Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-841/2025 16.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi və və mübahisələndirilən inzibati tənbehvermə haqqında qərarı qəbul etmiş şəxs Lənkəran Şəhər Rayon X13 Patrul Xidmətinin inspektoru, polis baş serjantı X3 iştirakı ilə Lənkəran Şəhər Rayon X13 Patrul Xidmətinin inspektoru, polis baş serjantı X6 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərardan X7 tərəfindən verilmiş şikayətə baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Lənkəran Şəhər Rayon X13 Patrul Xidmətinin inspektoru, polis baş serjantı X6 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarla X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələri ilə təqsirli bilinərək 100 (yüz) manat cərimə edilmişdir. Qərarda və ona əlavə edilmiş İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda X4 xx.xx.2025-ci il tarixdə saat 12:01-də, Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsində idarə etdiyi Fiat Doblo minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması ilə yol hərəkəti qaydalarını pozaraq inzibati xəta törətdiyi qeyd edilmişdir. X7 həmin qərardan məhkəməyə şikayət vemişdir. Ərizəçi şikayətdə TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərar tamamilə əsassız, qanunsuzdur və onun əməlində inzibati xəta tərkibi mövcud deyildir. Belə ki, o, xx.xx.2025-ci il tarixdə saat 12:01-də Lənkəran rayonu, Kərgəlan kəndi ərazisində olmuş və avtomobili də həmin ərazidə idarə etmişdir. xx.xx.2025-ci il tarixdə saat 11:57-də Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən "xxxx" MMC-nə məxsus aptekdə olmuşdur (çeklər əlavə olunur). Həmin vaxt Qərarda inzibati xəta hadisəsinin baş verdiyi yer Lənkəran şəhəri, X9, 172 ərazi göstərilsə də həmin vaxt o, idarə etdiyi avtomobillə qeyd olunan ərazidə olmamışdır. Aptekdən çıxdıqdan sonra Lənkəran rayonu, Şağlakücə kəndi istiqamətində avtomobili idarə edərkən adını sonradan bildiyi YPX-nin əməkdaşı Elmar adlı şəxs onu saxlamış, yol hərəkəti qaydalarını pozmağını bildirmişdir. Hansı qaydaları harda? nə vaxt? Necə hansı əməllə pozmağı ilə bağlı ona sual vermişdir. YPX-nin əməkdaşı isə yol vərəqəsinin təqdim edilməsini və bundan sonra inzibati xəta barədə məlumat verəcəyini bildirmişdir. Yol vərəqəsinə baxdıqdan sonra ona qaytarmış və hansı qaydaları pozmağı barədə məlumat verməmişdir. Eyni zamanda həmin vaxt ona İXM-nin hansı maddəsi üzrə inzibati xəta törətdiyini, həmçinin inzibati xəta haqqında protokolun tərtib edilməsi və inzibati tənbeh vermə haqqında qərarın qəbul edəcəyi barədə hər hansı məlumat verməmişdir. O, isə E-polis tətbiqinə baxdıqda bilmişdir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və xx.xx.2025-ci il tarixdə Lənkəran ŞRPŞ-nin YPX-nə yaxınlaşıb qərarı əldə etmişdir. Qərarda qeyd edilən inzibati xəta ilə razılaşmadığım üçün narazılığını bildirmiş, ona qayda pozuntusu ilə bağlı sübut, görüntü təqdim edilməsini xahiş etmişdir. Buna baxmayaraq inzibati xəta hadisəsi ilə bağlı hər hansı sübut təqdim edilmədən İnzibati tənbeh vermə haqqında qərar ona təqdim olunmuş, qərar ilə razı olmadığını bildirmiş və adını bilmədiyi Lənkəran ŞRPŞ-nin YPX-nin əməkdaşı ona məhkəməyə şikayət ilə müraciət etməyini bildirmişdir. İnzibati xətanın törədilməsinə dair foto, video materiallar ona təqdim edilməmiş və İXP7610191 saylı, xx.xx.2025-ci il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsinə baxmayaraq, həmin inzibati xətaya dair sübut, foto, video materiallar qərara əlavə edilməmişdir. Bundan başqa, inzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 12:01-də Lənkəran şəhəri, X9, 172 ərazidə FİAT DOBLO MİNİK MARKALİ, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur və buna görə də barəsində İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair İXP7610191 saylı protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Əvvəla bildirmək istəyir ki, xx.xx.2025-ci il tarixdə saat 12:01-də Lənkəran rayonu Kərgəlan kəndi ərazisində olmuş və avtomobili də həmin ərazidə idarə etmişdir. Həmçinin, İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Çünki FİAT DOBLO MİNİK MARKALİ, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən heç bir yolda əks İstiqamətli hərəkət zolağına çıxmamışdır, çıxmadığı halda ötmə qaydaların pozulması necə baş verə bilər. Xüsusilə vurğulamaq istəyir ki, İXM-nin 327.2-cı maddəsınır dispozisiyasında göstərilmiş “əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozma inzibati xətanın yaranması üçün şəxs avtomobili idarə edərkən birmənalı olaraq əks istiqaməti yola çıxdığı və Yol hərəkəti haqqında Qanunun tələblərinə əməl etmədiyi halda yaranacaqdır Yəni, İXM-nin 327.2-Cİ maddəsində nəzərdə tutulmuş inzibati xətanın yaranması üçün hər ikisi eyn vaxtda baş verməlidir. Lakin, o, avtomobili idarə edərkən əks istiqamətli yola çıxmamışdır və çıxmadığım halda “Yol hərəkəti haqqında Qanunun”da göstərilmiş ötmə qaydalarının pozulmas halının mövcudluğu qeyri-mümkündür. Bütün bu göstərdiyi xüsusatlar onun qərarda göstərilmiş inzibati xətanın baş verdiyi vaxt Lənkəran rayonu, Kərgəlan kəndi ərazisində olduğunu təsdiq edir, eyni zamanda həmin ərazidə FİAT DOBLO MİNİK MARKALİ, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmamışdır. Belə olan təqdirdə ötmə qaydalarınır pozulmasının olmadığı öz təsdiq tapır. Göründüyü kimi, səlahiyyətli vəzifəli şəxs inzibati tənbet vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla onun hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Ona görə də yuxarıda sadalanan hallar ilə bağl məhkəməyə müraciət etmək məcburiyyətindədir. İş üzrə keçirilmiş xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən ərizəçi X7 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, barəsində tərtib edilən inzibati tənbehvermə haqqında qərar tamamilə əsassızdır. Ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Lənkəran Şəhər Rayon X13 Patrul Xidmətinin inspektoru, polis baş serjantı X6 şikayəti qəbul etməyərək, izahatında bildirdi ki, 22 noyabr 2025-ci il tarixdə saat 12 radələrində Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsində xidmətdə olarkən həmin küçədə hərəkətdə olan Fiat Doblo minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomaşının əks hərəkət istiqamətinə çıxaraq ötmə qaydalarını pozduğunu vizual olaraq müşahidə etmişdir. O, bu səbəbdən həmin nəqliyyat vasitəsini saxlamışdır. Sürücü özünü təqdim etdikdən sonra qayda pozuntusu barədə ona məlumat vermişdir. X1 şifahi izahatında bildirmişdir ki, dərman alaraq xəstəxanaya tələsdiyi üçün ötmə əməliyyatını həyata keçirmişdir. Qeyd edilən inzibati xətaya dair qayda pozuntusunun videoyazısı və səs yazısı YPX-nin xidməti avtomobilində quraşdırılmış video qeydiyyatçı tərəfindən qeydə alınmışdır və həmin görüntünü sübut kimi məhkəməyə təqdim edir. Həmin video görüntüdə X4 22 noyabr 2025-ci il tarixdə saat 12 radələrində Fiat Doblo minik markalı, **- PE-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən qayda pozuntusu etdiyi aşkar görünür. X5 inzibati xətanı törətdiyi tam sübuta yetirilmişdir və onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bu səbəbdən də şikayət tamamilə əsassızdır və təmin edilməməsini məhkəmədən xahiş etdi. Lənkəran Şəhər Rayon X13 Patrul Xidmətinin inspektoru, polis baş serjantı X6 tərəfindən məhkəməyə təqdim edilən CD diskdə olan video görüntüyə məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilən zaman müəyyən edildi ki, həmin video çəkiliş YPX-nin xidməti patrul avtomaşınında quraşdırılmış video qeydiyyatçı tərəfindən qeydə alınmışdır. Görüntü 22 noyabr 2025-ci il tarixdə saat 11:59 radələrində qeydə alınmışdır. Görüntüdə olan yolda iki tərəfli hərəkət istiqaməti vardır və hərəkət istiqamətləri arasında düz xətt mövcuddur. Hərəkətdə olan Fiat Doblo minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomaşın həmin yolda hərəkətdə olmaqla, hərəkət istiqamətində olan zolaqdan əks hərəkət istiqamətinə çıxaraq ötmə əməliyyatını həyata keçirir və ötmə əməliyyatını icra etdikdən sonra öz hərəkət zolağına qayıdır. YPX inspektoru Fiat Doblo minik markalı, **- PE-*** dövlət qeydiyyat nişanlı avtomaşını saxlayır, həmin avtomaşına yaxınlaşaraq, özünü təqdim edir və sürücüyə özünü təqdim etməsini bildirir. Sürücü özünü Əlizadə Şahverən adı ilə təqdim edir. YPX inspektoru sürücüyə yol hərəkət qaydasını pozduğu barədə məlumat verir və bu barədə inzibati xəta haqqında protokol tərtib ediləcəyini bildirir. Video görüntüdə həmçinin müşahidə olunur ki, Fiat Doblo minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomaşının ötüb keçdiyi VAZ-2106 markalı, göy rəngli, üzərində sarı rəngli “taksi” işarəsi olan avtomaşın həmin vaxt hərəkətdə olmuşdur və Fiat markalı avtomaşın ötməni bitirdirib öz hərəkət zolağına qayıtdıqdan sonra da VAZ-2106 markalı avtomaşın onun arxasınca hərəkət edir. Məhkəmə proses iştirakçılarının izahatını, şikayəti, video çəkilişi və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsinə əsasən, Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı: 2) nəqliyyat vasitəsini idarə edən şəxslərdən aşağıdakı hallarda nəqliyyat vasitəsini dayandırmağı tələb edir: nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda, habelə nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radio-cihaz vasitəsilə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşından məlumat daxil olduqda. Həmin qanunun 1-ci maddəsinin 39-cu bəndinə əsasən, 39) ötmə - hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir. Həmin qanunun 49-cu maddəsinə əsasən, nNəqliyyat vasitələrinin sürücüləri intensiv hərəkət vaxtı yalnız sola və ya sağa dönmək, ötməyə hazırlaşmaq, hərəkəti düzünə istiqamətdə davam etdirmək, dayanacağa və ya duracağa çıxmaq üçün olduqları hərəkət zolağını qaydalara əməl etməklə dəyişə bilərlər. Həmin qanunun 69-cu maddəsinin 1-ci bəndin əsasən, 1.1 — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir; 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır; 5-ci bəndinə əsasən, 1.11 xəttini qırıq xətt tərəfdən, habelə yalnız ötməni və ya yandan keçməni başa çatdırdıqdan sonra bütöv xətt tərəfdən kəsib keçməyə icazə verilir. “Yol patrul xidməti haqqında” Təlimatın 7.16 maddəsinə əsasən, Patrul postunda (marşrutunda) xidmət apararkən YPX inspektoru avtomobil yollarının şərait və vəziyyətinə, texniki tənzimləmə vasitələrinin (svetoforlar, yol nişanları və s.) saz vəziyyətdə olmasına, eləcə də yolun hərəkət hissəsində işlərin həyata keçirilməsinə nəzarət edir. Svetofor obyektlərinin, digər texniki tənzimləmə vasitələrinin işinin effektivliyinin müəyyən edilməsi məqsədi ilə nəqliyyat axınlarına vizual müşahidəni həyata keçirir və yol hərəkəti qaydalarının pozulma səbəblərini müəyyən edir, sutkanın vaxtından asılı olaraq ərazidə yol hərəkətinin təşkilinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 32-ci maddəsinə əsasən İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallardan biri də inzibati xətanın zəruri müdafiənin və ya son zərurətin bu Məcəllə ilə müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsidir. Həmin məcəllənin 19-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur.Baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə, habelə həmin təhlükənin aradan qaldırılması şəraitinə aşkar surətdə uyğun olmayan zərər vurulması və vurulmuş zərərin qarşısı alınmış zərərə bərabər və ya ondan artıq olması son zərurət həddini aşma sayılır. Son zərurət həddini bu qaydada aşma yalnız qəsdən zərər vurulduqda inzibati məsuliyyətə səbəb olur. Həmin məcəllənin 327.2-ci maddəsinə əsasən, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan müəyyən edilr ki, Yol patrul xidmətinin əməkdaşına yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydalarının pozulduğunu vizual şəkildə aşkar etdikdə nəqliyyat vasitəsini idarə edən şəxsdən nəqliyyat vasitəsini dayandırmaq səlahiyyəti verilmişdir. İşin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 11:59 radələrində iki tərəfli hərəkət istiqaməti olan və üfüqi bütöv nişanlanma xətti (1.1 xətti) ilə işarələnmiş, yəni ötmənin qadağan edildiyi yolda X2 Doblo minik markalı, **-PE- *** dövlət qeydiyyat nişanlı avtomaşınla əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatını həyata keçirmiş və bununla da ötmə qaydalarına dair yol hərəkət qaydasını pozmaqla inzibati xəta törətmişdir. Bütün qeyd olunanları nəzərə və işdə olan sübutları araşdıraraq, məhkəmə belə hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati orqan tərəfindən tam sübuta yetirilmişdir və onun şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Lənkəran Şəhər Rayon X13 Patrul Xidmətinin inspektoru, polis baş serjantı X6 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərardan X7 tərəfindən verilmiş şikatət təmin edilməsin. Qərardan 10 (on) gün muddətinə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-841/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-841/2025
16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver