Məhkəmə qərarları › İş №3(049)-926/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-926/2024

29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-926/2024 29.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 iştirakı ilə, Lənkəran Şəhər Rayon X10 X12 Yol patrul xidmətinin inspektoru polis leytenantı X9 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Lənkəran Şəhər Rayon X10 X12 Yol patrul xidmətinin inspektoru polis leytenantı X9 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarla X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 330.0.2-ci maddələri ilə təqsirli bilinərək 100 (yüz) manat miqdarında cərimə edilmişdir. X6 həmin qərardan şikayət verib. Ərizəçi şikayətdə TP seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində İXM-nin qeyd olunan maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, izibati xəta haqqında iş üzrə icraatına başlanmasına səbəb Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı Mahir Şahbəzbəylinin 22 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı olmuşdur. Həmin qərardan görünür ki, guya o, yolayrıcında sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçən piyadaya yol verməmiş və yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. İlk öncə onu qeyd etmək istəyir ki, şəxsin əməlində İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın mövcudluğu üçün şəxsin əməlində yol hərəkəti qaydalarının pzulması müəyyən edilməlidir, yəni əməlimdə İXM-nin 327.6-cı maddəsinin mövcud olması üçün İXM-nin 330.0.2-ci maddəsinin tərkibi mövcud olmalıdır. İXM-nin 330-cu maddəsinin qeyd hissəsində sürücülər tərəfindən yol verilməmənin anlayışı verilmiş, yol verilməmə dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Lakin təhqiqat orqanın təqdim etdiyim videogörüntülərə dair diskdən görünür ki, X13nın dönəcəyi yolda deyil, hələ dönməmişdən əvvəl, idarə etdiyim KİA Sportage markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Belə olan halda inzibati orqan onun hadisənin qarşısını almağa imkanımın olub-olmamasını araşdırmamış, bununla bağlı hərəkət sürətini müəyyən etməmiş, sadəcə onun və Sevanə Əliyevanın izahatını, eləcə də təqdim etdiyi videogörüntülərə kifayət qədər diqqət yetirmədən qərar qəbul etmişdir. Halbuki, o, avtomobilini işıqforun yaşıl işığı yandıqdan sonra hərəkətə gətirməyə başlayarkən Sevanə Əliyeva qəflətən yolun hərəkət hissəsinə çıxmış və idarə etdiyi avtomobilin qabaq sağ hissəsinə çırpılmışdır. X13 özü nizamlanan yolayırıcında işıqforun qadağanedici nişanına məhəl qoymamış və onun hərəkət hissəsinə çıxmasına baxmayaraq, barəsində qərar qəbul etmiş inzibati orqan həmin hallara diqqət yetirməmişdir. Təqdim edilmiş videogörüntülərə azacıq diqqət yetirməklə dediklərinin həqiqətə uyğun olduğunu müəyyən etmək olar. Lakin təəssüf ki, inzibati orqan bu kimi hallara diqqət yetirməmişdir. Qeyd olunanlardan göründüyü kimi sürücü ilə yanaşı, piyadalar da yol hərəkəti iştirakçısı olmaqla, svetoforun siqnalarının yerinə yetirilməsinə riayət etməlidirlər. Təqdim etdiyi video görüntülərdən də görünür ki, digər nəqliyyat vasitələrinin istifadəçisi kimi o, da svetorofun qadağanedici nişanında idarə etdiyimi avtomobili dayandırmış, svetoforun icazəverici siqnalı yandıqdan dərhal sonra deyil, bir neçə saniyə keçdikdən sonra ondan əvvəl hərəkət edən avtomobil hərəkətə başladığı üçün o, da hərəkətə başlamışdır. Bu zaman X13 svetoforun piyadalar üçün qadağanedici siqnalına məhəl qoymadan yolu həkət hissəsinə çıxmışdır. Göründüyü kimi o, yox, piyada S.Əliyeva «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd edilən tələblərinə riayət etməmiş, nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Buna görə də əməlində İXM-nin 330.0.2-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Nəqliyyat hadisəsindən yayınmaqla bağlı isə bildirir ki, cinayət işinin rədd edilməsi haqqında yuxarıda qeyd olunan qərarda həm onun, həm də X13nın izahatı qeyd edilmişdir. Hər iki izahatdanda görünür ki, hadisə baş verəndən sonra o, insanlıq naminə və sürücülük vəzifəsini yerinə yetirmək naminə Sevanə Əliyevanı hadisə şahidlərinin iştirakı ilə onu Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına aparmaq, yəni ona ilkin tibbi yardım edilməsi üçün öz avtomobilimə mindirmişdir. X15 təkidlə ona səhhətinin yaxşı olduğunu, sadəcə dizinin sıyrıldığını və Lənkəran şəhərinə rəfiqəsigilə qonaq gəldiyini bildirmiş, təcili olaraq ona hicab almalı olduğunu demişdir. Onun bu israrlarına görə onu Lənkəran şəhərində yerləşən mağazaların qarşısında avtomobildən düşürtmüş, özünün isə onu gözləyəcəyimi bildirmişdir. Mağazanın qarşısında avotomobillərin sıx olduğunu, avtomobili dayandırmaq üçün yer olmadığını görüb onu biraz kənarda saxlamışdır. Təxminən 10-15 dəqiqə Sevanə Əliyevanın gəlmədiyini görüb, avtomobildən düşmüş, onun getdiyi mağazaya getmişdir. Mağazada satıcıdan Sevanə Əliyevanın mağazada olub-olmadığını soruşmuş, satıcı isə Sevanənin getdiyini ona bildirmişdir. Bundan sonra bir neçə dəqiqə gözləməyinə baxmayaraq Sevanə Əliyeva tapa bilməmişdir. Göründüyü kimi o, hadisə yerindən yayınmamışdır. Əksinə xəsarət almış piyadanı tibb məntəqəsinə çatdırmağa çalışmışdır. Hazırki işin hallarından və cinayət işinin rədd edilməsi barədə qərardan görünür ki, onunla Sevanə Əliyeva arasında hadisədə Sevanə Əliyevanın təqsirinin olması ilə bağlı mübahisə olmamış, həmin yol-nəqliyyat hadisəsi nəticəsində Sevanə Əliyevanın sağlamlığla zərər dəyməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X6 məhkəmə icasında şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib edən orqanın – Lənkəran Şəhər Rayon X10 X12 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə inzibati protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş Lənkəran ŞRPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X1 tərəfindən qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqında” 22 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, həmin qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, sürücü X6 barəsində İXM-nin 330.0.2 və 327.6-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Lənkəran ŞRP-nin DYPB-nə göndərilmişdir. Qərarın təsviri hissəsində qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə 1995-ci il təvəllüdlü X7 DİN-in 102 xidmətinə zəng edərək, həmçinin Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət edərək marka və qeydiyyat nişanını bilmədiyi avtomobil tərəfindən vurulması barədə məlumat vermişdir. Araşdırma zamanı izahatı alınan X7 izahatında göstərmişdir ki, Bakı şəhəri Binə qəsəbəsində yaşayır. xx.xx.2024-cü il saat 07 radələrində Lənkəran şəhərinə qonaq gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 14:05-də Lənkəran şəhəri H.Aslanov küçəsində yerləşən Kanon aptekin qarşısı ilə yolu X16 Filialına doğru işıqforun piyadalar üçün yaşıl işığında keçərkən, H.Aslanov küçəsi ilə Qala Xiyabanı istiqamətdə hərəkətdə olan zaman Kia Sportage markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil sol ön hissəsi ilə onu vurmuşdur. Əvvəllər tanımadığı, sonradan ad və soyadının X6 olduğunu bildiyi sürücü avtomobildən enərək onu yerdən qaldırıb avtomobilinə əyləşdirib avtomobili təxminən 15-20 metr irəli hərəkət etdirmişdir. Daha sonra avtomobildən enərək hicab almaq üçün mağazaya daxil olmuşdur. Mağazadan çıxdıqda isə sürücünün və avtomobilin orada olmadığını aşkar etmişdir. Heç kəs ona yardım göstərmədiyindən və sürücü avtomobili ilə hadisə yerindən yayındığından DİN-in 102 xidmətinə zəng edərək polisdən kömək istəmişdir. Materiala əlavə edilmiş, X3 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, X6 ilə barışmış və ona vurulan maddi ziyan ödənilmişdir. Materiala əlavə edilmiş hadisə anının görüntülərini özündə əks etdirən videokamera görünütlərindən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə idarə etdiyi Kia Sportage markalı **-AA-*** dövlət qeydiyyatlı avtomobillə hərəkətdə olan zaman Lənkəran şəhəri H.Aslanov küçəsi ilə Z.Əliyeva küçələrinin kəsişməsində piyada zolağı ilə yolu keçən X5 avtomobilin ön hissəsi ilə vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, sürücü X6 yol nəqliyyatı hadisəsi yerindən yayınmasına baxmayaraq hadisə zamanı xəsarət almış piyadaya tibbi yardımın göstərilməsi ilə əlaqədar onu tibb müəssisəsinə aparmamış və baş vermiş hadisə barədə ixtisaslaşmış polis orqanlarını rəsmi qaydada məlumatlandırmamışdır. Ərizəçi tərəfindən sübut kimi şikayət ərizəsinə əlavə edilmiş CD diskin yaddaşında olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilərkən müəyyən edildi ki, 12 sentyabr 2024-cü il saat 14:10 radələrində Lənkəran şəhərində yerləşən Lənkəran Dövlət Universitetinin inzibati binasının yerləşdiyi binanın qarşısından bir tərəfli yolda hərəkət edən avtomaşın qarşıda olan işıqforun qırmızı işığı yanarkən sürücü tərəfindən dayandırılır. İşıqforun yaşıl işığı yandıqdan sonra avtomaşın hərəkətə başlayır və bundan sonra avtomaşın yolu keçən piyadaya dəyir. Bu zaman həmin avtomaşından sağda (piyadanın yolu keçməyə başladığı tərəfdən) hərəkət edən VAZ-2107 markalı, yaşıl rəngli avtomaşın ilkin olaraq hərəkətə başlayır və piyada keçidini tam keçir. Həmin avtomaşın piyadaya dəydikdən sonra sürücü avtomaşını saxlayır və bir neçə dəqiqədən sonra hərəkətə başlayır. Həmin avtomaşının arxa hissəsində yerləşən videoqeydiyyatçıdan çəkilmiş videogörüntülərdən görünür ki, avtomaşın hərəkət edərkən arxa tərəfdə avtomaşınla toqquşmuş piyada görünmür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin izahatını iş materiallarını və videogörüntüləri nəzərdən keçirərək hesab edir ki, Lənkəran Şəhər Rayon X10 X12 Yol patrul xidmətinin inspektoru polis leytenantı X9 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 330.0.2-ci maddəsinə əsasən, yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya sürücünün yol verilməməsinə görə - əlli manat məbləğində cərimə edilir. Qeyd: Bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. İşin məhkəmə araşdırması zamanı iş materiallarından, izahatdan və videogörüntüdən müəyyən edildi ki, X6 xx.xx.2024-cü il tarixdə saat 14:10 radələrində idarə etdiyi avtomaşınla Lənkəran şəhəri, H.Aslanov küçəsində “Kanon” aptekin qarşısında hərəkətdə olarkən işıqforun qırmızı işığında avtomaşını dayandırır və yaşıq işıq yandıqdan sonra hərkəti davam etdirməyə başlayır. Bu zaman Gülnar Süleymanın idarə etdiyi avtomaşından sağda (piyadanın yolu keçməyə başladığı tərəfdən) hərəkət edən VAZ-2107 markalı, yaşıl rəngli avtomaşın ilkin olaraq hərəkətə başlayır və piyada keçidini tam keçir. Həmin vaxt yolu keçmək piyadalar üçün qadağan edildiyindən piyada yolu keçməyə başlayır və Gülnar Süleymanın idarə etdiyi avtomaşınla toqquşur. Bu hal onu deməyə imkan verir ki, sözügedən piyada avtomaşınların hərəkətinə icazə verildikdən (yaşıl işıq yandıqda) sonra yolu keçməyə başlamışdır. Bunun əksi iş materialları ilə təkzib edilmir. Qeyd edilənlərə əsasən, X2 piyadaya yol verməməsi faktı öz təsdiqini tapmamışdır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin 5ci hissəsinə əsasən piyada hərəkətin nizamlandığı yerlərdə nizamlayıcının və ya piyada svetoforunun, o olmadıqda isə, nəqliyyat svetoforunun işarəsini əsas tutmalıdır. 54-cü maddəsinin 1-ci hissəsinə görə nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. 60-cı maddəsinin 1-ci hissəsinə görə svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Qeyd olunanlardan göründüyü kimi sürücü ilə yanaşı, piyadalar da yol hərəkəti iştirakçısı olmaqla, svetoforun siqnalarının yerinə yetirilməsinə riayyət etməlidirlər. İXM-nin 327.6-cı maddəsinə görə yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə edilir. İXM-nin 327.6-cı maddəsinin tərkibinin mövcudluğu üçün 2 şərt müəyyən edilmişdir: 1.nəqliyyat vasitəsi sürücüsü yol hərəkəti qaydalarını pozmalı 2.nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmalı İşin məhkəmə baxışı izahatdan, iş materiallarından və videogörüntüdən müəyyən edilmişdir ki, sözügedən hadisə zamanı avtomaşın piyada ilə toqquşduqdan sonra sürücü avtomaşını saxlayır. Bir neçə dəqiqədən sonra avtomaşın hərəkətə başlayır və avtomaşının videoqeydiyyatçısından əldə edilmiş görüntülərdən müəyyən edilir ki, avtomaşın hərəkətə başladıqda sözügedən piyadanın həmin ərazidə olduğu müəyyən edilmir. Qeyd edilən hal X2 şikayət ərizəsində qeyd etdiyi xüsusatlara, yəni hadisədən sonra onun idarə etdiyi avtomaşınla toqquşmuş piyadanı öz avtomaşınına oturdaraq ona tibbi yardım göstərməsi üçün həkimə aparması barədə qeyd etdiklərinə uyğundur. Bunun əksi iş materialları ilə təkzib edilmir. Qeyd edilənlərə əsasən, X2 yol nəqliyyat hadisəsi yerindən yayınması faktı öz təsdiqini tapmamışdır. İXM-nin 8.2 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3 maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən hüquq normalarının ümumi məzmunundan, həmin normalarda təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən də göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericiliyin tələblərinə əsasən şəxsin hər hansı inzibati xətanı törətmiş olması, onun əməlində inzibati xətanın tərkibinin inzibati xəta hadisəsinin mövcud olması faktı həmin şəxsin özü tərəfindən deyil, inzibati xəta haqqında protokolu tərtib etmiş və həmin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan orqan tərəfindən sübuta yetirilməlidir və bunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Bu faktın sübuta yetrilməməsi isə şəxsin əməlində inzibati xəta tərkibinin ehtimal olunması əsası ilə onun inzibati məsuliyyətə cəlb edilməsi halını istisna edir. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr də onun xeyrinə həll olunur. Hazırki iş üzrə də X4 əməlində Azərbaycan Respublikası İXM-nin 327.6 və 330.0.2ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması faktının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş və həmin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan orqanın üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, inzibati xəta hadisəsinin və inzibati xəta tərkibinin yaranması ilk növbədə hüquqazidd olan, təqsirli sayılan (qəsd və ya ehtiyatsızlıq) hərəkət və ya hərəkətsizliyin mövcudluğunu özündə ehtiva edir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 330.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaların tərkibinin olması istisna edildiyinə görə o, xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara görə hər hansı inzibati məsuliyyət daşımır. Azərbaycan Respublikası İXM-nin 53.1.1 və 53.1.2-ci maddələrinin məzmununa görə inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda (bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması) qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 330.0.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi istisna olunduğından xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X6 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 8, 53, 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: X4 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 330.0.2-ci maddələri ilə inzbati məsuliyyətə cəlb edilməsinə dair Lənkəran Şəhər Rayon X10 X12 Yol patrul xidmətinin inspektoru polis leytenantı X9 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 330.0.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar