Məhkəmə qərarları › İş №3(049)-831/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-831/2024

09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-831/2024 09.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X2, barəsində İnzibati xəta haqında iş üzrə icraat aparılan şəxs: X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin "İnzibati tənbeh vermə haqqında" 19 mart 2024-cu il tarixli,MN №0024779 nömrəli qərarı ilə Lənkəran rayonu, Nərimanabad bələdiyyəsinin sədri X3 vəzifəli şəxs qismində 3000 (üç min ) manat miqdarında cərimə edilmişdir. Lənkəran rayon Nərimanabad qəsəbəsi xx.xx.2024-cü il tarixi saat 16.30-da iri həcmli qeyri-qanuni yaranan zibilxananın ləğv edilməsi ilə bağlı protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixində G-MG/4023-143 saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN-№ ******* nömrəli qərar qəbul edilmiş, 30 gün müddət müəyyn edilmişdir. Lənkəran rayonu Nərimanabad qəsəbə bələdiyyəsinin xx.xx.2024-cü i tarixli məktubunda G- MG /4023-143 saylı icrası müddətli olan "Məcburi Göstəriş"-in tələbləri yerinə yetirilmişdir. "İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında" 19 mart 2024-cu il tarixli,MN №0024779 nömrəli qərarı aşağıda qeyd olunan səbəblərdən qanunsuz və əsassız hesab edilir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin "İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında" 19 mart 2024-cü il tarixli, MN № ******* nömrəli qərarı ilə Lənkəran rayonu Nərimanabad bələdiyyəsinin sədri X3 tərəfindən texnika göndərilərək icra edilmiş, işin görülməsi barədə 1-saylı ETSİ-nə 3 ədəd fotoşəkil və müvafiq olaraq məktub ünvanlanmışdır. Tullantıların idarə olunmasının yerli özünüidarə orqanları tərəfindən qanunvericiliyə uyğun təmin edilməsi "Tullantılar haqqında" Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində də öz əksini tapmışdır. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələblərindən aydın olur ki, yerli ekoloji proqramların məqsədi dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaxşılaşdırılması və abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edilə bilər. Bələdiyyələr dövlətin ekoloji proqramları ilə yerli ekoloji proqramların əlaqələndirilməsinə, müəyyən hallarda birgə tədbirlərin həyata keçirilməsinə yardım göstərirlər. Qanunvericiliyin qeyd edilən tələblərindən aydın olur ki, dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələləri ilə bağlı yerli ekoloji proqramlar bələdiyyələrin maliyyə imkanlarına uyğun olaraq nəzərdə tutula bilər, məişət tullantıllarının yığılması, nəql edilməsi, yerləşdirilməsi və zərərsizləşdirilməsinin həyata keçirilməsi bələdiyyələrin vəzifəsi deyil, hüququdur. Bildirilir ki, "şəhərlər və digər yaşayış məntəqələri ərazisinin təmizlənmə və yığışdırılma sistemi məişət tullantılarının (yaşayış sahələrinin ərazisində toplanmış təsərrüfat- məişət, həmçinin yaşayış və ictimai binaların, ticarət müəssisələrinin, ictimai iaşə və mədəni- məişət sahələrinin tullantılarının, küçə tullantılarının, süpürüntülərinin və digər məişət tullantılarının) məqsədyönlü yerləşdirilməsi) tezliklə kənar edilməsi, zərərsizləşdirilməsi və utilizə edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 74 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi barədə Qaydaları" ilə tənzimlənir. "Tullantıların idarə edilməsi sahəsində əlavə tədbirlər və "Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 2 iyul tarixli 1735 nömrəli Fərmanı ilə müəyyən edilən inzibati ərazi vahidlərində aidiyyəti qurumlar dedikdə həmin Fərman ilə müəyyən edilmiş səlahiyyətlərinə uyğun olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti, digər hallarda isə yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumları nəzərdə tutulur. Qeyd olunur ki, "Yerli icra hakimiyyətləri haqqında" Əsasnamənin 3.9-cu bəndinə əsasən istehsalat və məişət tullantılarının yığılması və daşınması işinin təşkil edilməsi, icazəsiz tullantı yerlərinin ləğv edilməsi üçün tədbirlərin görülməsi və tullantılarla davranma qaydaları barədə şəxslərin məlumatlandırılmasının təmin edilməsi yerli icra hakimiyyəti başçısının vəzifələri kimi göstərilmişdir. Hazırkı şikayətlə məhkəməyə müraciət etməyinin səbəbi "İnzibati tənbeh vermə haqqında" 19 mart 2024-cu il tarixli,MN №0024779 nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi ilə bağlıdır. Belə ki, həmin qərar tam olaraq əsassız və qanunsuzdur. Məhkəmə iclasında şikayət verən şəxs X3 izahatında şikayət ərizəsində göstərdiklərini təsdiq edib inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi gəlməmiş gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, idarə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məcburi göstərişin tələblərinin yerinə yetirilməməsinə görə X3 İXM-nin 541-ci maddəsinə əsasən 3000 manat şərti cərimə edilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26 fevarl 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, idarə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məcburi göstərişin tələblərinin yerinə yetirilməməsinə görə X3 İXM-nin 541-ci maddəsi ilə inzibati xətanı törətmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, 15 may 2019-cu il tarixli qəsəbə sakinlərinin iştirakı ilə bələdiyyənn ümümi yığıncağı keçirilmişdir. 06 may 2019-cu il tarixli 0049 saylı məktubunda qeyd edilən faktlar geniş müzakirə olunaraq profilaktik tədbirlərin görülməsi barədə tədbirlər müəyyə edilmiş sakinlərlərin marifləndirilməsi təmin edilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 23 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, 16 noyabr 2022-ci il tarixli 40/1244 saylı məktub və 16 noyabr 2022-ci il tarixli C-M6/4022-096 saylı məcburi göstəriş məktubu 23 noyabr 2022-ci il tarixində bələdiyyəyə daxil olmuşdur. Lənkəran rayon Nərimanabad qəsəbə bələdiyyəsi məlumat üçün bildirir ki, 20 noyabr 2022-ci il tarixində əraziyə texnika göndərilmiş və ərazi məişət tullantılarından təmizlənmişdir. Ərazi daimi nəzarətə götürülmüşdür. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran rayon Nərimanabad bələdiyyə iclasının xx.xx.2019-cu il tarixli 05 saylı protokolundan görünür ki, qəsəbədə yerləşən zibilliklərin təmizlənməsi məqsədilə Nərimanabad bələdiyyəsinin büdcə xərcindən 3700 manat vəsaitin ayrılması barədə qərar verilmişdir. Məhkəmə, şikayəti nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 mart 2024-cü il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə-fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X4 İXM-nin 541-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir ona görə ki, o, Lənkəran Rayon Nərimanabad qəsəbsə bələdiyyəsinin sədri kimi Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yerləşən irihəcmli məişət tullantılarının yığıldığı ərazini təmizlənməsini təşkil etməmiş və bu hal 07 mart 2024-cü il tarixli protokol tərtib edilərək məcburi göstəriş verilməsinə baxmayaraq aradan qaldırılmadığı üçün barəsində 19 mart 2024-cü il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarı qəbul edilmişdir. «Bələdiyyələrin statusu haqqında» Qanunun 19.1-ci maddəsinə əsasən bələdiyyənin sədri yeni seçilmiş bələdiyyənin birinci iclasında bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunur. Həminin Qanunun 18-ci maddəsinə əsasən bələdiyyənin icra orqanı onun icra aparatıdır. İcra aparatı bələdiyyənin sədrindən və onun bu Qanunla və bələdiyyənin nizamnaməsi ilə müəyyənləşdirilmiş qaydada formalaşdırdığı struktur bölmələrindən və bələdiyyənin nizamnaməsinə müvafiq surətdə yaradılan digər icra strukturlarından ibarətdir. Bələdiyyənin icra aparatının fəaliyyətinə bələdiyyənin sədri rəhbərlik edir. Yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərini bələdiyyə iclasının qərarına əsasən bələdiyyənin sədri təyin edir. «Bələdiyyə qulluğu haqqında» Qanunun 5-ci maddəsinə əsasən bələdiyyə sədri və bələdiyyənin icra aparatı struktur bölmələrinin rəhbərləri bələdiyyə qulluğu ilə bağlı təşkilati rəhbərliyi həyata keçirir və aşağıdakı vəzifələr daşıyırlar: bu Qanunun yerinə yetirilməsi üzərində nəzarət; əlavə təhsil sahəsində işin təşkil edilməsi; bələdiyyə qulluqçularının yerdəyişməsinə dair təkliflərin verilməsi; bələdiyyə tərəfindən qəbul edilmiş qərarların icra edilməsi. Yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərini bələdiyyənin qərarına əsasən, digər işçiləri isə bələdiyyənin müsabiqə komissiyasının qiymətləndirməsinin nəticəsinə uyğun olaraq bələdiyyənin sədri təyin edir. «Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında» 21 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 110.5-ci bəndində göstərilir ki, bələdiyyələr tərəfindən: bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması; əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlər həyata keçirilir. «Tullantılar haqqında» Qanunun 17-ci maddəsinin ikinci bəndinə əsasən tullantılarla bağlı fəaliyyətə ictimai nəzarətin məqsədi dövlət orqanları və bələdiyyələr, eləcə də hüquqi və fiziki şəxslər tərəfindən bu Qanunun tələblərinin yerinə yetirilməsini araşdırmaqdan ibarətdir. “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın 2-ci bəndinə əsasən müəyyən edilie ki: 2.1. “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsində, 6-cı maddəsinin üçüncü hissəsində, 7-ci maddəsinin dördüncü hissəsində, 12-2-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində, 14-1-ci maddəsinin dördüncü hissəsində və səkkizinci hissəsinin ikinci cümləsində, 14-2-ci maddəsinin birinci hissəsinin birinci abzasının birinci cümləsində və üçüncü hissəsində, 14-3-cü maddəsinin birinci və üçüncü hissələrində, 14-5-ci maddəsinin on beşinci hissəsində, 14-6-cı maddəsinin ikinci hissəsində, 14-7-ci maddəsinin birinci hissəsinin beşinci abzasında və doqquzuncu hissəsində, 14-8-ci maddəsinin yeddinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 2.1-1. həmin Qanunun 14-2-ci maddəsinin birinci hissəsinin birinci abzasının birinci cümləsində və 14-3-cü maddəsinin birinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; 2.1-2. həmin Qanunun 14-1-ci maddəsinin dördüncü hissəsində və səkkizinci hissəsinin ikinci cümləsində, 14-3-cü maddəsinin üçüncü hissəsində və 14-8-ci maddəsinin yeddinci hissəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir; 2.1-3. həmin Qanunun 8-ci maddəsinin birinci hissəsinin beşinci abzasında (birinci halda), 11-ci maddəsinin dördüncü hissəsində, 12-3-cü maddəsinin üçüncü hissəsində, 12-4-cü maddəsinin birinci hissəsində, 12-5-ci maddəsində, 13-cü maddəsinin birinci hissəsində, 14-cü maddəsinin üçüncü hissəsində, 19-cu və 20-ci maddələrinin birinci hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; 2.1-4. həmin Qanunun 12-2-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində “orqan” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; 2.2. həmin Qanunun 5-ci maddəsinin birinci hissəsində “orqan (qurum)” dedikdə, əsasnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. 2.3. həmin Qanunun 5-ci maddəsinin beşinci abzasında, 10-cu maddəsinin ikinci və altıncı hissələrində və 12-3-cü maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini, əsasnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirirlər; 2.4. həmin Qanunun 6-cı maddəsinin 3-cü hissəsində “orqan (qurum)” dedikdə, əsasnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur; 2.5. həmin Qanunun 7-ci maddəsinin birinci hissəsinin üçüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini, əsasnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər; 2.6. həmin Qanunun 8-ci maddəsinin birinci hissəsinin beşinci (ikinci halda) və yeddinci abzaslarında, 15-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir; 2.7. həmin Qanunun 11-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini, əsasnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər; 2.8. həmin Qanunun 11-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini, əsasnamələrinə və nizamnaməsinə uyğun olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər; 2.9. həmin Qanunun 6-cı maddəsinin ikinci hissəsində, 11-ci maddəsinin beşinci hissəsində və 23-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini, əsasnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər; 2.10. həmin Qanunun 12-4-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, əsasnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirirlər; 2.10-1. həmin Qanunun 14-7-ci maddəsinin birinci hissəsinin beşinci abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur; 2.11. həmin Qanunun 18-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirirlər; 2.12. həmin Qanunun 7-ci maddəsinin dördüncü hissəsində, 14-2-ci maddəsinin üçüncü hissəsində, 14-5-ci maddəsinin on beşinci hissəsində və 14-6-cı maddəsinin ikinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur. 2.13. həmin Qanunun 14-2-ci maddəsinin birinci hissəsinin birinci abzasının birinci cümləsində “nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator” dedikdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur. Göstərilən normalara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılması təmin edilməmiş, bələdiyyə sədri kimi X1 bələdiyyə ərazisində yığılmış tullantıları təmizləmək vəzifəsinin olub-olmaması, müsbət halda həmin vəzifənin həyata keçirilməsi yönündə gördüyü tədbirlər müəyyən edilməmişdir. İXM-nin134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəra qəbul edilir. İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, 19 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 mart 2024-cü il tarixli, MN 0024779saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar