Məhkəmə qərarları › İş №3(049)-903/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-903/2025

15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-903/2025 15.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi ilə, X1 Bakı şəhər X4 İdarəsinin vəzifəli şəxsinin onun barəsində qəbul etdiyi 27 oktyabr 2025-ci il tarixli, EQ 30348404 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayətə baxaraq, müəyyən etdi: X2 xx.xx.2025-ci il tarixdə şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhər X4 İdarəsinin vəzifəli şəxsinin onun barəsində qəbul etdiyi 27 oktyabr 2025-ci il tarixli, EQ 30348404 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli qərarı 08 dekabr 2025-ci il tarixdə əldə etmişdir ona görə də şikayəti hazırki tarixdə verir. Əcəmi Naxçıvani küçəsi Binəqədi rayonuna aid olduğundan şikayət ərizəsini Binəqədi Rayon Məhkəməsinə vermişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X4 İdarəsi tərəfindən barəsində EQ seriyalı 30348404 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Həmin qərar tamamilə əsassız və qanunsuz olduğundan, İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qərardan göründüyü kimi, guya inzibati xətanın törədilmə tarixi xx.xx.2025-ci il göstərilmişdir. Lakin inzibati tənbeh vermə haqqında qərar yalnız xx.xx.2025-ci il tarixində yəni 01 ay 26 gün sonra tərtib olunmuşdur. Bu isə birbaşa İXM-in 124.4-cü maddəsinin tələblərinə ziddir. Qanunvericiliyin tələb etdiyi real vaxt rejimi pozulmuşdur İXM-in 124.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar real vaxt rejimində,bort-komputer vasitəsilə və ya onun olmadığı halda nömrələnmiş blankda 24 saat müddətində, "İCMAL” sisteminə dərhal ötürülməklə tərtib edilməlidir. Maddənin tələbinə görə, protokol və qərar yalnız “İCMAL” informasiya sistemində real vaxt rejimində unikal nömrə verildikdən sonra hüquqi qüvvə qazanır. Lakin təqdim edilmiş qərar xətanın törədilməsindən təxminən 2 ay sonra tərtib edilmişdir ki, bu da Məcəllənin göstərilən norması ilə kobud şəkildə ziddiyyət təşkil edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-9016/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə X1 Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30348404 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət iş materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilmiş və məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2 və Bakı şəhər X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, şikayət vermiş şəxs Ramin Sadıxzadə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə məhkəməyə ünvanladığı vəsatətdə üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilmədiyini, onun iştirakı olmadan işə baxılmasını və şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə şikayət vermiş şəxsin və qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından olan: Bakı şəhər X4 İdarəsinin vəzifəli şəxsinin qəbul etdiyi 27 oktyabr 2025-ci il tarixli, EQ 30348404 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixində, saat 14:40-da idarə etdiyi “Kia Pride minik” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Əcəmi Naxçıvani küçəsində nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə barəsində 60 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, şikayət və ona əlavə edilmiş sənədləri araşdırıb, inzibati xətalar haqqında qanunvericiliyin əlaqəli normalarını təhlil edib bu qənaətə gəlir ki, şikayətin dəlilləri əsaslı olduğundan şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin: 122.1. Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 122.1-1. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar təsdiq edilməmişdən əvvəl unikal nömrə verilməsi üçün “İCMAL” informasiya sisteminə ötürülür və həmin qərara real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra təsdiqlənməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 122.5. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. 129.1.3-1. bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İş materiallarında olan 27 oktyabr 2025-ci il tarixli, EQ 30348404 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Ramin Sadıxzadəyə onun tərəfindən törədilməsi istinad olunan inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. İnzibati xətalar haqqında qanunvericiliyin yuxarıda qeyd olunan müvafiq normasının tələbinə görə belə halda, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və İXM-nin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır. Həmin elektron qərardan sözügedən inzibati xəta hadisəsinin xx.xx.2025-ci il tarixində, saat 14:40-da baş verməsinin göründüyünə və qanunvericiliyə əsasən mövcud durumda qərarın elektron formada real vaxt rejimində çıxarılmalı olmasına baxmayaraq, həmin elektron qərar göstərilən tarixdən 1 ay 26 gün sonra çıxarılmışdır. Azərbaycan Respublikası İXM-nin 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qanunvericiliyin yuxarıda sadalanan normalarını tutaraq məhkəmə bu nəticəyə gəlir ki, X2 barəsində Bakı şəhər X4 İdarəsinin vəzifəli şəxsi tərəfindən 27 oktyabr 2025-ci il tarixli, EQ 30348404 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə riayət edilməməklə (elektron qərar real vaxt rejimində tərtib olunmadıqda) çıxarıldığından ləğv edilməlidir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə, qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, X1 barəsində Bakı şəhər X4 İdarəsinin vəzifəli şəxsinin qəbul etdiyi 27 oktyabr 2025-ci il tarixli, EQ 30348404 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 122, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 şikayəti təmin edilsin. X1 barəsində Bakı şəhər X4 İdarəsinin vəzifəli şəxsinin qəbul etdiyi 27 oktyabr 2025-ci il tarixli, EQ 30348404 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar