Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-921/2024 24.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X5 və qərarından şikayət verilən orqan - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi, məsləhətçi-müfəttiş Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 qəbul etdiyi 08 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 tərəfindən ünvan 1 ünvanının qarşısında bələdiyyə mülkiyyətində 1(bir) ədəd 15 sm diametrində tam bioloji inkişafda olan tut cinsli ağacı kök boğazından qanunsuz olaraq kəsilmişdir. Həmin qərardan verilmiş şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.1947-ci il tarixdə Lənkəran rayonu, Lüvəsər kəndində anadan olmuş və hazırda da ailə üzvləri ilə birlikdə Lənkəran şəhəri, Şəhidlər Xiyabani 119 A-da yaşayır. O, 2017-ci ildə yuxarıda göstərilmiş ünvanda ev tikmiş, onunla qonşu olan Əlisa Əsgərov (Saşa) kimi tanınan şəxs 4 ildir ki, onu narahat edir, ona sataşır. Qanunsuz olaraq onun evinin arxa hissəsinin bir hissəsini zəbt edərək orada odun anbarı tikmişdir. Evin yan tərəfini də zəbt edərək orada 3 ədəd keçi saxlayır, ona orada iş görüb suvaq çəkib təmir etməyə imkan vermir. O yerin Əlisa Əsgərova heç bir aidiyyəti yoxdur, çünki bələdiyyənin torpağıdır. Qanunsuz olaraq ordan qapı açıb onun yolu başqa yerdəndir. Dəfələrlə ona demişdir ki, evin arxa və yarı hissəsini boşaldsın, o da öz evinə suvaq çəksin və digər işlərini görsün, hal-hazırda suvaq çəkmək istəsə də həmin şəxs imkan vermir. Ona güc tətbiq edir, dəfələrlə ona xəsarət yetirib. O da yaşlı adamdır, heçnə deyə bilmir, bununla bağlı polisə də müraciət etmişdir. Polis də cinayət işinin başlanmasın rədd edib və məhkəməyə müraciət etməyi tövsiyə edib. Onun oğlu 22 ildir hərbiçidir vətənə xidmət edir onun da 3 övladı var. Həmin qonşu 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə də onun ağac kəsməsi barədə şikayət edib. Düzdür orada evinə narahatlıq yaradan bir çürük ağac olub, bir köküstə bitən, bir ədəd tut ağacının iki budağından biri onun divarına yapışmışdı. Heç cür suvaq vurmaq olmurdu. Bundan başqa, evə ziyan vurub şiferə dəyirdi. Həmin budağın bir tərəfi çürümüşdü. O, həmin çürümüş kəsmişdir. O biri budaq isə yerindədir. O budaq da 32 sm aralıqdadır. O, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 qəbul etdiyi 08 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında 2000 manat inzibati qaydada cərimə edilmişdir. Hesab edir ki, həmin qərar əsassız və qanunsuzdur. Qanunvericiliyin tələblərinə uyğun olmadığından həmin qərar ləğv edilməlidir. Ona görə də hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini istəyir. Məhkəmə iclasında X5 şikayətin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini və barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 qəbul etdiyi 08 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Verilən suallaraq cavab olaraq Xudaşirin Muradov bildirdi ki, qonşusu X6 ilə münasibətləri yaxşı deyildir. Onların evlərinin arasınd ayerləşən torpaq sahəsi Lənkəran Şəhər Bələdiyyəsinə məxsusdur. O da, Əlisa Əskərov da həmin torpaq sahəsini əldə etməkdən ötrü bələdiyyəyə müraciət etmişlər. Lakin bələdiyyə müraciətə müsbət cavab verməmişdir. Əlisa Əskərov 3 il əvvəl bələdiyyəyə məxsus həmin torpaq sahəsində tut ağacı əkmişdir. O tut ağacını, yox 1 kök üstündə olan ağacən iki budağından birini kəsmişdir. Məhkəmə iclasında ona qərarından şikayət verdiyini orqanının nümayəndəsinin təqdim etdiyi izahat onun tərəfindən yazılmışdır. Tut ağacının kəsilməsini özündə əks etdirən ona təqdim edilmiş fotoşəkillər bələdiyyə mülkiyyətinə aid ərazidə çəkilmişdir. O, həmin fotoşəkillərdə olan budağı o kəsmişdir. Lakin o, hesab edir ki, balta ilə kəsdiyi hissə ağacın özü yox, budaqdır. Qeyd olunanları nəzərə alaraq, onun barəsində qəbul edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən orqan - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi, məsləhətçi-müfəttiş Nümayəndə şikayətin dəlillərini qəbul etməyərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə X5 tərəfindən ünvan 1 ünvanının qarşısında bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində ağacın kəsilməsi barədə daxil olmuş məlumat əsasında həmin əraziyə baxış keçirilmiş, baxış zamanı bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində 1(bir) ədəd 15 sm diametrində tam bioloji inkişafda olan tut cinsli ağacın balta vasitəsilə kök boğazından kəsilib yerində qalması müəyyən edilmiş, baxışda iştirak etmiş Xudaşirin Muradov şifahi və yazılı izahatında bələdiyyə mülkiyyətinə aid əraziyə yaxın yerdə inşa etdirdiyi evə suvaq vurmaq üçün həmin tut cinsli ağacı maneçilik törətdiyindən balta vasitəsilə kökündən kəsdiyini bildirmiş, bu barədə müvafiq akt tərtib edilmişdir. Daha sonra inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şikayətçinin göstərdiyi dəlillərlə razı olmadığını, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuni və əsaslı olduğunu bildirərək şikayətin təmin edilməməsini və qərarın ləğv edilməməsini xahiş etdi. İş materiallarında olan: Lənkəran ŞRPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı X7 tərəfindən xx.xx.2024-cü il tarixli, HK-1/2845, 2846 nömrəli yoxlama materialı üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir. X5 tərəfindən Lənkəran Şəhər Bələdiyyəsinə ünvanlanmış ərizədən görünür ki, ünvan 4 50 kv.m torpağı ona satılmasından ötrü müraciət etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 08 oktyabr 2024cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 tərəfindən ünvan 1 ünvanının qarşısında bələdiyyə mülkiyyətində 1(bir) ədəd 15 sm diametrində tam bioloji inkişafda olan tut cinsli ağacı kök boğazından qanunsuz olaraq kəsilmişdir. O, İXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Lənkəran Şəhər Bələdiyyəsinin sədri Nuranə Nəsirova tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Ceyhun Hüseynova ünvanlanmış xx.xx.2024-cü il tarixli, 291/4 №-li məktubdan görünür ki, ünvan 5 ünvanında yaşayan X3 istifadəsində olan torpaq sahəsi Lənkəran şəhər bələdiyyəsinə məxsus ümumi istifadə torpağıdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 87247 №-li Aktdan görünür ki, X5 tərəfindən ünvan 1 ünvanının qarşısında bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində ağacın kəsilməsi barədə daxil olmuş məlumat əsasında həmin əraziyə baxış keçirilmiş, baxış zamanı bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində 1(bir) ədəd 15 sm diametrində tam bioloji inkişafda olan tut cinsli ağacın balta vasitəsilə kök boğazından kəsilib yerində qalması müəyyən edilmiş, baxışda iştirak etmiş Xudaşirin Muradov şifahi və yazılı izahatında bələdiyyə mülkiyyətinə aid əraziyə yaxın yerdə inşa etdirdiyi evə suvaq vurmaq üçün həmin tut cinsli ağacı maneçilik törətdiyindən balta vasitəsilə kökündən kəsdiyini bildirmişdir. Həmin akta əsasən təbiətə dəymiş ziyanın hesablanması cədvəlindən görünür ki, 1 ədəd kəsilmiş ağacın diametri 15 sm, təbiətə dəymiş ziyanın məbləği 150 manatdır. Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə görə meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 253-cü və 253-1-ci maddələrinin qüvvəsi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət əkinlərə şamil edilmir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 №-li Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.1-ci bəndinə görə yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 2.2.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 2.2.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; 2.2.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyriyaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 2.2.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; 2.2.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 2.2.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. 2.3. Bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Həmin Qaydanın 2.4-cü bəndinə görə fiziki və hüquqi şəxslər (bundan sonra - ərizəçi) bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Həmin Qaydanın 2.9 və 2.11-ci bəndlərinə görə İstifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qərarı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqların götürülməsinə dair rəyi nəzərə alınmaqla, rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 (on) təqvim günündən gec olmayaraq qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir. İstifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanı, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən yaşıllığın götürülməsi haqqında qərarının və yaşıllığın götürülməsi vərəqinin surəti 2(iki) gün müddətində məlumat üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilir. Həmin Qaydanın 3.1-3.4-cü bəndlərinə əsasən bu Qaydanın 2.7-ci bəndinə uyğun olaraq yaşıllıqların götürülməsinə dair istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin müraciəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır və 3 (üç) təqvim günü müddətində onun yerli qurumları tərəfindən təqdim olunmuş sənədlər əsasında yaşıllığa yerində baxış keçirilir və müvafiq rəy tərtib edilir. Yaşıllıqların götürülməsinə dair rəydə yaşıllıqların yerinin dəyişdirilməsinin(kökündən çıxarılmasının) və ya bərpa edilməsi şərtilə kəsilməsinin məqsədəuyğunluğu əsaslandırılmalı, götürülən yaşıllıqların növü, sayı, cinsi, yaşı, diametri, hündürlüyü, bioloji vəziyyəti və gül-çiçək və ot bitkilərinin sahəsi barədə məlumatlar əks olunmalı, həmçinin rəydə müvafiq şərtlər (aqrotexniki, mövsümi, vegetativ və s.) nəzərə alınmaqla işlərin icra müddəti müəyyənləşdirilməlidir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqların götürülməsinə dair rəy istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə 2 (iki) gün müddətində təqdim edilir. Bu Qaydanın 2.2.5-ci və 2.2.6-cı yarımbəndlərində nəzərdə tutulan hallarla bağlı yaşıllığın götürülməsi barədə müraciətlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır, dərhal təqdim olunmuş sənədlər yoxlanılır, yerli qurumlar tərəfindən 1 (bir) gün müddətində yaşıllığa yerində baxış keçirərək nəticəsi barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 1 (bir) təqvim günü ərzində yaşıllıqların götürülməsinə dair müvafiq rəy verilir və istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə həmin gün təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X5 xx.xx.2024-cü il tarixdə yaşadığı evin yaxınlığında Lənkəran Şəhər Bələdiyyəsinə məxsus olan ümumi istifadə üçün nəzərdə tutulmuş ərazidə qonşu Əlisa Əsgərov tərəfindən əkilmiş 1(bir) ədəd 15 sm diametrində tam bioloji inkişafda olan tut cinsli ağacı balta vasitəsilə kök boğazından qanunsuz olaraq kəsmişdir. Şikayətində və məhkəmə iclasında Xudaşirin Muradov kəsdiyi hissənin budaq olduğunu bildirsə də, təqdim edilmiş fotoşəkillərdən, tərtib edilmiş aktdan və işdə olan digər sənədlərdən görünür ki, Xudaşirin Muradov tərəfindən kəsilmiş hissə budaq deyil, 15 sm diametrində tam bioloji inkişafda olan tut cinsli ağac olmuşdur. Məhkəmə iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərə əsaslanmaqla X1 məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşaraq hesab edir ki, o, akt tərtib edilərkən şifahi və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində yazılı şəkildə alınmış səmimi izahat verərək öz təqsirini etiraf etmişdir. Hazırki izahatında göstərdiyi xüsusatlar isə məsuliyyətdən yayınmaq məqsədi güdməklə inandırıcı deyil və iş materialları tam təkzib olunur. X1 şikayətində və izahatında irəli sürdüyü formal mülahizələrə söykənən bu dəlillər qanuni və əsaslı olan inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-921/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-921/2024
24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver