Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-82/2024 19.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X1, protokol tərtib edən orqanın nümayəndəsi: Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə Lənkəran Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala baxaraq məhkəmə müəyyən etdi̇ : Lənkəran Rayon İcra və Probasiya şöbəsindən Lənkəran Rayon Məhkəməsinə Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 18 yanvar 2024-cü il tarixli, MN seriyalı ******* saylı protokol əsasında materiallar daxil olmuşdur. Həmin materiallardan məlum olur ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 135/2022 saylı, 09 mart 2022-ci il tarixli icra sənədinin tələbinə əsasən iddiaçı Zərərçəkmiş şəxs xx.xx.2019-cu il təvəllüdlü azyaşlı uşağı X4 ilə hər həftənin bazar günü saat 09.00-da 21.00-dək eləcə də, uşağın ad günü, Yeni İl, Novruz, Qurban və Ramazan bayramlarının səhəri günü saat 10.00-dan 20.00-dək ünsiyyət hüququ verilsin. Borclu icra sənədində göstərilən tələbi yerinə yetirməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Lənkəran Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 bildirdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-135/2022 saylı, 09 mart 2022-ci il tarixli icra sənədinin tələbinə əsasən iddiaçı Zərərçəkmiş şəxs xx.xx.2019-cu il təvəllüdlü azyaşlı uşağı X4 ilə hər həftənin bazar günü saat 09.00-da 21.00-dək eləcə də, uşağın ad günü, Yeni İl, Novruz, Qurban və Ramazan bayramlarının səhəri günü saat 10.00-dan 20.00-dək ünsiyyət hüququ verilsin. İcra sənədi üzrə icraata 24 iyun 2022-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Borclu bir neçə dəfə icra sənədi üzrə icra tələblərini yerinə yetirmiş, lakin tələbkar 2 yanvar 2024-cü il tarixdə uşaqla ünsiyyətdə olmaq üçün uşağı borcludan tələb etdikdə borclu uşağı verməmişdir. Borclu göstərmişdir ki, 31 dekabr 2023-cü il tarixdə tələbkar uşağı götürmüş və o, tələbkara uşağı 21.00-da təhvil verməyi, çünki yeni il şənliyinə bilet aldığını bildirmişdir. Buna baxmayaraq tələbkar uşağı görüş vaxtından bir saat gec, saat 22.00-da gətirmiş və uşağı Yeni İl tədbirində iştirak edə bilməmişdir. Buna görə də borclu 2 yanvar 2024-cü il tarixdə uşağı verməmişdir. Bu zaman tələbkar ərizə ilə müraciət etmişdir. Borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tədbir görülməsi məsələsinin məhkəmənin mülahizəsinə buraxdığına bildirdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, özünü təqsirli bilmir. Tələbkara icra sənədində göstərilən, hətta daha artıq zamalarda uşaqları ilə görüşmək üçün şərait yaratmışdır. Tələbkar dəfələrlə uşağını gec gətirsə də, atası olduğuna görə heç bir söz deməmişdir. 31 dekabr 2023-cü il tarixdə tələbkar uşağı götürmüş və o, tələbkara uşağı 21.00-da təhvil verməyi, çünki yeni il şənliyinə bilet aldığını bildirmişdir. Buna baxmayaraq tələbkar uşağı görüş vaxtından bir saat gec, saat 22.00-da gətirmiş və uşağı Yeni İl tədbirində iştirak edə bilməmişdir. Buna görə də borclu 2 yanvar 2024-cü il tarixdə uşağı verməmişdir. Eyni zamanda icra vərəqində bayramda deyil, bayramın səhəri günü qeyd edilmişdir ki, 2 yanvar 2024-cü il tarixdə onun uşağı görüç üçün vermək kimi öhdəliyi olmamış, 3 yanvar 2024-cü il tarixdə uşağı verməli idi ki, həmin tarixdə də uşağı görüş üçün tələbkara vermişdir. Göstərilən halları nəzərə alaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, 2 yanvar 2024-cü il traixdə özünün ad günü olduğuna görə uşağı ilə görüşmək istəsə də, borclu uşağı verməmişdir. Bundan əvvəl də dəfələrlə uşağı ilə görüşmək istəmiş, lakin borclu imkan yaratmamışdır. Buna görə də o, ərizə ilə icra orqanına müraciət etmişdir. Borcu onun uşağına baxmır, hətta işgəncələr verir, bu halla bağlı da prokurorluğa müraciət etmişdir. 2- 3 dəfə uşaqla görüş zamanı uşağı icra vərəqində göstərilən vaxtdan gec təhvil vermişdir. Hesab edir ki, 2 yanvar 2024-cü il tarixdə borclu uşağı görüş üçün ona verməli idi, lakin verməmişdir. 3 yanvar 2024-cü il tarixdə isə uşağl ilə görüşsə də, bu ayın 2-i əvəz etmir. Göstərilənlərə əsasən, borclunun inzibati qaydada həbs edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və icra məmurunu dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-135/2022 saylı, 09 mart 2022-ci il tarixli icra sənədinin tələbinə əsasən iddiaçı Zərərçəkmiş şəxs xx.xx.2019-cu il təvəllüdlü azyaşlı uşağı X4 ilə hər həftənin bazar günü saat 09.00-da 21.00-dək eləcə də, uşağın ad günü, Yeni İl, Novruz, Qurban və Ramazan bayramlarının səhəri günü saat 10.00-dan 20.00-dək ünsiyyət hüququ verilsin. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən Yanvar ayının 1 və 2-ci Yeni il bayramı hesab olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2024-cü il üçün iş vaxtı norması və istehsalat təqviminin təsdiq edilməsi haqqında 15 dekabr 2023-cü il tarixli Qərarından görünür ki, 1 və 2 Yanvar Yeni il bayramı kimi iş günü hesab edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün onun dispozisiyasında nəzərdə tutulan icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin icra edilməməsi kimi əlamətlərin mövcud olması zəruridir. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqından materiallardan isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində belə bir əlamətlərin mövcud olması təsdiqini tapmamışdır. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-135/2022 saylı, 09 mart 2022-ci il tarixli icra sənədində Yeni il bayramının səhəri günü uşaqla ünsiyyət hüququnun təmin edilməsi göstərilmişdir. Yuxarıda şərh olunan Əmək Məcəlləsinin 105-ci maddəsi isə 1 və 2 yanvar tarixlərini Yeni il kimi müəyyən etmişdir. Burada məhkəmə xüsusilə vurğulamağı zəruri hesab edir ki, Əmək Məcəlləsinin 105-ci maddəsi digər bayramların tarixlərini hər il qabaqcadan müəyyən edilməsini nəzərdə tutduğu halda Yeni il bayramı günlərinin sabit olaraq dəyişməzliyi ilə özünü göstərməsi ilə fərqlənir. Hazırda tərtib edilərək məhkəmə baxışına göndərilmiş inzibati xəta haqqında protokoldan və eyni zamanda icra məmurunun, tələbkarın və borclunun izahatlarından ayıdın olur ki, hazırkı mübahisə borclunun 2 yanvar 2024-cü il tarixdə uşağı tələbkara görüş üçün verməməsinə görə yaranmışdır. Lakin icra sənədi üzrə borclunun icra sənəsini icra etmək öhdəliyi və vəzifəsi 3 yanvar 2024-cü il tarixdə yaranmışdır ki, tərəflərin izahatlarından da həmin vəzifənin borclu tərəfindən yerinə yetirildiyi aydın olur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində, yəni 2 yanvar 2024-cü il tarixdə uşağı tələbkara görüş üçün verməmək əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan da məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta hadisəsi mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə yuxarıda qeyd olunanlara və iş materiallarına əsasən belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 48-51, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-82/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-82/2024
19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver