Məhkəmə qərarları › İş №3(049)-864/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-864/2025

01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-864/2025 01.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Lənkəran rayonu, Boladi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, işsiz, deməsinə görə evli və bir azyaşlı uşağı olan, Lənkəran rayonu, Boladi kəndində ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Beyləqan Rayon Məhkəməsinin 2(020)-743/2021 saylı, xx.xx.2021-cİ il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, fərdi həyətlərdə işləməklə gündəlik 20-30 manat qazanır. Hazırda Lənkəranda yaşayır və anasının pensyası ilə dolanır. Barəsində axtarış elan olduğunu barədə məlumatı olmamışdır. Maddi imkanı zəif olduğu üçün ödəniş edə bilmir. Məhkəmədən barəsində inzibati tənbeh növündə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati protokolu tərtib edən icra məmuru protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, borclunun bu günkü günə icra sənədi üzrə 7500 manat borcu var və digər icra sənədləri üzrə indiyə qədər 3 dəfə inzibati qaydada həbs olunmuşdur. Borclu icra məmurunun çağırışlarına gəlmədiyi üçün onun barəsində 01 aprel tarixində axtarış elan olunmuş və o, bu gün, polis tərəfindən saxlanılaraq saat 16.30 radələrində icra şöbəsinə təhvil verilmişdir. Əlavə olaraq bildirdi ki, tələbkarla telefon əlaqəsi zamanı tələbkar borclunun bütün borcu tam olaraq ödəməsini, əks halda onun cəzalandırılmasını tələb etmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Beyləqan Rayon Məhkəməsi tərəfindən verilmiş 2(020)-743/2021 saylı, xx.xx.2021-cİ il tarixli icra sənədindən görünür ki, borclu Şəxs hər ay sabit pul məbləğində 130 manat aliment tutularaq xx.xx.2015-ci il təvəllüdlü Uğur adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilib. İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Beyləqan Rayon Məhkəməsi tərəfindən verilmiş 2(020)-743/2021 saylı, xx.xx.2021-cİ il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Borclunun axtarılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs yaşayış yerini müəyyən etmək mümkün olmadığından onun barəsində Lənkəran rayon İcra və Probasiya şöbəsi tərəfindən axtarış verilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun və icra məmurunun izahatı, «inzibati xəta haqqında» protokol və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Belə ki, iş materiallarına əlavə edilmiş bildirişlərdən göründüyü kimi, borclu dəfələrlə icra şöbəsinə çağırılmış və İcra şöbəsində aparılan izahat zamanı borcluya icra sənədi üzrə borcu yarandığı izah edilmişdir. Lakin borclu borcunu ödəməkdən imtina etmişdir. Borclunun icra sənədinin tələblərini yerinə yetirməməsi ilə əlaqədar olaraq icra məmuru tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağarlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əvvələr 3 dəfə analoji hərəkətlərinə görə barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edildiyini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Qərar dərhal icra olunsun. Həbsetmənin əvvəli 01 dekabr 2025-ci il tarix, saat 16:30-dan hesablansın. Həbsetmənin sonu 26 dekabr 2025-ci il tarix, saat 16:30 hesab edilsin. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar