Məhkəmə qərarları › İş №3(049)-843/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-843/2024

09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-843/2024 09.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X7 və qərarından şikayət verilən orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X2 baş məsləhətçisi-baş əmək müfəttişi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X2 30 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X2 30 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X2 rəisi X8 qəbul etdiyi 30 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, "xxxx" MMC-nin “Qala-Lənkəran” filialının müdiri X7 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61 və 162-ci maddələrinin tələblərini pozaraq X9 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi üzrə daşıdığı paketçi vəzifəsindən başqa digər vəzifə üzrə işlərə cəlb edildiyinə görə əlavə əmək haqqı ödənilməmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətçi "xxxx" MMC-nin Lənkəran şəhəri, Qala Xiyabanı ünvanında yerləşən mağazasında mağaza müdiri vəzifəsində çalışır. xx.xx.2024cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin X6 Lənkəran şəhəri, Qala Xiyabanı ünvanında yerləşən "xxxx" mağazasında paketçi vəzifəsində işləyən X9 əmək müqaviləsində nəzərdə tutulmuş paketçi vəzifəsindən başqa digər işlərə cəlb etməyini əsas gətirərək, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək, İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən barəsində 700 (yeddi yüz) AZN məbləğində inzibati cərimə tətbiq etmişdir. Hesab edir ki, qəbul edilən inzibati tənbeh vermə haqqında qərar obyektiv və ədalətli olmadığına, həmçinin aşağıda qeyd edilən digər hallara görə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında Qərarda onun qəbul edilməsinə xx.xx.2024-cü il tarixli, 133-İX-24 nömrəli prokurorun qərarı əsas olduğu qeyd edilsə də həmin qərar ona təqdim edilməmişdir. İnzibati Orqan-DƏMX-nin Lənkəran- Astara Regional X4 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsində nəzərdə tutulmuş paketçi vəzifəsindən başqa digər işlərə cəlb etməyini və buna görə ona əmək haqqı ödənilmədiyini əsas gətirsə də, iş materiallarına X9 mağazada konkret olaraq hansı əmək funksiyanını yerinə yetirməsi, hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi, habelə onun vəzifəsindən kənar işlərə cəlb olması barədə sübut və sənədləri iş üzrə materiallara əlavə etməmişdir. Bu da onu göstərir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X6 qeyd edilən halları araşdırmamış və sübuta yetirməmişdir. DƏMX-nin X6 tərəfindən qeyd edilən şəxs mağazada paketçi vəzifəsində çalışmış və vəzifəsindən kənar işlərə cəlb edilməmişdir. Şəxs əmək müqaviləsinə uyğun əmək haqqı almış, işdən ayrılarkən isə son haqq hesabı hesablanaraq ona tam şəkildə ödənilmişdir. X9 əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin surəti, ona əmək haqqı və son haqq-hesabın ödənilməsi ilə bağlı qəbzlərin surəti qoşma sənəddə əlavə edilmişdir. Göründüyü kimi, əməldə inzibati xəta tərkibi mövcud deyildir. İnzibati tənbehvermə haqqında qərarın yazılmasına əsas olan maddənin dispozisiyasına diqqət etdikdə, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Hazırda əmək müqaviləsi ilə tərəflərin razılaşdırdığı əmək haqqı və digər ödənişlər işçiyə tam şəkildə ödənilmiş, hər hansı səhvə və ya kəsintiyə yol verilməmişdir. Həmin maddə ilə onun məsuliyyətinin müəyyən edilməsi birbaşa pozuntudur. Belə ki, işçiyə əmək və məzunuyyət haqları və 192.4-cü maddə ilə nəzərdə tutulan ödənişlər onun tərəfdən deyil, işəgötürən tərəfindən ödənilir. Hazırda isə həmin ödənişlərin onun tərəfdən ödənilmədiyi qeyd edilərək, cərimə növündə tənbeh tətbiq edilmişdir. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında X7 şikayətin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini və barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X2 rəisi X8 qəbul etdiyi 30 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Verilən suallaraq cavab olaraq Qurbanov Qurbanov bildirdi ki, 2023-cü ilin noyabr ayından etibarən "xxxx" MMC-nin Lənkəran şəhəri, Qala Xiyabanı ünvanında yerləşən mağazasında mağaza müdiri vəzifəsində çalışır. X15 xx.xx.2023-cü il tarixdə “Bazarstore Qala-Lənkəran” filialına “mağaza-işçisi” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə dəyişiklik edilərək “paketçi” işinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə Nihad Əliyev öz ərizəsinə əsasən işdən azad edilmişdir. “Paketçi” vəzifəsində işəgötürənlə Nihad Əliyev arasına bağlanmış əmək müqaviləsinə əsasən sonuncunun əmək funksiyaları mağazada müştərilərin aldığı malları qablaşdırmaq, qablaşdırılmış malları müştərilərə təhvil vermək və mağazada müştərilərə alış-veriş zamanı köməklik göstərməkdən ibarət olmuşdur. Onun özünün əmək funksiyalarına isə mağaza müdiri kimi işçilərin davamiyyətinə nəzarət etmək, müştəri razılığını təmin etməkdən ötrü işlərə nəzarət etmək, məhsulların vaxtında çatdırılmasını təmin etmək, işçilər arasında iş bölgüsünü həyata keçirmək və mağazaya aid olan digər işləri yerinə yetirmək daxildir. X15 mağaza müdiri kimi onun göstərişi əsasında tutduğu paketçi vəzifəsindən əlavə qida və qeyri-qida bölməsində satıcı işini, anbardan məhsulların daşınıb vitrinlərə düzülməsi işlərini və başqa işçilər kimi zərurət yarandıqda mağazada olan başqa işlərin yerinə yetirilməsinə cəlb edilmiş, buna görə yalnız əmək müqaviləsində nəzərdə tutulmuş əmək haqqı almış, əlavə işlərin görülməsinə görə əmək haqqı almamış, tərəfindən işçiyə əlavə haqqı ödənilməsi ilə bağlı hər hansı tədbir görülməmiş, mühasibatlığa bu barədə məlumat verilməmişdir. X9 əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyasından əlavə işlərə cəlb edilməsinin səbəbi müştəri məmnuniyyətini və mağazada işlərin operativ yerinə yetirilməsini təmin etmək olmuşdur. Ümumiyyətlə, hal-hazırda da onun tərəfindən mağazada işləyən işçilər (ət və ət məhsulları, süd və süd məhsulları bölməsində çalışan işçilər istisna olmaqla) müştəri məmnuniyyətini və mağazada işlərin operativ yerinə yetirilməsini təmin etmək məqsədi ilə əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyalarından əlavə mağazada olan digər işlərə cəlb edilir, o özü də mağaza müdiri olmasına baxmayaraq yuxarıda göstərilən məqsədlər üçün müştəri çoxluğu ilə əlaqədar işçilərə köməklik edir, kassada müştərilərə xidmət göstərir və s. işləri yerinə yetirir. Halbuki, həmin işlərin yerinə yetirilməsi mağaza müdiri kimi onun əmək funksiyalarına daxil deyil. X9 şikayəti üzrə Lənkəran Rayon Prokurorluğunda aparılan araşdırma zamanı yuxarıda göstərilən məzmunlu izahat vermiş, daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X6 tərəfindən ona inzibati xəta haqqında işə baxılması ilə əlaqədar rəsmi məlumat verilmiş, bildiriş göndərilmiş, lakin o, əmək məzuniyyətində olduğu üçün regional şöbədə izahat vermək üçün gələ bilməmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X2 baş məsləhətçisi-baş əmək müfəttişi Nümayəndə şikayətin dəlillərini qəbul etməyərək bildirdi ki, "xxxx" MMC-nin “Qala-Lənkəran” filialının keçmiş işçisi, “Vətən Müharibəsi” iştirakçısı X9 həmin mağazanın müdiri X7 barəsində Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanladığı müraciətlə əlaqədar Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılmış, aparılmış araşdırmanın nəticəsi olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri X12 tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında” Qərarla vəzifəli şəxs X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Həmin qərar və toplanmış materiallar baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə göndərilmişdir. X5 inzibati xəta haqqında işə baxılması ilə əlaqədar xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmiş, lakin o, regional şöbədə izahat vermək üçün gəlməmiş, eləcə də videokonfrans vasitəsilə işə baxılmasında iştirak etməmişdir. X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X2 30 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Şikayətçinin göstərdiyi dəlillərlə razı olmadığını, 30 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuni və əsaslı olduğunu bildirərək şikayətin təmin edilməməsini və qərarın ləğv edilməməsini xahiş etdi. İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X2 rəisi X8 qəbul etdiyi 30 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, "xxxx" MMC-nin “Qala-Lənkəran” filialının müdiri X7 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61 və 162-ci maddələrinin tələblərini pozaraq X9 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi üzrə daşıdığı paketçi vəzifəsindən başqa digər vəzifə üzrə işlərə cəlb edildiyinə görə əlavə əmək haqqı ödənilməmişdir. İşəgötürən "xxxx" MMC-nin baş direktoru X17 işçi X15 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, pərakəndə satış departamenti bölməsində paketçi vəzifəsinə qəbul edilən X9 əmək funksiyaları a) mağazada müştərilərin aldığı malları qablaşdırmaq; b) qablaşdırılmış malları müştərilərə təhvil vermək; c) mağazada müştərilərə alış-veriş zamanı köməklik göstərməkdən ibarətdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 1937 №-li əmrin surətindən görünür ki, pərakəndə satış departamenti bölməsində “paketçi” vəzifəsində işləyən X15 ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi tərəflərdən birinin təşəbbüsünə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. 133İX-24 nömrəli material üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri X12 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında” Qərardan görünür ki, vəzifəli şəxs X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İşəgötürən "xxxx" MMC-nin baş direktoru X17 işçi X7 arasında bağlanılmış xx.xx.2023cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işçi pərakəndə satış departamenti bölməsində mağaza müdiri vəzifəsinə təyin edilmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə görə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “ə” bəndinə əsasən işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək hüququ vardır. Qanunun qeyd olunan normalarının əlaqəli təhlilinə əsasən işçi öz əmək funksiyasını icra etməklə yanaşı, iş yerində əmək funksiyasına daxil olmayan iş icra etdikdə, məsul şəxs işçinin aylıq əmək haqqı ilə yanaşı, onun yerinə yetirdiyi digər işə görə də, ödənişinin verilməsi üçün təşəbbüs göstərməlidir. Qanunun müvafiq normalarını işin müəyyən olunmuş halları ilə uzlaşdırdıqda müəyyən olunur ki, "xxxx" MMC-nin “Qala-Lənkəran” filialında mağaza müdiri işləyən X7 həmin mağazada paketçi vəzifəsinə işləmiş X3 qaydada əmək funksiyasına daxil olmayan işlərə cəlb etsə də, ona qeyd oluna işə münasibətdə əlavə ödənişin verilməsi ilə bağlı təşəbbüs göstərməmiş və bu halı ümumiyyətlə rəsmiləşdirməmiş, nəticədə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişdir. Həmin Məcəllənin 61.1-61.2-ci maddələrinin tələblərinə görə müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Həmin Məcəllənin 160-cı maddəsinin 1-ci bəndinə əsasən vaxtamuzd işçi eyni zamanda müxtəlif işlər, vəzifələr, peşələr və ya ixtisas dərəcələri üzrə əmək vəzifələrini yerinə yetirdikdə, habelə müəyyən edilmiş normalardan artıq dəzgaha, maşına, aparata xidmət etdikdə, onun əməyi daha yüksək haqq verilən ixtisas (peşə) dərəcələri, tarif (vəzifə) maaşları üzrə ödənilir və əmək haqqına əlavə müəyyən edilir. Həmin Məcəllənin 162-ci maddəsinin tələbinə əsasən özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1-ci maddəsinə görə sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Məhkəmə, Lənkəran Rayon Prokurorluğuna toplanmış müvafiq materialda olan məlumatları İXM-nin 80.1-ci maddəsinin tələbləri baxımından mötəbər sübut qismində qəbul edir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC-nin “Qala- Lənkəran” filialının müdiri X7 vəzifəsindən irəli gələn imkanlardan sui-istifadə etməklə həmin mağazada paketçi vəzifəsində işləmiş X1 əmək funksiyalarında nəzərdə tutulmuş işlərdən başqa işlərə cəlb etmiş, buna görə işçi yalnız əmək müqaviləsində nəzərdə tutulmuş əmək haqqı almış, əlavə işlərin görülməsinə görə əmək haqqı almamış, mağaza müdiri Qurban Qurbanov tərəfindən işçiyə əlavə haqqı ödənilməsi ilə bağlı hər hansı tədbir görülməmiş, bu hal ümumiyyətlə rəsmiləşdirməmişdir. Nəticədə "xxxx" MMC-nin “Qala- Lənkəran” filialının müdiri X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında əməl törədilmişdir. Şikayət vermiş şəxs Qurban Qurbanov mağazanın keçmiş işçisi Nihad Əliyevi əmək müqaviləsində nəzərdə tutulmuş işlərdən başqa işlərə cəlb etməsini müştəri məmnuniyyəti və mağazada işlərin operativ yerinə yetirilməsini təmin etmək məqsədi ilə əsaslandırsa da, onun şikayətində və izahatında irəli sürdüyü formal mülahizələrə söykənən bu dəlillər qanuni və əsaslı olan inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X2 30 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X2 30 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X2 inzibati tənbeh vermə haqqında 30 avqust 2024-cü il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar