Məhkəmə qərarları › İş №3(049)-887/2022

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-887/2022

28.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-887/2022 28.09.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X6, inzibati protokolu tərtib edən şəxs: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi polis kapitanı X11, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs və X12, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxxxxx 1960-cı il tarixdə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Lənkəran şəhəri, Nizami küçəsi, ev 90 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına 28 sentyabr 2022-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı X3 09 avqust 2022-ci il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 28 sentyabr 2022-ci il tarixli, MN 14500443 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 31 iyul 2022-ci il tarixdə Lənkəran şəhəri, Nizami küçəsi, ev 90-da qohumluq münasibətlərində olduğu Zərərçəkmiş şəxs vuraraq ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən müvafiq inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan başqa, Şəxs barəsində eyni tarixli qərara əsasən 28 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2022-ci il tarixdə qohumluq münasibətlərində olduğu X7 yaşadığı ünvana ailə üzvləri ilə birlikdə hücum edərək nalayiq sözlərdən istifadə etməkdə ictimai qaydanı pozmuşdur və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi polis kapitanı X11 izahatında bildirdi ki, Şəxs protokolda göstərilən əməlləri törətmişdir. Onun barəsində həmin əmələ görə cinayət işinin başlanılması rədd edilmiş, həmin qərar əsasında hazırkı inzibati xəta haqqında protokollar tərtib etmişdir. Şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, zərərçəkmiş şəxslər onun qudasıdır. Onun oğlu ilə zərərçəkmiş şəxsin qızı boşanmaq istəmişlər, lakin rəsmi məhkəmə qətnaməsi yoxdur. Buna görə Bacı Qurbanov ona zəng edərək qızının mebellərini götürmək istədiyini bildirmiş, o, da etiraz etməmişdir. 31 iyul 2022-ci il tarixdə, günorta saatlarında Bacı Qurbanov 2 və ya 3 nəfər usta ilə gələrək mebelləri sökməyə başlayan zaman X4 evə daxil olmaq istədikdə, o Gülnara icazə verməmiş və evin sahibi kimi onu evinə buraxmayacağını demişdir. Bu zaman onların arasında mübahisə olmuş və X5 onunla mübahisə etmişlər. Onların mübahisəsinə qızı Günel Tahirova da gəlmişdir. Bacı Qurbanov onu başının arxa tərəfdən tutmuş və hicabını dartmış, bu zaman o, yerə yıxılmşdır. Hadisə yerinə təcili tibbi yardım maşını onun üçün gəlmiş və həkim ona üç gün yerindən tərpənməməyi əks halda vəziyyətinin pis olacağını demişdir. Səhəri gün 01 avqust 2022-ci il tarixdə, səhər saatlarına Bacı Qurbanovun ona yazdığı mesajlara aydınlıq gətirmək üçün o, əri və yeznəsi ilə birlikdə qudası Adil Qurbanovun yaşadığı evə getmişlər, qapını nə qədər döysələr də açan olmadığından geri qayıtmışlar. O, heç kimi vurmamış, heç kimə xəsarət yetirməmiş, heç kimi söyməmişdir. Buna görə də məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi X2 barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını bildirib iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun qudası, yəni qızının qaynanasıdır. Qızı ilə əri arasında davamlı münasibətlər pozulduğu üçün boşanmaq qərarına gəlmiş və cehizlərini götürmək istəmişdir. Buna görə də, o, qudası Şəxs zəng edərək ustalarla gəlib mebelləri söküb götürmək istədiyini bildirmiş, sonuncu da razılaşmışdır. 31 iyul 2022-ci il tarixdə, günorta saatlarına o, qudasının evinə ustalarla getmiş, içəri daxil olduqdan sonra qızı Gülnar da gəlmişdir. Bu zaman Şəxs qızı Gülnarı evə buraxmamış və bu zaman aralarına mübahisə olmuşdur. Mübahisə zamanı Şəxs onun əllərinə vurmuş, sıxmışdır. Şəxs ilə qızı Günel onları söyüb vurduqlarına görə evdən getmişlər. Səhəri gün, yəni 01 avqust 2022-ci il tarixdə o, məhkəmə tibb ekspertizasına getmişdir. O, ekspertizada olan zaman Şəxs, əri və yeznəsi ilə birlikdə onların yaşadığı ünvana gələrək qapılarını döyüb, darvazanı təpikləyib getmişlər. Məhkəmədən inzibarti xəta haqqında protokola qanunauyğun şəkildə baxılmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X12 izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun qudası, yəni qızının qaynanasıdır. 01 avqust 2022-ci il tarixdə, səhər saatlarında qapının döyüldüyünü eşitmiş, o, paltarlarını geyinib qapını açmağa düşənə kimi artıq qapını döyənlər getmişlər. Daha sonra məhəllə sakinlərindən eşitmişdir ki, qapını döyən şəxslər qudaları olmuşdur. O, özü heç bir söyüş eşitməmiş, sadəcə məhəllədən keçən bir nəfərin həmin şəxslərin söyüş söydüyünü dediyini öyrənmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı X3 09 avqust 2022-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində İXM-nin 157 və 510-ci maddələri ilə tədbir görülməsi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış xx.xx.2022-ci il tarixli raportlardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində İXMnin 157 və 510-cu maddələri ilə tədbir görülməsi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin xx.xx.2022-ci il tarixli, 724 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - hər iki said nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 28 sentyabr 2022-ci il tarixli, **********7 nömrəli məktubundan görünür ki, Şəxs yaşa görə sosial müavinət (180 manat) alır. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Şəxs barəsində son bir il ərzində heç bir məlumat qeydə alınmamışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs Zərərçəkmiş şəxs döyməsi zərərçəkmiş şəxsin izahatı, məhkəmə tibb ekspertiza rəyi və məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Belə ki, zərərçəkmiş şəxsin izahatında göstərdikləri xüsusatlar, xüsusilə də xəsarət aldığı nahiyələr və xəsarətin zamanı məhkəmə tibb ekspertizasının rəyi ilə üst-üstə düşdüyündən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs döyməməsinə dair göstərdikləri müdafiə xarakterli olmaqla, məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş və işin halları ilə təsdiq olunmadığına görə sübut kimi qəbul edilməməlidir. Lakin göstərilənlərə yanaşı, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri aşkar edilmədiyindən həmin hissədə inzibati xəta üzrə icraata xitam verilməlidir. Belə ki aşağıdakılara əsasən Şəxs törətdiyi əməl kimi göstərilmiş xırda xuliqanlər əməli və buna görə onun barəsində tərtib edilmiş 28 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli protokolda göstərilmiş əməldə inzibati xəta tərkibi yoxdur. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X10 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə (köhnə redaksiyada xırda xuliqanlıq) nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Lakin hazırki vəziyyətdə Şəxs hərəkətlərində İXM-nin 510-cu maddəsinin tərkib əlamətlərinə rast gəlinmir. Məhkəmə iclasında Şəxs 01 avqust 2022-ci il tarixdə, səhər saatlarında X7 yaşadığı ünvan 3 ünvanına getməsi təsdiq olunsa da, onun həmin ərazidə hansı qanunsuz hərəkətlər etməsi, yəni söyüş söyməsi, hüquq və ictimai qaydaya zidd hərəkətlər etməsi, cəmiyyətə açıqça hörmətsizlik etməsi və sair bu kimi hər hansı hərəkət etməsinə dair sübut müəyyən edilmədi. Əksinə, protokol tərtib edən orqan tərəfindən zərərçəkmiş şəxs kimi təqdim edilmiş X12 izahatında heç bir söyüş eşitmədiyini bildirmişdir ki, bununla da Şəxs əməlində hər hansı inzibati xəta tərkibinin müəyyən edilməsi istisna olunur. İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Hazırda isə, məhkəmədə Şəxs əməlində xırda xuliqanlıq hesab ediləcək hər hansı hərəkəti edilməsi müəyyən edilməmişdir. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İXM-nin 510-cu maddəsi ilə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş orqan tərəfindən heç bir sübut təqdim edilmədiyindən və Şəxs əməlində həmin maddənin tərkib əlamətləri sübuta yetirilmədiyi üçün İXM-nin 510-u maddəsi ilə olan iş üzrə icraata xitam verilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qzının məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, zərərçəkmiş şəxslə münasibətlərini, yəni qohum (quda) olmalarını, həmçinin məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 və 157ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Lənkəran Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar