Məhkəmə qərarları › İş №3(049)-911/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-911/2024

01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-911/2024 01.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X6 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbaszadə Fərid Sahüseyn oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, deməsinə görə iki azyaşlı uşağı olan, Ali hüquq təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nında yaşayan, Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Lənkəran Rayon Məhkəməsinin 2(049)-1419/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru X5 bildirmişdir ki, Cavadov X3 Rayon Məhkəməsi tərəfindən verilmiş Məhkəməsinin 2(049)- 1419/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini icra etməkdən yayınır. Hazırda borclunun tələbkara 7898 manat borcu var və o borcu ödəməyə cəhd göstərmir. İcra sənədinin icrası ilə əlaqədar borcluya dəfələrlə xəbərdarlıq edilsə də, o, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini icra etməmişdir. Buna görə də qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, hazırda heç yerdə işləmir. Borcu hissə-hissə ödəməsini üzərinə götürsə də, himayəsində iki uşaq olduğundan və kirayədə qaldığından, öhdəliyinə əməl edə bilməmişdir. Əvvəl tələbkarla 4000 manata razılaşmış, lakin sonradan tələbkar borcunu tam olaraq istəmişdir. Özünü təqsirli bilir və cərimə olunmasını istəyir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lənkəran Rayon Məhkəməsinin 2(049)-1419/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs borca görə 7800 alınaraq iddiaçı X1 verilməlidir. İcraata başlamaq haqqında qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 1419/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun və cra məmurunun izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlindən peşimançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən haldır, onun məsuliyyətini ağarlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 12 (on iki) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 01 oktyabr 2024-cü il tarix, saat 18:05-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar