Məhkəmə qərarları › İş №3(049)-924/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-924/2025

07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-924/2025 07.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, şikayət verən şəxs X7 nümayəndəsi – Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili X3 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X8 iştirakı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Lənkəran - X17 vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 15 dekabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X12 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək Müfəttişliyi Xidmətinin Lənkəran - X17 vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 15 dekabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. X12 şikayətini onunla əsaslandırmışdır ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X4 tərəfindən vətəndaş X6 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2025- ci il tarixində işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə vəzifəli şəxs kimi "AVTO OMSK” MMC- nin direktoru olaraq onun barəsində İXM-nin 192.1-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokol əsasında xx.xx.2025-ci il tarixli, MN:1808721 saylı inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. Qeyd etmək istəyir ki, protokolda iddia edilir ki, guya X9 xx.xx.2025-ci il tarixində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmişdir. Bu iddia faktiki hallara, sənədlərə və hüquqi reallığa ziddir. İş materialları və işçinin öz yazılı ərizəsi ilə dəqiq təsdiq olunur ki, X9 "xxxx" MMC-də xx.xx.2024 - xx.xx.2025 tarixlərində birinci əmək fəaliyyəti dövründə çalışmışdır, daha sonra isə yalnız xx.xx.2025 -xx.xx.2025 tarixləri arasında ikinci əmək fəaliyyəti dövrü mövcud olmuşdur və bu tarixlərdən kənar dövrlərdə "AVTO OMSK” MMC ilə hər hansı əmək və ya işgüzar münasibət mövcud olmamışdır. Bu fakt X6 öz xətti ilə yazdığı, imzaladığı və iş materiallarına əlavə edilmiş ərizəsi ilə birbaşa sübuta yetirilmişdir. İnzibati xəta üzrə materiallara əlavə edilmiş ödəniş qəbzləri barədə bildirir ki, həmin qəbzlər əmək münasibətlərinin mövcudluğunu sübut edən sənədlər hesab edilə bilməz və bu istiqamətdə aparılan qiymətləndirmə yanlışdır. Belə ki, X9 tərəfindən təqdim edilmiş ödəniş qəbzləri əmək haqqı, avans və ya işə görə ödəniş xarakteri daşımır. Həmin qəbzlər şəxsi məqsədlərlə həyata keçirilmiş ödənişlərə və fərdi və məişət xarakterli əməliyyatlara aiddir. İşçinin öz xətti ilə yazdığı və imzaladığı ərizədə açıq şəkildə göstərilmişdir ki, təqdim etdiyi qəbzlər "AVTO OMSK” MMC-nin fəaliyyəti ilə əlaqəli deyildir. Qəbzlərin təqdim edilməsi şirkət nümayəndəsinin izahat tələbi zamanı yaranmış anlaşılmazlıq nəticəsində baş vermişdir. Ödəniş qəbzləri üzərində "AVTO OMSK” MMCnin adı, VÖEN-i, təyinat bölməsində əmək haqqı və ya xidmət ödənişi barədə hər hansı qeyd mövcud deyildir. Bu isə onların əmək münasibətləri ilə əlaqəsini hüquqi baxımdan tam istisna edir. İnzibati xəta haqqında iş üzrə əsas sübutlar arasında ciddi və aradan qaldırılmayan ziddiyyətlər mövcuddur. Hadisə haqqında aktın ilkin variantında hadisə tarixi texniki səhvlik nəticəsində 05 oktyabr kimi göstərilmişdir, sonradan həmin aktda düzəliş edilərək hadisə tarixi 25 oktyabr tarixi olaraq qeyd olunmuşdur. Hüquq-mühafizə orqanlarına ünvanlanan məktubda hadisə "sentyabr-oktyabr ayları” kimi göstərilmişdir, halbuki faktiki araşdırma yalnız oktyabr ayı ilə bağlı olmuşdur. Qeyd olunan ziddiyyətlər sənədlərin ilkin tərtibi mərhələsində yol verilmiş texniki səhvlər nəticəsində yaranmışdır, hüquq-mühafizə orqanlarına ünvanlanan məktub mövcud şablon əsasında hazırlanmış, lakin şablondakı "sentyabr-oktyabr" ifadəsi texniki olaraq redaktə edilmədən qalmışdır və məlumatlar mexaniki şəkildə bir sənəddən digərinə köçürülmüşdür. Əlavə olaraq qeyd etmək istəyir ki, xx.xx.2025-ci il tarixli, №25/006 saylı məktub "AVTO OMSK” MMC tərəfindən qabaqlayıcı qaydada birbaşa AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə ünvanlanmışdır. Həmin məktub əmək münasibətləri ilə bağlı faktiki vəziyyət barədə dövlət orqanına şəffaf məlumat verilməsi məqsədi daşımışdır. Məktubda yer alan tarixlərlə bağlı uyğunsuzluqlar isə sənədlərin ilkin tərtibi zamanı yol verilmiş texniki səhvlər olub, sonradan aktın yenilənmiş versiyası və izahatlarla dəqiqləşdirilmişdir. Bu səbəbdən, müəssisənin öz təşəbbüsü ilə təqdim etdiyi sənəddə yol verilmiş texniki xarakterli uyğunsuzluqların inzibati məsuliyyət üçün əsas kimi qiymətləndirilməsi əsassızdır. Bu hallar qəsd, bilərəkdən vanlıs məlumat vermə və ya məsuliyyətdən yayınma məqsədi daşımır və sırf texniki xarakterli sənədləşmə nöqsanlarıdır. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi o vaxt tətbiq edilə bilər ki, əmək müqaviləsi olmadan iş faktı dəqiq tarixlə, ziddiyyətsiz sübutlarla, şübhə doğurmadan sübuta yetirilsin. AR İXM-nin 76 və 77-ci maddələrinə əsasən sübutlar obyektiv, dəqiq və etibarlı olmalıdır, ziddiyyətli və texniki səhvlərlə yüklənmiş sənədlər inzibati məsuliyyət üçün əsas ola bilməz. AR İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Müəyyən edilmiş tarix və məlumat uyğunsuzluqları texniki xarakter daşıyır, real əmək münasibətlərinin gizlədilməsi, qanunvericiliyin tələblərindən yayınma və ya dövlət orqanlarını çaşdırmaq niyyəti ilə müşayiət olunmamışdır. Buna görə də inzibati məsuliyyətin yaranması üçün zəruri olan təqsir elementi mövcud olmadığından, "xxxx" MMC-nin direktoru X12 barəsində inzibati tənbeh tədbirinin tətbiqi əsassızdır. İş üzrə keçirilmiş məhkəmə iclaslarında iştirak edən ərizəçi X7 nümayəndəsi – Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə keçirilmiş məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X15 şikayət tələbini qəbul etməyərək, izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə X2 Əmək Müfəttişliyi Xidmətinin Lənkəran – Astara şöbəsinə ərizə ilə müraciət edərək, xx.xx.2025ci il tarixdə "xxxx" MMC-də menecer vəzifəsinə işə qəbul edildiyini, sonradan əsasssız olaraq Əmək Məcəlləsinin “ç” bəndinə əsasən, işdən çıxarıldığını bildirmiş və bu barədə tədbir görülməsini xahiş etmişdir. X14 ərizəsinin araşdırılması məqsədilə X13 Xidmətinin Lənkəran – Astara şöbəsi tərəfindən "xxxx" MMC-yə müvafiq sorğu göndərilmişdir. Sorğuya cavab olaraq "xxxx" MMC tərəfindən “Hadisə (fakt) haqqında” xx.xx.2025-ci il tarixli akt və ödəniş qəbzləri təqdim edilmişdir. Təqdim edilmiş sənədlər əsasında araşdırma aparılarkən məlum olmuşdur ki, X9 05 oktyabr 2025-ci il tarixində "xxxx" MMC-nin Biləsuvarda yerləşən mağazasında onunla əmək müqaviləsi bağlanmadan işlərin, xidmətlərin iyerinə yetirilməsinə cəlb edilmişdir. Bu barədə aidiyyəti üzrə inzibati xəta haqqında araşdırma başlanmışdır və MMC-nin rəhbəri Elvin Məmmədov İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 3.000 manat cərimə edilmişdir. Belə ki, araşdırma zamanı iş materialları ilə Elvin Məmmədovun İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam olaraq sübuta yetirilmişdir. X16 inzibati məsuliyyətdən yayınmaq məqsədilə X13 Xidmətinin Lənkəran – Astara şöbəsinə və hüquq mühafizə orqanına təqdim etdiyi “Hadisə (fakt) haqqında” xx.xx.2025-ci il tarixli aktda dəyişiklik eədərək, tarixi dəyişdirilmiş, onu öz möhürü ilə təsdiqləmiş və bu məqsədlə məhkəməyə də təqdim etmişdir. Belə ki, şikayət tamamilə əsassızdır. Odur ki, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 15 dekabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 3.000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Sözügedən qərarda və ona əlavə edilmiş iş materiallarında olan 05 dekabr 2025-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, işəgötürən X12 tərəfindən Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci hissələrinin tələbləri pozulmaqla, X9 xx.xx.2025-ci il tarixdə əmək müqaviləsi qanuni qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş “Hadisə (fakt) haqqında” xx.xx.2025-ci il tarixli aktda qeyd edilmişdir ki, 2025-ci ilin 05 oktyabr tarixində Biləsuvarda yerləşən satış məntəqəsində çalışan X9 müəssisəyə məxsus 600 (altı yuz) manat məbləğində malı mağazadan almış, lakin həmin məbləği şirkət kassasına və yaməsul şəxsə təqdim etməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, həmin malın pulu Əli adlı müştəri tərəfindən Bəşirə nağd şəkildə təhvil verilmiş, lakin Bəşir müəssisəyə ödənış etmədən, rəhbərliyə məlumat vermədən iş yerini tərk etmişdir. Hadisədən sonra mağazada yoxlama aparılmış və oğurluq faktı təsdiqlənmişdir. Sözügedən akta əlavə edilmiş və iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən biri də xx.xx.2025-ci il tarixinə təsadüf edir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, işəgötürən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X12 tərəfindən Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci hissələrinin tələbləri pozulmaqla, X9 xx.xx.2025-ci il tarixdə əmək müqaviləsi qanuni qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə, şikayət ərizəsində qeyd edilən “Hadisə (fakt) haqqında” aktda tarixin səhv qeyd edilməsi barədə ifadəyə və şikayət ərizəsinə əlavə edilmiş “Hadisə (fakt) haqqında” xx.xx.2025-ci il tarixli aktın surətinə münasibət bildirərək qeyd edir ki, həmin aktda dəyişikliyin edilməsi X12 tərəfindən sonradan inzibati məsuliyyətdən yayınmaq məqsədilə həyata keçirilmişdir. Belə ki, təqdim edilmiş xx.xx.2025-ci il tarixli akt "xxxx" MMC-nin əməkdaşları tərəfindən fiziki imza ilə imzalanmış və MMC-nin möhürü ilə təsdiqlənmişdir. Aktın müvafiq qeydiyyatı mövcud deyildir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 aktın sonradan yenidən tərtib edilməsinə, dəyişikliklərin edilməsinə və təsdiqlənməsinə real imkanı olmuşdur. Həmçinin ilkin olaraq "xxxx" MMC tərəfindən tərtib edilərək X13 Xidmətinin Lənkəran - X17nə təqdim edilmiş “Hadisə (fakt) haqqında” xx.xx.2025-ci il tarixli akta əlavə edilmiş ödəniş qəbzlərindən də həmin aktda qeyd edilmiş xüsusatlara uyğun olaraq X9 xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-də işlərin (xidmətlərin) yerinə yetirilməsi faktı müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Bütün qeyd olunanları nəzərə alaraq, habelə inzibati xəta haqqında protokolu, inzibati tənbehvermə haqqında qərarı və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və onun şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48- 51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Lənkəran - X17nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 15 dekabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X12 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan 10 (on) gün muddətinə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar