Məhkəmə qərarları › İş №3(049)-913/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-913/2024

03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-913/2024 03.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X6 Əhmədağa oğlunun sədrliyi, Hüseynov Murad Əbdül oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Lənkəran rayonu Ləj kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, deməsinə görə iki azyaşlı uşağı olan, natamam orta təhsilli, işləməyən, Lənkəran rayonu Ləj kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:50 radələrində Lənkəran rayonu, Ləj kəndində, küçədə nalayiq küçə söyüşləri söyməklə polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə sonuncu barəsində Lənkəran ŞRPŞ-nin polis sahə rəisi, X4 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 03 oktyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lənkəran ŞRPŞ-nin polis sahə rəisi, X4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Lənkəran rayonu, Ləj kənd sakini Şəxs xx.xx.2024-ci il tarixdə əvvəlcə DİN-in102 qaynar xəttinə zəng edərək tanımadığı şəxs tərəfindən döyüldüyünü bildirdikdən sonra, qaynar xəttin işçilərini nalayiq sözlərlə təhqir etmişdir. Daha sonra o, xidməti vəzifəsini yerinə yetirməklə Ləj kəndi ərazisində ona yaxınlaşan polis əməkdaşlarını nalayiq söyüşlərlə söymüş və polisin qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmiş və bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, hadisə baş verən gecə toy şənliyində içkili vəziyyətdə olduğundan tanımadığı şəxs tərəfindən döyülmüşdür. Bu səbəbdən DİN 102 qaynar xəttə zəng edərək şikayət etmiş və həmin zaman onunla danışan qaynar xətt əməkdaşlarını təhqir etmişdir. Lakin evlərinə gəlmiş polis əməkdaşlarını söyməmişdir. Əməlindən peşmandır və məhkəmədən heç bir xahişi yoxdur. Məhkəmə iclasında şahid X1 bildirdi ki, Lənkəran ŞRPŞ-nin TB-də təhqiqatçı vəzifəsində işləyir. Şəxsla heç bir ədavəti və düşmənçiliyi yoxdur. xx.xx.2024-ci tarixdə, xidməti olarkən DİN-in 102 qaynar xəttinə Şəxs zərərçəkmiş kimi şikayətinin daxil olduğu bildiririldi. Həmin şikayətlə əlaqədar Ləj kəndinə gedib və Coşqunun küçədə durduğunu görüblər. Özlərini təqdim etdikdən sonra, əvvəlcə ona birlikdə xəstəxanaya getməyi təklif etmiş, lakin sonradan danışıq əsasında Coşqunun sərxoş vəziyyətdə olduğunu görərək onu yaşadığı evinə gətirmişlər. Yaşadıqları həyətə çatdıqdan sonra Coşqun səbəbsiz şəkildə səs-küy salaraq onları və DİN-nin qaynar xətt əməkdaşlarını nalayiq ifadələrlə təhqir etməyə başlamış, həmçinin yerdən götürdüyü daş parçası ilə polisin xidməti avtomobilinə zərbə vurmağa cəhd göstərmişdir. Onlar öz növbəsində Coşquna zərərçəkmiş kimi etdiyi şikayətə görə köməklik göstərmək üçün yaxınlaşdıqlarını bildirərək onu sakitləşdirməyə çalışmış, lakin o, nəinki polisin, həmin vaxt onlarla bərabər həyətdə olan atası, bacısı, nənəsi, həmçinin analığı tərəfindən edilən xəbərdarlıqlara məhəl qoymadan uca səslə nalayiq söyüşlər söyməyə davam etmişdir. Daha sonra Polis şöbəsindən aldıqları məlumat əsasında Coşqunun DİN-in qaynar xətt əməkdaşlarını telefonda danışarkən nalayiq ifadələrlə söydüyünü öyrənmişlər. Lakin, Coşqun həddindən artıq sərxoş vəziyyətdə olduğundan, onu evə salmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-də sürücü işləyən X3 da əvvəlki şahidin izahatına uyğun izahat verdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 001358 nömrəli protokoldan görünür ki, Şəxs yüngül dərəcəli alkogol qəbulu əlamətləri vardır. İş üzrə icraat materiallarına əlavə edilmiş arayışdan görünür ki, Şəxs heç bir əlilik statusu müəyyən edilməmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş diskə baxış keçirilmiş, orada Şəxs etdiyi əməli etiraf edərək bir daha polis əməkdaşlarını təhqir etməyəcəyini bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-ci il tarixdə, saat 23:50 radələrində sərxoş halda Lənkəran rayonu, Ləj kəndində yaşadığı fərdi evin həyətində ucadan qışqıraraq, polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir etməklə inzibati xətaya yol vermişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun etirafedici izahatı ilə yanaşı şahidlərin izahatı, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal, onun himayəsində iki azyaşlı uşağın olmasıdır. İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanı sərxoş halda törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Eyni zamanda həmin Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 10 (on) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 03 oktyabr 2024-cü il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar