Məhkəmə qərarları › İş №3(049)-840/2022

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-840/2022

12.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-840/2022 12.09.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 18.55 Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X8, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndələri: Lənkəran Rayon Polis Şöbəsinin xidmət üzrə müavini polis polkovnik leytenantı X6, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin polis sahə rəisi X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosuda fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx)+ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 11 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün inzibati təhbeh tədbiri tətbiq olunması üçün material məhkəməyə göndərilmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 11 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs 11 sentyabr 2022-ci il tarixdə, saat 19.30 radələrində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin inzibati binasınn qarşısında, Lənkəran şəhəri, T.İsmayılov küçəsində ictimai yerdə ucadan ünvansız nalayiq ifadələr işlətməklə polisin qanuni tələblərinin qəsdən tabe olmamışdır. Bununla da, Şəxs tərəfindən İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X9 göstərdi ki, Lənkəran Rayon Polis Şöbəsinin polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 11 sentyabr 2022-ci il tarixdə, saat 19.30 radələrində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin inzibati binasınn qarşısında, Lənkəran şəhəri, T.İsmayılov küçəsində ictimai yerdə ucadan ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş, polis əməkdaşlarını onu nizam-intizama dəvət etmələrinə baxmayaraq o, polis əməkdaşlarına məhəl qoymadan hərəkətlərinə davam edərək qəsdən polisin qanuni tələblərinə tabe olmamışdır. Qeyd edilənlər nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərdi ki, Lənkəran rayonu, Aşağı Nüvədi kəndində doğulmuş, lakin hazırda Bakı şəhərində yaşayır. Fərdi olaraq avtomobil təkərlərı alıb satmaqla məğuldur. İşi ilə əlaqədar bir neçə rayonlarda olur. İbadətlə məşğul olduğu üçün olduğu rayonlarda məscidlərdə namaz qılmışdır. Bir neçə dəfə də öz kəndində olan məsciddə namaz qılmışdır. 11 sentyabr 2022-ci il tarixdə, günorta saatlarında Lənkəran rayonu, Aşağı Nüvədi kəndində yerləşən məsciddə namaz qılmağa girmək istəyərkən kənd sakinləri onu məscidə buraxmamış, onun sünni namazı qıldığını və buna görə həmin məsciddə namaz qıla bilməyəcəyini demişlər. O, bundan əsəbləşib 102 xidmətinə zəng edib məscidə buraxılmadığını bildirmiş və onu polis şöbəsinə dəvət etmişlər. O, digər iki qardaşı ilə birlikdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin qarşsına gəldikdə mübahisə etdiyi kənd sakininlərinin də həmin ərazidə olduğunu görmüş, həmin vaxt aralarında mübahisə yaranmış və həmin şəxlərin ünvanına söyüşlər işlətmişdir. Bu zaman ona polis əməkdaşları yaxınlaşaraq sakit olmağa və polis şöbəsinə dəvət etmişlər, o, polis əməkdaşlarına əvvəlcə şöbəyə getməyəcəyini demiş, daha sonra isə içəri getmişdir. Hazırda törətdiyi əməldən çox peşmandır, himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alıb barəsində yüngül inzibati tənbeh tədbirinin görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X7 izahatında göstərdi ki, Lənkəran Şəhər Rayon X21 Patrul Xidmətinin komandiri vəzifəsində xidmət edir. 11 sentyabr 2022-ci il tarixdə, saat 19.30 radələrində xidmətdə olarkən polis leytenantı, tağım komandiri Səbuhi Hacıyev ona polis şöbəsinin qarşısında üç dörd nəfər şəxsin ucadan nalayiq ifadələr işlətdiyini bildirmişdir. O, dərhal hadisə yerinə gəlmiş və 3-4 nəfər şəxsin ucadan ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozduğunu görüb özünü həmin şəxslərə təqdim edib onları nizam-intizama dəvət etmiş, lakin həmin şəxslər polis əməkdaşlarına məhəl qoymadan hərəkətlərinə davam etmiş, bir neçə dəfə həmin şəxsləri asayişi pozmamağa dəvət edib polis şöbəsinə dəvət etsə də, bu nəticə verməmiş daha sonra həmin şəxslər polis şöbəsinə gəitirlmiş və inzibati qaydada tutulmuşdur. Sonradan müəyyən olunmuşdur ki, həmin şəxslər Lənkəran rayon, Aşağı Nüvədi kənd sakinləri Əhmədov Saiq, Əhməd Sayıq və X13r. Məhkəmə iclasında iştirak edən şahid X14 izahatında göstərdi ki, Lənkəran Şəhər Rayon X21 Patrul Xidmətinin kiçik serjantı vəzifəsində xidmət edir. 11 sentyabr 2022-ci il tarixdə, saat 19.30 radələrində xidmətdə olarkən polis leytenantı, tağım komandiri Səbuhi Hacıyev onun komandiri Seyran Hüseynzadəyə polis şöbəsinin qarşısında üç dörd nəfər şəxsin ucadan nalayiq ifadələr işlətdiyini bildirmişdir. O, komandiri Seyran Hüseynzadə və digər xidmət yoldası Fərid Novruzzadə və Allahşükür Abbaszadə ilə birlikdə dərhal hadisə yerinə gəlmiş və 3-4 nəfər şəxsin ucadan ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozduğunu görüb özlərini həmin şəxslərə təqdim edib onları nizam-intizama dəvət etmiş, lakin həmin şəxslər onlara məhəl qoymadan hərəkətlərinə davam etmiş, bir neçə dəfə həmin şəxsləri asayişi pozmamağa dəvət edib polis şöbəsinə dəvət etsələr də, bu nəticə verməmiş daha sonra həmin şəxslər polis şöbəsinə gəitirlmiş və inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X2 izahatında göstərdi ki, Lənkəran Şəhər Rayon X21 Patrul Xidmətinin serjant vəzifəsində xidmət edir. 11 sentyabr 2022-ci il tarixdə, saat 19.30 radələrində xidmətdə olarkən polis leytenantı, tağım komandiri Səbuhi Hacıyev onun komandiri Seyran Hüseynzadəyə polis şöbəsinin qarşısında üç dörd nəfər şəxsin ucadan nalayiq ifadələr işlətdiyini bildirmişdir. O, komandiri Seyran Hüseynzadə və digər xidmət yoldası Fərid Novruzzadə və Ramin Babayev ilə birlikdə dərhal hadisə yerinə gəlmiş və 3-4 nəfər şəxsin ucadan ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozduğunu görüb özlərini həmin şəxslərə təqdim edib onları nizam-intizama dəvət etmiş, lakin həmin şəxslər polis əməkdaşlarına məhəl qoymadan hərəkətlərinə davam etmiş, bir neçə dəfə həmin şəxsləri asayişi pozmamağa dəvət edib polis şöbəsinə dəvət etsələr də, bu nəticə verməmiş daha sonra həmin şəxslər polis şöbəsinə gəitirlmiş və inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X3 izahatında göstərdi ki, Lənkəran Şəhər Rayon X21 Patrul Xidmətinin polis nəfəri vəzifəsində xidmət edir. 11 sentyabr 2022-ci il tarixdə, saat 19.30 radələrində xidmətdə olarkən polis leytenantı, tağım komandiri Səbuhi Hacıyev onun komandiri Seyran Hüseynzadəyə polis şöbəsinin qarşısında üç dörd nəfər şəxsin ucadan nalayiq ifadələr işlətdiyini bildirmişdir. O, komandiri Seyran Hüseynzadə və digər xidmət yoldası Ramin Babayev və Allahşükür Abbaszadə ilə birlikdə dərhal hadisə yerinə gəlmiş və 3-4 nəfər şəxsin ucadan ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozduğunu görüb özlərini həmin şəxslərə təqdim edib onları nizam-intizama dəvət etmiş, lakin həmin şəxslər polis əməkdaşlarına məhəl qoymadan hərəkətlərinə davam etmiş, bir neçə dəfə həmin şəxsləri asayişi pozmamağa dəvət edib polis şöbəsinə dəvət etsələr də, bu nəticə verməmiş daha sonra həmin şəxslər polis şöbəsinə gəitirlmiş və inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X11 izahatında göstərdi ki, Lənkəran Şəhər Rayon X21 Patrul Xidmətinda tağım komandiri vəzifəsində xidmət edir. 11 sentyabr 2022ci il tarixdə, saat 19.30 radələrində xidmətdə olarkən polis şöbəsinin qarşısında üç dörd nəfər şəxsin ucadan nalayiq ifadələr işlətdiyini eşidib həmin yerə getmiş və bu barədə komandiri Seyran Hüseynzadə və digər xidmət yoldaşlarına məlumat vermişdir. Hadisə yerində 3-4 nəfər şəxsin ucadan ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozduğunu görüb özlərini həmin şəxslərə təqdim edib onları nizam-intizama dəvət etmiş, lakin həmin şəxslər polis əməkdaşlarına məhəl qoymadan hərəkətlərinə davam etmiş, bir neçə dəfə həmin şəxsləri asayişi pozmamağa dəvət edib polis şöbəsinə dəvət etsələr də, bu nəticə verməmiş daha sonra həmin şəxslər polis şöbəsinə gəitirlmiş və inzibati qaydada tutulmuşdur. Sonradan müəyyən olunmuşdur ki, həmin şəxslər Lənkəran rayon, Aşağı Nüvədi kənd sakinləri Əhmədov Saiq, Əhməd Sayıq və X13r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Şəhər Rayon X21 Patrul Xidmətinin komandiri X4 Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanladığı 11 sentyabr 2022-ci il tarixli raportdan görünür ki, 11 sentyabr 2022-ci il tarixdə, saat 19.30 radələrində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında, Lənkəran şəhəri, T.İsmayılov küçəsində ictimai yerdə ucadan ünvansız nalayiq ifadələr işlətməklə polisin qanuni tələblərinin qəsdən tabe olmayan 3-4 nəfər şəxs müəyyən edilmiş və həmin üç nəfər şəxs inzibati qaydada tutulmuş, həmin şəxlərin Lənkəran rayon, Aşağı Nüvədi kənd sakinləri Əhmədov Saiq, Əhməd Sayıq və X17 olduğu müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 11 sentyabr 2022-ci il tarixdə, saat 20.30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 12 sentyabr 2022-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, Şəxs heç bir növ pensiya və müavinət almır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, .......cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi (köhnə redaksiyada) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 11 sentyabr 2022-ci il tarixdə, saat 19.30 radələrində ictimai yer hesab olunan Lənkəran rayonu, T.İsmayılov küçəsində, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin qarşısında ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr, həmçinin ünvansız söyüşlər işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Həmin hal polis əməkdaşlarının izahatları ilə tam təsdiq olunmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində həmçinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-nin 32-ci maddəsinə əsasən Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edir. İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-nin 3, 4, 6.1, 9.1, 12.1 və 21-ci maddələrinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, işin faktiki hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, törədilən inzibati xətalara görə şəxsin daha ciddi xəta ilə bağlı sanksiya çərçivəsində tənbeh edilməli olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində İXMin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə, iş üzrə tədqiq edilmiş tutma protokoluna əsasən Şəxs həbsdə saxlama müddətinin əvvəlinin inizbati qaydada tutulduğu vaxtdan, yəni 11 sentyabr 2022-ci il tarixdən, saat 20.30-dan hesablanmasını qanuni və əsaslı hesab edir. Məhkəmə, bu qənaətə gələrkən “İnsan hüquqları və Azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 3.5-ci bəndlərini rəhbər tutmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 31.4, 34.3, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli 11 sentyabr 2022-ci tarixdən, saat 20.30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar