Məhkəmə qərarları › İş №3(049)-861/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-861/2023

27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-861/2023 27.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X13 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9 qızının katibliyi, X1, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli nümayəndəsi X6 iştirakı ilə X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, ******* saylı qərarından verdiyi şikayətə 27 aprel 2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə X7 fiziki şəxs qismində Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 1500 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X2 həmin qərardan narazı qalaraq, Lənkəran Rayon Məhkəməsinə şikayət təqdim etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə Lənkəran rayonu, Avrora qəsəbəsində yaşayır. Astara rayonu, Şahağacı kəndində yaşayan tanışının evində olarkən, həmin adam ondan həyətindəki yararsız torpaqları təmizləyib yerinə əkin əkmək üçün münbit torpaq gətirməsini xahiş etmişdir. O, tanışına kömək etməyə razılaşmış və həyətdəki münbit olmayan torpaq qatını idrarə etdiyi yük maşınına yükləyib, kənd ərazisində yerləşən zibil yerinə apararkən Astara RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən məcburi şəkildə polis şöbəsinə gətirildikdən sonra, guya dənizin Şahağacı kəndində yerləşən hissəsində, qanunsuz olaraq qum daşımaqla yerin təkindən istifadə qaydalarını pozduğuna görə 1 saylı Regional Ekalogiya və Təbii Sərvətlər idarəsinə onun barəsində raport yazılmışdır. Sonradan sonuncu idarədən onun ünvanına inzibati xəta haqqında protokol və inzibati tənbehvermə haqqında qərar göndərilmişdir. Protokolla tanış olduqdan sonra bilmişdir ki, Həmin idarənin rəis əvəzi Şakir Quliyev onu İXM-nin 243.0.1-ci maddəsi ilə təqsirli bilərək 1500 manat məbləğində cərimə etmişdir. Barəsində çıxarılan qərarı əsassız və qanunsuz hesab edir. Çünki o, heç bir qanun pozuntusuna yol verməmişdir. Ona görə də, hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində 1 saylı Regional Ekalogiya və Təbii Sərvətlər idarəsinin rəisi əvəzi X11 tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə şikayətçi X7 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli nümayəndəsi X12 şikayətin təmin olunmasına etiraz etmişdir. Əlavə olaraq bildirmişdir ki, Astara rayon Polis Şöbəsindən daxil olmuş materiallarda X6 əməli İXM-nin 243.0.1-ci maddəsi ilə tövsüf edildiyindən, İdarələri həmin maddəni tətbiq edərək X8 cərimə etmişlər. Həmin maddə karyerlərə aiddir və yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulması hallarına aiddir. Əslində Astara rayon Polis X3 əməlini İXM-nin 228-ci maddəsi ilə tövsüf etməli idi. Məhkəmə iclas iştirakçılarını dinləyib, şikayəti, təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarının surətindən görünür ki, Xəzər dəniz sahəsində qanunsuz qum daşımaqla X5 Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsi ilə fiziki şəxs qismində 1500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi X7 tərəfindən Xəzər dəniz sahəsində qanunsuz qum daşıdığını göstərsə də, onun nümayəndəsi bu faktı təsdiqləyən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, inzibati xətanın mövcudluğunun sübut etmə yükü inzibati qərarı qəbulı edən orqanın üzərinə düşür. İnzibati xətanı törətmiş şəxsin susmaq, yalan danışmaq, izahat verməmək kimi hüquqları vardır. O, özünün təqsirsizliyini sübut etməli deyildir. Onun təqsirli olmasını inzibati orqan sübuta yetirməlidir. Hətta şikayətçi inzibati xətanı törətdiyini etiraf etsə belə, bu hal onun barəsində inzibati qərarın qəbul edilməsi üçün kifayət hesab edilən əsas deyildir. Onun inzibati məsuliyyətinə cəlb edilməsi üçün öz etirafı ilə yanaşı, şahid izahatları, yerində baxışın keçirilməsinə dair akt, varsı həmin inzibati xətanı əks etdirən fotoşəkillər, videogörüntülər və s. tələb olunur. Məhkəmə qeyd edir ki, İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında qərar çıxarılır. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, şikayətçi barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərar ləğv edilməli, inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8.1-8.3, 53.1.2, 76.1, 105.1, 114.2.1, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, ******* saylı qərarından verdiyi şikayət təmin edilsin. Onun barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar