Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-931/2024 15.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Lənkəran rayonu, Girdəni kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-950/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə, inzibati tənbeh almış şəxs Şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirdi ki, o, borcu ödəməkdən imtina etmir. Lakin uzun müddətdir işsiz olması səbəbindən,borcunu ödəyə bilməmişdir. İcra sənədi üzrə 9600 manat məbləğində borcu vardır. Lənkəran Rayon Məhkəməsinin 3(049)-1626/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Əlilliyi yoxdur, əməlindən səmimi peşmandır, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 bildirdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-950/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədi icra edilməsi üçün Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmışdır. Borclu icra sənədi üzrə heç bir ödəniş etməmiş, hazırki tarixədək icra sənədi üzrə borclunun ödənilməmiş aliment borcunun məbləği 9600 manat təşkil edir. Borclu Məmmədov X2 Rayon Məhkəməsinin 3(049)-1626/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra tərəfindən ona könüllü icra üçün müddət verilsə də borclu tələbi təmin etməmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-950/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2013-cu il təvəllüdlü X5 və xx.xx.2019-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay bir uşağa görə 200 manat, cəmi 400 manat aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2023-cu il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-950/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Müvafiq icra sənədi üzrə xx.xx.2023-cu il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Mərkəzləşdirilmiş informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almır. Lənkəran Rayon Məhkəməsinin 3(049)-1626/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün həbs edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, icra məmurunun izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, buna görə də Lənkəran Rayon Məhkəməsinin 3(049)-1626/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün həbs edilmişdir. Lakin borclu icra məmurunun tələbini üzrsüz səbəbdən yerinə yetirməmiş, nəticədə barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlindən peşmançılıq hissi keçirməsi İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.4-cü maddəsinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli «15» oktyabr 2024-cü il tarixdən saat 17:45-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-931/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-931/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver