Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-819/2024 16.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, şikayət verən şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin Yol Patrul Xidmətinin 14 avqust 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, müəyyən etdi: X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin Yol Patrul Xidməti inspektorunun 14 avqust 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 13 avqust 2024-cü il tarixdə özünə məxsus **- CF-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz 190” minik markalı avtomobil ilə Bakı şəhəri, Badamdar yolu 42 ünvanında hərəkətdə olarkən BDYPİ-nin YPX-nin əməkdaşı ona saxla işarəsi verdiyi üçün nəqliyyat vasitəsini saxlamışdır. Həmin vaxt YPX-nin inspektoru ona yaxınlaşaraq İXM-nin 327.2-ci maddəsinin tərkibini pozduğunu demiş və onu dinləmədən barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək 100 manat məbləğində cərimə və 3 bal yazmışdır. Bundan sonra o, Daxili İşlər Nazirliyinin rəsmi internet saytı olan Elektron ünvan saytına yazaraq ona İXP6477704 nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərarın bir nüsxəsinin və videogörüntülərin təqdim edilməsini istəmişdir. Lakin hazırki vaxta qədər mənə heç bir sənəd və videogörüntü göndərilməmişdir. Həmin ərazidə nə svetafor olmuş, nə də “STOP" işarəsi olmuşdur. Ona görə də ona qeyd edilən maddə ilə cərimə yazıla bilməzdi. Əgər orada hərhansı bir qeyd edilən hallar olmuş olsa idi onda bununla bağlı videogörüntülər təqdim edilməli və o, yerindəcə həmin görüntülərlə tanış edilməli idi. Həmçinin, onun mobil telefonunda “SMS RADAR” mobil tətbiqi mövcuddur. O, hər- hansı bir qayda pozuntusu etdikdə və bununla bağlı onun haqqında inzibati xəta haqqında protokol tərtib edilirsə, o, həmin mobil tətbiqə daxil olaraq videogörüntünü izləyir. Belə bir hal omadığına görə isə həmin qərar qanunsuz hesab edilərək ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X5 şikayətin dəlillərini müdafiə edərək izahatında göstərdi ki, 13 avqust 2024-cü il tarixdə özünə məxsus **-CF-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz 190” minik markalı avtomobil ilə Bakı şəhəri, Badamdar yolu 42 ünvanında hərəkətdə olarkən öz hərəkət istiqamətində olan yol təmirə bağlandığı üçün qarşıda hərəkət edən nəqliyyat vasitələri sağ dönmə işığını yandıraraq sağa – alternativ yola döndükləri üçün o da sağ dönmə işığını yandıraraq sağa doğru hərəkət etmişdir. Qoşulduqları yolda sağ tərəfdən avtobusun gəldiyini görmüş, avtobusun hərəkət yoluna çıxmamaq üçün əyləci sıxaraq avtomobili saxlamış, avtobusun ona çatmamış sərnişin düşürmək üçün dayanacaqda dayandığını görərək hərəkətinə davam edərək yola qoşulmuşdur. Bu zaman qarşıdan gələn YPX avtomobilində sayrışan işıq siqnalı işə salınaraq ona saxla işarəsi verilmişdir. O, avtomobili saxlamış, YPX inspektoru ona heç bir tutarlı səbəb olmadan İXM-nin 327.2-ci maddəsi ilə cərimə edildiyini bildirmişdir. O, inzibati xəta pozuntusu törətmədiyini, protokolla razı olmadığını bildirsə də, YPX inspektoru protokolu ona təqdim etməmiş, onun etirazına məhəl qoymamış, cavabında “cavan oğlansan, 100 manat nədir ki ödəyərsən” demişdir. Bundan sonra o, Daxili İşlər Nazirliyinin rəsmi internet saytı olan Elektron ünvan saytına müraciət ünvanlayaraq barəsində tərtib edilmiş İXP6477704 nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərarın bir nüsxəsinin və videogörüntülərin təqdim edilməsini istəmiş, lakin müraciətinə cavab verilməmişdir. Özü Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət etdikdən sonra barəsində Bakı şəhər DYPİ-nin YPX inspektoru polis serjantı X3 qəbul etdiyi xx.xx.2024cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətini əldə etmişdir. Göstərilənlərə əsasən həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmış qərarından şikayət verilən şəxs Bakı şəhər DYPİ-nin YPX inspektoru polis serjantı X6 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Eyni zamanda xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə Bakı şəhəri X9 İdarəsinə inzibati xəta haqqında qərarın qəbul edilməsi üçün əsas olan sübutların məhkəməyə təqdim edilməsi təklif olunsa da, həmin halları təsdiq edən sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə işə qərarından şikayət verilən şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ-nin YPX inspektoru polis serjantı X3 qəbul etdiyi xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbinə görə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Həmin Məcəllənin 61.1.9-cu maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüququ vardır. Həmin Məcəllənin 122.1-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 83-cü maddəsinin İİ hissəsinə əsasən yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Göründüyü kimi qanunvericilik konkret olaraq yol hərəkəti təhlükəsizliyi əleyhinə törədilmiş inzibati xətaların aşkar edilməsini videomüşahidə aparılmaqla müəyyən edilməsini, habelə vizual müşahidə nəticəsində aşkar edildikdə belə həmin halların xüsusi texniki vasitələr vasitəsi ilə inteqrasiyasını təsbit etmişdir. Məhkəmə iclasında dindirilmiş şikayət verən şəxs heç bir inzibati xətaya yol vermədiyini, əgər vermişdirsə bu halın ona videogörüntü ilə göstərilməsini xahiş etmişdir. Bununla bağlı dəfələrlə Bakı şəhəri X9 İdarəsinə inzibati xəta haqqında qərarın qəbul edilməsi üçün əsas olan sübutların məhkəməyə təqdim edilməsi təklif olunsa da, həmin halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamasına baxmayaraq səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmişdir. Tərtib edilmiş protokol şəxsə təqdim edilməmiş, onun etirazı, inzibati xəta hadisəsinin mövcudluğu ilə razı olub-olmaması aydınlaşdırılmadan inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə, yəni inzibati xəta haqqında hadisəsinin və videogörüntünün mövcudluğunu mübahisələndirildiyindən inzibati xətaya görə inzibati tənbeh vermə qərarının qüvvədə saxlanılması qanunvericilik baxımından da yolverilməzdir. İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəra qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin YPX inspektoru polis serjantı X3 qəbul etdiyi xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİnin YPX-yə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin Yol Patrul Xidməti inspektorunun 14 avqust 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin Yol Patrul Xidmətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-819/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-819/2024
16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver