Məhkəmə qərarları › İş №3(049)-825/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-825/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-825/2024 05.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2, protokol tərtib edən şəxs: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X7 Bölməsinin inspektoru polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx xxxxxx 2005-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, subay işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 10 iyul 2024-cü il tarixdə, saat 15:00 radələrində Lənkəran şəhəri, Şəhədlər Xiyabanı kəndində hərəkətdə olarkən idarə etdiyi “VAZ 21154 ” markalı **-BO-*** markalı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edərkən svtaforun qırmızı işiğın tələblərini pozaraq, həmin yolda hərəkətdə olan “Kia Rio” markalı **-CE-*** toqquşmuş və X1 məxsus avtomobilə maddi ziyan vuraraqla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən orqanın nümayəndəsi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X7 Bölməsinin inspektoru polis baş leytenantı X3 izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, atası Elşənin şəxsi Vaz 21154 markalı, **-BO- *** dövlət nömrə nişanlı avtomaşını vardır. Yaxın vaxtlarda babasının vəfatından sonra atası Elşən fikirli olduğu üçün avtomobil idarə etməməyə çalışır. Ona görə də 10 iyul 2024cü il tarixdə saat 15 radələrində atası, nənəsi Firəngiz və o Lənkəran şəhəri Səttarxan küçəsində yerləşən yas məclisindən çıxıb evə geri qayıtdıqları zaman atası Vaz 21154 markalı avtomobilini idarə etmək üçün ona həvalə etmişdir. Atası Elşən də avtomobildə qabaq oturacaqda onun yanında, nənəsi Firəngiz isə arxa oturacaqda əyləşmişdir. İdarə etdiyi Vaz 21154 markalı avtomobillə Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsi Lənkəran şəhəri Ləvəngi dairəsi istiqamətində hərəkət etdiyi zaman yola sağ tərəfdən kəsişməsinə çatdıqda həmin yerdə olan svetoforun qırmızı işığına baxmayaraq dayanmayıb hərəkətinə davam etmişdir. Bu zaman birləşən küçədən ağ rəngli avtomaşın yola daxil olub qarşılarına çıxmışdır. Həmin ağ rəngli avtomaşının yola çıxdığını gördükdə tormoz əyləcini sıxıb avtomasının saxlamağa, toqquşmanın qarşısını almağa çalışmışdır. Lakin hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomaşın təkərləri tormozlu vəziyyətdə qabağa doğru gedib qabaq sol tərəfi ağ rəngli avtomaşının sol tərəfi ilə toqquşmuşdur. Qəzadan sonra özü, atası Elşən və nənəsi Firəngiz avtomaşından düşüb digər ağ rəngli avtomaşına yaxınlaşıb, sürücünün vəziyyəti ilə maraqlanmışlar. O özünü pis hiss etdiyini deyib, avtomaşından düşməmişdir. Həmin avtomaşında sürücüdən başqa heç kim olmamışdır. Avtomaşında isə nənəsi Firəngiz xəsarət almışdır. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, polis əməkdaşlarının təklifi ilə hadisə yerində idarə etdiyi maşınla hərəkət etdiyi istiqaməti, baş vermiş toqquşma yerini təqdim etmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsə vurulmuş ziyan sığorta tərəfindən ödənilmişdir. Oxuyub bu yaxınlarda sürücülük vəsiqəsi alacaqdır. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, inzibati xəta haqqında protokoldan, cinayət işi başlanmasının rədd edilməsi barədə qərar, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 20 iyul 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan məlum olur ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən, İXM 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin Qərardan müəyyən olunur ki, baş vermiş avtoqəza nəticəsində “Kia Rio” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2728 manat ziyan dəymişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın verdiyi 633 nömrəli xx.xx.2024-cü il tarixli rəydə göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İXM-nin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 332.2-ci maddəsində göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə- yüz manat məbləğində cərimə edilir. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs sürücülük hüququ təsdiq edən sənəd yoxdur. Odur ki, hazırki iş üzrə Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İXM 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsi, əməlindən səmimi peşman olması, məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınırr. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını, əməlindən səmimi peşman olması, ailə və maddi vəziyyətini, habelə yaşını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar