Məhkəmə qərarları › İş №3(049)-850/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-850/2025

25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-850/2025 25.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Şilavar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1510/2023 saylı, 20 fevral 2023-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Lənkəran Rayon İcra Şöbəsinin böyük icra məmuru X3 bildirmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1510/2023 saylı, 20 fevral 2023-cü il tarixli qətnaməsinin icrası ilə əlaqdəar borclu Şəxs hazlri tarixə 1300 manat aliment borcu vardır. Artıq aliment ödəməli olduğu X5 yetkinlik yaşına çatmışdır. Hazırda tələbkar ilə borclu arasında 1300 manat alimentin ödənilməsi ilə əlaqədar ziddiyyət vardır. Tələbkar yaxın günlərdə icra qrumuna gəlmiş borcluya da bu barədə məlumat verilib onun da mübahisəni aydınlaşdırmaq üçün şöbəyə gəlməsi deyilsə də o söz verməsinə baxmayaraq şöbəyə gəlməmiş, bununla həm icra məmurunun göstərişini yerinə yeriməmiş, həm də 1300 manat aliment ödənişini etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barədəsində inzibati təmbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, əslində onun tələbkar Zərərçəkmiş şəxs borcu yoxdur. Belə ki, onlar 2024-ci ilin yanvar ayında qızlarının ailə həyatı qurması ilə bağlı barışıb 2024-cü ilin iyun ayınadək bir yerdə yaşamışlar. Bu müddətdə ailə ehtiyaclarını qarşılamışdır. Lakin tələbkar buna baxnayaraq həmin dövr üçün də aliment tələb edir. Ümumilikdə 2022-ci ilin dekabr ayından başlayaraq aylıq olaraq tələbkara 200 manat aliment ödənişi etmişdir. Düzdür arada aliment ödənişlərində gecikmə olsa belə qeyd edilən dövrdən başqa bütün ödənişləri tam şəkildə etmişdir. Həmin ödənişi etməməli olsa belə ancaq övladına görə həmin ödənişi də etməyə hazırdır. Sonuncu dəfə bu gün əlavə olaraq tələbkara 150 manat ödəniş etmişdir əv hazırda da həmin qəbzi məhkəməyə təqdim edir. İcra məmurunun tələbi üzrə icra qrumuna getməməsinin səbəbi ilə bağlı isə göstərmişdir ki, icra məmuru onu çağırdığı gün ağız boşluğundan 5 ədəd dişi çxarılmışdır. Buna görə icra məmuruna gələ bilməyəcəyi ilə bağlı məlumat vermişdir. Hazırda da danışmaqda çətinlik çəkir. Heç zaman aliment ödənişindən yayınmamışdır. Hazırda yaşlı anası ilə birgə yaşayır, günəmuzd olaraq müxtəlif işlərdə işləsə də aliment borcunu həmişə yerinə yetirmişdir. Məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş edir. Məhkəmə iclasına məhkəmənin təşəbbüsü ilə Whatsapp mobil tətbiq üzərindən əlaqə saxlanılmış Zərərçəkmiş şəxs aliment ödənişlərinin edildiyini, həqiqətən də 2024cü ilin yanvar ayından həmin ilin iyun ayınadək borclu ilə barışıb bir yerdə yaşadıqlarını borc məbləğinin də əsasən həmin dövrə aid olduğunu bildirdi. Borclu tərəfindən 1300 manat aliment bocundan başqa digər ödənişlərin edildiyini qəbul edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1510/2023 saylı, 20 fevral 2023-cü il tarixli icra sənədindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs və Şəxs arasında Lənkəran rayonu VVADQ şöbəsində qeydə alınmış xx.xx.2007-ci il tarixli nikah qeydi pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2007ci il təvəllüdlü X5 iddiaçının yanında saxlanılması, xx.xx.2022-ci il tarixdən başlayaraq X1 üçün cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə aylıq 200 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1510/2023 saylı, 20 fevral 2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. 24 noyabr 2025-ci il tarixli aktdan görünür ki, Şəxs məxsus mobil telefonla dəfələrlə əlaqə saxlanılmasına baxmayaraq o icra qrumuna gəlməmişdir. Məhkəmə təqdim olunmuş sübutlara münasibət bildirərək qeyd edir ki, inzibati xəta barədə icraat materialları, icra məmuru, zərərçəkmiş şəxs və barəsində protokol tərtib edilmiş şəxsin izahatlarından görünür ki, borclu Şəxs tərəfindən əksər hallarda aylıq olaraq 200 manat aliment ödənişi edilmişdir, tərəflər arasında mübahisə isə borclu və tələbkarın 2024-cu ilin ilk altı ayında barışaraq birgə yaşadıqları dövrlə bağlıdır. Hazırda həmin dövr üçün ödənişlərin edilməsi ilə bağlı mübahisə vardır. Hətta tələbkar belə borclu tərəfindən həmin dövrdə ailə ehtiyaclarının qarşılandığını qəbul edir. Borclu məhkəməyə gətirilməzdən əvvəl xx.xx.2025-ci il tarixdə tələbkara 150 manat ödəniş də etmişdir. xx.xx.2025-ci il tarixdə borclu icra qrumuna gəlməməini isə səhəti ilə bağlı izah etmiş, hətta bunu əyani olaraq da göstərmiş, bu barədə icra məmuruna da məlumat verdiyini bildirmişdir. Bu hal isə inkar edilmir. Məhkəmə yuxarıda sadalananları nəzərə alaraq hesab edir ki Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış izibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən: inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən: 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur və barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin səlahiyyətli şəxsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar