqanın nümayəndəsi, eləcə də inzibati xəta haqqında protokol tərtib edən şəxsə məhkəmə tərəfindən videogörüntü təqdim etməsi təklif edilmiş, sonuncu videogörüntünün olub-olmamasını bilmədiyini bildirmiş, bu məqsədlə məhkəmə iclası təxirə salınmış, lakin videogörüntünn məhkəməyə təqdim edilməməsi ilə yanaşı protokol tərtib edən şəxs də məhkəmədə iştirak etməmişdir. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə, yəni inzibati xəta haqqında videogörüntünün mövcudluğunu mübahisələndirildiyindən inzibati xətaya görə inzibati tənbeh vermə qərarının qüvvədə saxlanılması qanunvericilik baxımından da yolverilməzdir. İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəra qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis X12 Xidmətinin 22 iyun 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis X12 Xidmətinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X3 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis X12 Xidmətinin 22 iyun 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis X12 Xidmətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar