Məhkəmə qərarları › İş №3(049)-908/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-908/2025

07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-908/2025 07.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iclas katibliyi və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1983-ci ildə Lənkəran rayonu Daşdaleqjar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Lənkəran rayonu, Daşdaleqjar kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 272.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfində tərtib edilmiş 27 noyabr 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Lənkəran Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilmişdir ki, Şəxs 27 noyabr 2025-ci il tarixdə Hirkan meşəbəyliyin 07 saylı dolayına ov silahı ilə daxil olduğu üçün 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, onun pay torpağı Hirkan meşəbəliyinin ərazisinə yaxın yerdə yerləşir. O, pay torpağına gedərkən yol palçıqlı olduğundan və meşə ərazisi daha quru olduğundan meşə ərazisindən keçməklə oraya getmişdir. Həmin vaxt meşəbəyi onu saxlamışdır. Həmin ərazidə ov etmək fikri olmamışdır və heç bir ov etməmişdir. Həmin vaxt ov silahı və patronlar üzərində olmuşdur. Buna səbəb o olmuşdur ki, pay torpağına tez-tez çaqqlllar hücum edir və onların qarşısını almaqdan ötrü özünü müdafiə etsin. Bu səbəbdən də heç bir inzibati xətaya yol verməmişdir və barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol tamamilə əsassızdır. Qeyd edilənlərə əsasən, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxsnin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hirkan Milli Parkının nümayəndəsi tərəfindən tərtib edilmiş 56573 saylı, xx.xx.2025-ci il tarixli aktda qeyd edilmişdir ki, Hirkan Milli Parkının 25 noyabr 2025-ci il tarixli 132/ü saylı əmrinin icrası ilə əlaqədar olaraq ərazidə reyd keçirmişdir. Ərazidə olarkən Lənkəran rayonunun Daşdaleqjar kənd sakini Şəxs Yaqub oğlundan MP-43 markalı qoşa lülə 12 kalibrli balə qundaq № 02548 qundaq № 2402548, lülənin №-si 2402548, Şəxs TOZ 25 markalı qoşa lülə OXN 19538-85 və 5 ədəd patron, X2 İJ-18 markalı təklikdə 16 kalibrli balə qundaq P 32893 qundağı P 32893 lülə P 32893 və 2 ədəd patron olduğunu aşkar etmişdilər. Baxış zamanı məlum olmuşdur ki, onlarda ov məhsulu yoxdur. Şəxs Yaqub oğlunun silahının rəsmi şəhadətnaməsi var idi. Digər silahların heç bir sənədi yoxdur. Vətəndaşlardan həmin silahlar götürülmüşdür. Qeyd olunan vətəndaşlar Azərbaycan Respublikasının ovçuluq haqqında qanununu kobudcasına pozmuşdurlar. İnzibati xəta haqqında icraat zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati orqana verdiyi izahatında bildirmişdir ki, silahla həmin əraziyə daxil olduğu doğrudur. Lakin qanunsuz fəaliyyətlə məşğul olmaq məqsədi güdməmişdir. Pay torpağı meşəyə yaxın olduğu və yol palçıqlı olduğu üçün meşə ərazisindən keçmişdir. Silah özünə məxsusdur. Bir də həmin əraziyə daxil olmaz. İş materiallarına əlavə edilmiş AR DİN Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən verilmi 2042 saylı, xx.xx.2024-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, qoşa lüləli, ******* nömrəli yixsiz ov silahı Şəxs məxsusdur. Həmçinin iş materiallarına əlavə edilmiş aktdan müəyən edilir ki, onun üzərində ov silahından əlavə 5 ədəd patron da olmuşdur. Məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edildi ki, Şəxs Hirkan meşəbəyiliyinə yaxın əraziyə yaxın məsafədə yaşayır, belə olan halda və həmçinin ov silahının olduğu halda meşə ərazisində ov edilməsi qaydalarını bilməli olması müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görəinzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinin məzmununa əsasən - ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. Həmin qanununun 1.0.4-cü maddəsinin məzmununa əsasən ov yerləri - ovçuluğun həyata keçirilməsinə və ovçuluq təsərrüfatlarının aparılmasına aid edilən, təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvanların məskunlaşdığı torpaq sahələri, meşə, digər bitki və su ilə örtülü olan təbiət əraziləridir. Həmin qanununun 20.1.2-ci maddəsinin məzmununa əsasən Azərbaycan Respublikasının ərazisində ov edilməsi qadağan edilən hallardan biri də ovçuluq bileti və ov etmək üçün icazə olmadan ov edilməsidir. Həmin qanununun 24.1-ci maddəsinin məzmununa əsasən ovçuluq təsərrüfatlarında ərazinin təbii vəziyyətini pozan hər hansı təsərrüfat fəaliyyətinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması” Qaydalarının 2.1-ci maddəsinin məzmununa əsasən - Quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü ov sayılır. İşin faktiki hallarından müəyyən edilir ki, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Şəxs üzərində ov silahının olması ov məhsullarının “izlənməsi” kimi başa düşülür ki, bu hal da yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmununa əsasən “ovçuluq” fəaliyyətidir. Eyni zamanda sözügedən ərazi ov edilməsi üçün nəzərdə tutulmamışdır və Tofiq Abbasovun ov etmək üçün xüsusi icazəsi olmamışdır. Həmçinin ov silahı ilə ov ərazisində olmaq ova bərabər fəaliyyət hesab edilir. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-nin 272.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanı törətməsinə görə ona cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar