Məhkəmə qərarları › İş №3(049)-874/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-874/2024

26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-874/2024 26.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Lənkəran Şəhər Rayon Polis Şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Lənkəran Şəhər Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis kapitanı X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 232-1-ci maddəsi ilə 06 sentyabr 2024-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, 22 iyun 2024-cü il tarixdə Xaraxatan kənd sakini Zərərçəkmiş şəxs məxsus həmin kənddə yerləşən “Çiyələk” bağına daxil olaraq bağın qapısını qırmış, çiyələk üçün bahalı dərmanları cırıb yerə səpmiş, sonradan bağın gözətçisi ilə mübahisə etmişdir. Avtomobilinə minib oradan uzaqlaşmışdır. Nəticədə Şəxs İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, inzibati material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinin məzmununa görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüquqları vardır. Həmin məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin məcəllənin 99.5-ci maddəsinə əsasən bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində göstərilən səbəblərin əsassız olduğu halda səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edilir. Həmin məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Həmin məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İXM-nin 232-1-ci maddəsində qeyd edilmişdir ki, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunvericilik qeyd olunan maddənin sanksiyasını iş üzrə vurulmuş ziyana münasibətdə differensasiya ertmişdir. Yəni əməlin İXM-nin 232-1-ci maddəsi ilə tövsif edilməsi üçün mütləq qaydada vurulmuş ziyanın məbləği müəyyən edilməlidir. Hazırkı iş üzrə tərtib edilmiş 06 sentyabr 2024-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda vurulmuş ziyanın məbləği göstərilməmiş, “bahalı dərmanlar” ifadəsində istifadə edilmişdir ki, bu da məhkəmə üçün vurulmuş ziyanın məbləğinin müəyyən edilməsini mümkünsüz etmişdir. Protokol tərtib edən orqan tərəfindən “bahalı dərman” anlayışı ilə ifadə olunan məbləğin hansı məbləğ təşkil etməsi də aydın deyildir. Nəzərə aldıqda ki, İXM-nin 232-1.-ci maddəsinin qeyd hissəsi həmin maddəyə görə məsuliyyətin yaranmasını beş min manatdan yuxarı olmayan məbləğ kimi təsbit etmişdir, bu baxımdan protokol tərtib edən orqanın hansı məbləği nəzərdə tutması da müəyyən deyil. Bununla da, təqdim olunmuş sənədlərdən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Lənkəran Şəhər Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib olunmuş protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin əsaslara görə hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla, həmin çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması, eyni zamanda, bu çatışmazlıqların işə baxılarkən qısa müddət ərzində aradan qaldırılması mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Lənkəran Şəhər Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis kapitanı X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 232-1-ci maddəsi ilə 06 sentyabr 2024-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Lənkəran Şəhər Rayon Polis Şöbəsinə qaytarılsın. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar