Məhkəmə qərarları › İş №3(049)-900/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-900/2024

30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-900/2024 30.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Şəxs nümayəndəsi X1 iştirakı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs (bundan sonra MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərəfindən 23 sentyabr 2024-cü il tarixdə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda və ona əlavə edimiş sənədlərdə qeyd edilmişdir ki, Şəxs MMC 16800.00 ABŞ dolları məbləğində vəsaiti 26 avqust 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 16800.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 27 avqust 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 təmsil etdiyi hüquqi şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla bağlı etirazı məhkəməyə təqdim edərək bildirdi ki, xaricdən hər hansı bir mal ölkəyə idxal etməzdən əvvəl, il ərzində alacaqları malın çəkisi və qiyməti barədə həmin ölkədə ticarət edəcəkləri şirkətlə ilkin olaraq “PROFORMA (invoice) müqaviləsi” bağlayırlar. Bundan sonra isə büdcəyə uyğun olaraq sifariş etdikləri malları il ərzində hissə-hissə ölkəyə idxal edirlər. Sifariş olunmuş mal ölkəyə göndərilməsi üçün konteyinə yüklənərkən ilkin bağladıqları PROFORMA (invoice) müqaviləsi əsasında ikinci müqavilə yəni ticarət COMMERÇİAL (invoice) müqaviləsi bağlanılır. Bu qaydalara uyğun olaraq Şəxs MMC də Hindistanın AGRANTİS CORPORATİON PVT.LTD ilə, yük göndərilməmişdən əvvəl bağladıqları /LC/446 saylı PROFORMA (invoice) müqaviləsi əsasında “Yapı Kredit” bank vasitəsi ilə xx.xx.2022-ci il tarixdə xaricə 16800 ABŞ dolları valyuta vəsaiti göndərilmiş və həmin valyuta vəsaitinin müqabilində də /LC/446 saylı PROFORMA (invoice) müqaviləsinin tərkib hissəsi və davamı olan EXP/AGR/0020 COMMERCİAL(invoice) müqaviləsi ilə Hindistandan gətirilmiş və xx.xx.2022-ci il tarixdə də gömrük də edilmişdir. Sadəcə olaraq Astara Gömrük İdarəsi “Lənkəran” Gömrük Postunun deklorantı malları gömrük edərkən gömrük bəyannaməsində yalnız EXP/AGR/0020 COMMERCİAL (invoice) yəni ticari müqaviləsinin nömrəsini qeyd etməklə kifayətlənərək yük göndərilməzdən əvvəl bağladıqları /LC/446 saylı PROFORMA (invoice) müqavilə nömrəsini isə qeyd etməmişdir. Hansıki, “Yapı Kredit” bank vasitəsi ilə ölkə xaricinə valyuta yük göndərilməmişdən əvvəl bağladıqları /LC/446 saylı PROFORMA (invoice) müqaviləsi əsasında çıxarıldığından bankla aralarında anlaşılmazlığa səbəb olmuşdur. Qeyd olunanların nəzərə alınaraq hazırki inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə Şəxs nümayəndəsi X1 izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, işdə olan mövcud sübutlara qiymət verərək hesab edir ki, Şəxs barəsində İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı 29 avqust 2024-cü il tarixli 00195 nömrəli məktubundan görünür ki, Şəxs MMC tərəfindən "Azərbaycan Respublikasının rezidentlər və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması» Qaydalarının 4.3.1.3-cü bəndinə əsasən “X5 Azərbaycan” QSC vasitəsilə qabaqcadan ödəniş həyata keçirilmiş, iki il müddət başa çatdıqdan sonra malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmişdir. “Agrantis Corporation PVT.LTD” tərəfindən Şəxs MMC-yə ünvanlanmış ingilis dilindən azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli məktubun məzmunundan görünür ki, “Agrantis Corporation PVT.LTD” təsdiq edir ki, xx.xx.2022-ci il tarixində Şəxs MMC ilə ACPL/AİL/MUN-POTİ/LC/446 saylı müqavilə bağlanılmışdır. Həmin müqaviləyə uyğun olaraq, “Agrantis Corporation PVT.LTD” xx.xx.2022-ci il tarixində EXP/AGR/0020 saylı ticari invoys ilə ümumi məbləği 16800 dollar olan 24 ton düyü ixrac edib. xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, “X2 Limited Hindistan” tərəfindən EXP/AGR/0020 saylı ticari müqavilə nömrəsi əsasında dəyəri 16800 ABŞ dolları təşkil edən 24 ton “Shahane” nişanlı Hindistan düyüsü Astara gömrük postunda ölkəyə idxal edilmişdir. Mal Şəxs tərəfindən qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta obyektiv cəhətdən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə törədilir. Azərbaycan Respublikasının Mərkəzi Bankı 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması» Qaydalarının 4.3.1.3-cü yarımbəndinə əsasən "Qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” 28 fevral 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında həmçinin qeyd edilmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Qeyd olunan normalar, eləcə də Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarı baxımından işin faktiki hallarını araşdırarkən müəyyən olunur ki, Şəxs MMC tərəfindən Hindistanın AGRANTİS CORPORATİON PVT.LTD şirkətinə /LC/446 saylı PROFORMA (invoice) müqaviləsi əsasında “Yapı Kredit” bank vasitəsi ilə xx.xx.2022-ci il tarixdə xaricə 16800 ABŞ dolları valyuta vəsaiti göndərilmiş, “X2 Limited Hindistan” tərəfindən EXP/AGR/0020 saylı ticari müqavilə nömrəsi əsasında dəyəri 16800 ABŞ dolları təşkil edən 24 ton “Shahane” nişanlı Hindistan düyüsü ölkəyə göndərilərək Astara gömrük postunda ölkəyə idxal edilmişdir. Lakin gömrük bəyannaməsində EXP/AGR/0020 COMMERCİAL (invoice) yəni ticari müqaviləsinin nömrəsini qeyd edilmiş, yük göndərilməzdən əvvəl bağlanılmış /LC/446 saylı PROFORMA (invoice) müqavilə nömrəsi qeyd edilməmişdir. Başqa sözlə həmin Cəmiyyətə münasibətdə Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi baş verməmişdir. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qanunvericiliyin qeyd olunan normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, "Al İbrahim” MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar