Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-904/2025 22.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclas katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi ilə Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş MN seriyalı ******* saylı 09 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərin məzmununda qeyd edilmişdir ki, hüquqi şəxs "xxxx" MMC (VÖEN:**********) 2023-cü il üzrə maliyyə hesabatlarının auditinin 2024-cü ildə qanunla nəzərdə tutulmuş hallarda aparılmamasına görə inzibati xəta törətmişdir. Bununla əlaqədar Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vəzifəli şəxsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin və barəsində inzibati xəta haqında icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: Auditorlar Palatasının veb-saytından edilmiş çıxarışdan görünür ki, "xxxx" MMC-nin VÖEN-i (**********) üzrə axtarış aparıldıqda sistemdə hər hansı audit rəyinin nəticəsi və ya auditorun adı əks olunmayıb (yəni audit keçirilməyib). 26 noyabr 2025-ci il tarixli bildirişdən görünür ki, "xxxx" MMC-nin məcburi auditdən yayınma halı ilə bağlı inzibati xəta haqqında işə baxılması üçün 09 dekabr 2025-ci il tarixinə sonuncunun nümayəndəsi Maliyyə Nazirliyi tərəfindən dəvət olunmuşdur. "xxxx" MMC-nin xəbərnaməsindən görünür ki, Maliyyə Nazirliyi tərəfindən 29 noyabr 2025-ci il tarixində poçt vasitəsilə bildiriş göndərilmiş. 09 dekabr 2025-ci il tarixli İnzibati xəta haqqında Protokoldan (MN № 2483352) görünür ki, "xxxx" MMC 2023-cü il üzrə maliyyə hesabatlarının auditini 2024-cü ildə aparmadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib olunmuşdur. Maliyyə Nazirliyinin 09 dekabr 2025-ci il tarixli məktubundan görünür ki, Nazirlik tərəfindən "xxxx" MMC-yə 2023-cü il üzrə maliyyə hesabatlarının məcburi auditdən yayınması faktı ilə bağlı tərtib edilmiş inzibati xəta haqqında protokolun surətini göndərilmişdir. Dövlət Vergi Xidmətinin 14 yanvar 2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş siyahıdan görünür ki, "xxxx" MMC 2023-cü ilin göstəricilərinə əsasən orta və iri sahibkarlıq subyektlərinin meyarlarına uyğun gəlir, bu da onun məcburi audit keçməli olduğunu təsdiqləyən əsaslardan biridir. Maliyyə Nazirliyinin rəsmi veb-saytındakı elandan görünür ki, nazirlik hələ 2025-ci ilin aprel ayında məcburi audit subyektlərini qanunvericiliyin tələbləri və auditdən yayınmağa görə nəzərdə tutulan inzibati məsuliyyət barədə xəbərdarlıq elan olunub. "Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cüi maddəsinə uyğun olaraq məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Həmin məcəllənin 99.2-ci maddəsinə əsasən, açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) hamının tanış olması üçün hər il dərc etməyə borcludur. Həmin məcəllənin 100.3-cü maddəsinə əsasən, qapalı səhmdar cəmiyyəti bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədləri hamının tanış olması üçün dərc etməyə borcludur. Həmin məcəllənin 107.6-cı maddəsinə uyğun olaraq illik hesabatının və maliyyə hesabatlarının (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinin məzmununa əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla "xxxx" MMCnin inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464cü maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində "xxxx" MMC-nin maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) MN seriyalı ******* saylı 09 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 1.500 (min beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-904/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-904/2025
22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver