Məhkəmə qərarları › İş №3(049)-842/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-842/2025

24.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-842/2025 24.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi və vəkili Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Qazaxıstan Respublikasının vətəndaşı, evli, fərdi sahibkar, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN:xxxxxxx) Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsinin e-16(113)-683/2025 nömrəli, 06 avqust 2025-ci il tarixli qərardadının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə 24 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. 24 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, Şəxs il ərzində təkrarən Bakı Kommersiya Məhkəməsinin e-16(113)- 683/2025 nömrəli, 06 avqust 2025-ci il tarixli icra sənədinin icrasından yayınmış, qərardadda göstərilən tələbə riayət etməmişdir. Məhkəmə iclasında Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-16(113)-683/2025 nömrəli, 06 avqust 2025-ci il tarixli icra vərəqəsinə əsasən Lənkəran rayonunun Gərmətük qəsəbəsində 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan qeyri-yaşayış binası əmlak kompleksi (ona daxil olan qeyri-yaşayış sahələri, o cümlədən “Əzizə” şadlıq sarayı), həmçinin həmin əmlak kompleksində olan daşınar əşyalarla bağlı Zərərçəkmiş şəxs ilə yazılı razılaşdırılmadan hər hansı əqd (icarə müqaviləsi və s.) bağlanılması cavabdeh Şəxs qadağan edilmişdir. Həmin icra sənədi üzrə xx.xx.2025-ci il tarixli qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş borclu Şəxs təqdim edilmişdir. Eyni zamanda borcluya Şəxs hüquq və vəzifələri izah edilmişdir. Lakin borcu icra sənədində göstərilən tələbi üzrsüz səbəbdən icra etməmişdir. Belə ki, Şəxs özü tərəfindən də təqdim edilmiş siyahıdan görünür ki, 01 oktyabr 2025-ci il tarixdən sonra da dəfələrlə sözügedən qeyri yaşayış obyektində toy mərasimi keçirilmişdir, lakin bu barədə borclu Şəxsla tələbkar Zərərçəkmiş şəxs arasında heç bir yazılı razılıq əldə edilməmişdir. Belə ki, Şəxs eyni icra sənədi üzrə təlbi il ərzində yenidən pozmuşdur. Tərəflər icra sənədinin icrası ilə əlaqədar icra qurumuna dəvət edilmiş, lakin onların arasında heç bir razılaşma əldə edilməmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində tərəfindən 24 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Vüsal Qasımov çıxışında protokolu müdafiə etdiyini bildirib məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, Qazaxıstan Respublikasının vətəndaşı olmaqla Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq icazəsi əsasında yaşayır və vergi uçotunda qeydiyyatda olan fərdi sahibkardır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. Bakı Kommersiya Məhkəməsinin e-16(113)-683/2025 nömrəli, 06 avqust 2025-ci il tarixli icra vərəqəsindən və həmin icra sənədi üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsində başlanmış icraatdan məlumatı vardır. 01 oktyabr 2025-ci il tarixdə Lənkəran rayon Məhkəməsinin qərarı ilə AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 1.500 manat cərimə edilmişdir. Həmin tarixdən sonra qardaşı olan tələbkar Zərərçəkmiş şəxs dəfələrlə poçt vasitəsilə bildiriş göndərərək, ondan xahiş etmişdir ki, onunla görüşə gəlsin və “Əzizə” şadlıq sarayını işlətmək barədə onunla razılıq əldə etsin. Elman Novruzov isə onunla görüşə gəlməmiş, nəhayət görüşdükləri zaman isə aralarında həmin qeyri yaşayış obyektini işlətmələri barədə aralarında razılığa gələ bilməmişlər. Həmin şadlıq sarayının müəyyən zəruri xərcləri vardır və həmin xərcləri ödəmək və pul qazanmaq üçün şadlıq sarayını işlətməyə məcburdur. Buna görə də 01 oktyabr 2025-ci il tarixdən sonra da müəyyən sayda toy sifarişləri qəbul etmiş, həmin sifarişlərin ödənişini qəbul etmiş, bu barədə icra məmuruna toy sifarişlərinin siyahısını vermiş və həmin siyahıda qeyd edilən bir neçə toy istisna olmaqla digərləri həmin şadlıq sarayında keçirilmişdir. Elman Novruzovun onunla razılığa gəməməsində məqsədi həmin şadlıq sarayının işlədilməsinə onun pul qazanmasına əngəl yaratmasıdır. İzahatının sonunda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilmədiyini, buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs onun doğma qardaşıdır. Onunla qardaşı arasında “Əzizə” şadlıq sarayı və həmin obyektin bağlı olduğu əmlak kompleksinə dair uzun müddətdir ki, məhkəmə çəkişmələri davam edir. Onun ərizəsinə əsasən müdəqqəti təminat tədbiri qismində Bakı Kommersiya Məhkəməsinin e-16(113)- 683/2025 nömrəli, 06 avqust 2025-ci il tarixli qərardadına əsasən Lənkəran rayonunun Gərmətük qəsəbəsində 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan qeyri-yaşayış binası əmlak kompleksi (ona daxil olan qeyri-yaşayış sahələri, o cümlədən “Əzizə” şadlıq sarayı), həmçinin həmin əmlak kompleksində olan daşınar əşyalarla bağlı onunla yazılı razılaşdırılmadan hər hansı əqdin (icarə müqaviləsi və s.) bağlanılması cavabdeh Şəxs qadağan edilmişdir. Lakin Şəxs məhkəmə qərarına məhəl qoymur. Onda olan məlumata görə məhkəmənin müvafiq icra sənədindən sonra oktyabr-noyabr ayları ərzində “Əzizə” şadlıq sarayında dəfələrlə toy şənliyi keçirilmiş, lakin həmin toy məclisləri ilə bağlı Şəxs onunla heç bir yazılı razılaşma əldə etməmişdir. O, icra sənədi ilə bağlı Şəxsla danışmaq üçün “Əzizə” şadlıq evinə getmiş, lakin Şəxsla aralarında heç bir razılıq əldə edilməmişdir. Onun yazılı razılığı olmadan sözügedən əmlak kompleksində toy şənliklərinin keçirildiyi zaman fotoşəkillər də çəkmişdir və onları sübut kimi məhkəməyə təqdim edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatın sonunda Şəxs şikayətçi olduğunu bildirib onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutumiş ən ağır cəzanın tətbiq edilməsini xahiş etdilər. İş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: Bakı Kommersiya Məhkəməsinin e-16(113)-683/2025 nömrəli, 06 avqust 2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Lənkəran rayonunun Gərmətük qəsəbəsində 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan qeyri-yaşayış binası əmlak kompleksi (ona daxil olan qeyri-yaşayış sahələri, o cümlədən “Əzizə” şadlıq sarayı), həmçinin həmin əmlak kompleksində olan daşınar əşyalarla bağlı Zərərçəkmiş şəxs ilə yazılı razılaşdırılmadan hər hansı əqd (icarə müqaviləsi və s.) bağlanılması cavabdeh Şəxs qadağan edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-16(113)-683/2025 nömrəli, 06 avqust 2025-ci il tarixli icra vərəqəsi üzrə həmin tarixdə icraata başlanılmışdır. xx.xx.2025-ci il tarixli, e128258/2025-25-7 №-li tələbin könüllü icrası barədə bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ondan tələbin könüllü 10 gün müddətində icra etməsi xahiş edilmiş və ona icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. ****** №-li, xx.xx.2024-cü il tarixli müvəqqəti yaşamaq icazəsindən görünür ki, həmin icazə xx.xx.1977-ci il təvəllüdlü Şəxs verilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş ********** nömrəli VÖEN-dən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə vergi uçotuna alınmışdır. Lənkəran Rayon Məhkəməsinin 3(049)-695/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin qərarla barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs Şəxs Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 tərəfindən onun barəsində tərtib edilmiş 25 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1200 (bir min iki yüz) manat məbləğində inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İcra məmurunun həmin protokolu Bakı Kommersiya Məhkəməsinin e-16(113)- 683/2025 nömrəli, 06 avqust 2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqadar tərtib edilmişdir. Məhkəmə icra məmurunu və tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs tərəfindən ona istinad edilən inzibati xətanın törədilməsi özü tərəfindən etiraf edilməsə də, zərər çəkmiş şəxsin izahatı, icra məmurunun məlumatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Belə ki, Bakı Kommersiya Məhkəməsinin e-16(113)-683/2025 nömrəli, 06 avqust 2025-ci il tarixli icra vərəqəsinə əsasən Lənkəran rayonunun Gərmətük qəsəbəsində 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan qeyri-yaşayış binası əmlak kompleksi (ona daxil olan qeyri-yaşayış sahələri, o cümlədən “Əzizə” şadlıq sarayı), həmçinin həmin əmlak kompleksində olan daşınar əşyalarla bağlı Zərərçəkmiş şəxs ilə yazılı razılaşdırılmadan hər hansı əqd (icarə müqaviləsi və s.) bağlanılması cavabdeh Şəxs qadağan edilmişdir. İcra məmuru tərəfindən məhkəməyə təqdim edilən siyahıdan, zərər çəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən fotoşəkillərdən və barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs Şəxs məhkəmə iclasındakı izahatından müəyyən edildi ki, 2025-ci ilin oktyabr və noyabr ayları ərzində Lənkəran rayonunun Gərmətük qəsəbəsində 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan qeyriyaşayış binası olan “Əzizə” şadlıq sarayında toy mərasimlərinin keçirilməsi ilə əlaqadar Zərərçəkmiş şəxs ilə aralarında yazılı razılaşdırılma olmadan Şəxs tərəfindən toy mərasimlərinin keçirilməsi barədə sifarişlər qəbul edilmiş, həmin sifarişlərə dair ödənişlər qəbul edilmiş və həmin şadlıq sarayında toy mərasimləri keçirilmişdir. O da müəyyən edilir ki, həmin toy şənliklərinin keçirilməsi ilə bağlı üzərinə məhkəmə aktı əsasında Zərərçəkmiş şəxs ilə yazılı razılaşdırılma vəzifəsi qoyulmuş Şəxs yazılı razılaşdırmaya əməl etməmiş, yalnız keçiriləcək toy məclislərinin adlı siyahısını icra məmurunu təqdim etmişdir. Məhkəmə qərardadında isə bu barədə icra məmuruna məlumatın verilməsi öhdəliyinin qoyulması ilə bağlı hər hansı müddəa müəyyən edilməmişdir. Müvafiq icra vərəqəsinin mövcudluğuna baxmayaraq vəzifəli şəxs Şəxs Zərərçəkmiş şəxs ilə yazılı razılaşdırılmaya əməl etmədən Lənkəran rayonunun Gərmətük qəsəbəsində 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan qeyriyaşayış binası əmlak kompleksinə dair əqdlər bağlaması məhkəmə araşdırması zamanı tam şəkildə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən il ərzində təkrar olaraq icra etməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin məcəllənin 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə onu da diqqətə çatdırır ki, tərəflər arasında mübahisə kommersiya mübahisəsi olmaqla onların sahibkarlıq fəaliyyətindən qaynaqlanır. Müvafiq icra sənədi də Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmişdir. Şəxs vergi orqanında vergi uçotuna alınmış fərdi sahibkar olmaqla vəzifəli şəxsdir. Belə ki, İXM-nin 17-ci maddəsinin “Qeyd” hissəsindən müəyyən edilir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Şəxs tərəfindən törədilmiş inzibati xəta - Bakı Kommersiya Məhkəməsinin e-16(113)-683/2025 nömrəli, 06 avqust 2025-ci il tarixli icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsi məhz onun sahibkarlıq fəaliyyətindən irəli gəldiyi üçün o, vəzifəli şəxs olaraq inzibati məsuliyyətə cəlb edilməli və barəsində cərimə növündə tənbeh tətbiq edilməlidir. İXM-nin 528.1-1-ci maddəsindən göründüyü kimi, qanunvericilik vəzifəli şəxslər barəsində həmin maddədə yalnız cərimə növündə tənbehin tətbiqini nəzərdə tutmuşdur. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və qanunun normasının yuxarıda şərh olunan tələbini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə tənbehin tətbiq edilməsini qanunamüvafiq hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 2.500 (iki min beş yüz) manat məbləğində inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar