Məhkəmə qərarları › İş №3(049)-938/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-938/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-938/2024 07.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1978-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, Lənkəran rayonu, Lənkəran şəhəri, Məhəmməd ünvan 1 ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Lənkəran Şəhər Rayon X5 X7 Yol Patrul Xidmətinin inspektoru polis serjantı X2 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:50 radələrində «Ford Transit» yük markalı **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən AR İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşin məhkəmə baxışında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə ona məxsus olan **-BK- *** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobil ilə Ələt-Astar şosesinin Lənkəran rayonu, Digah kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən Lənkəran ŞRPŞ-nin YPX-nin avtomobili ona “saxla” əmri vermişdir. Qanuna əsasən, onun «saxla» əmrinə riayət etmişdir. Avtomobili saxladıqdan sonra YPX avtomobilindən düşən yol polisinin əməkdaşı ona yaxınlaşmış və özünü təqdim etmədən, saxlama səbəbini demədən ona “sən içki içməmisən?” sualını vermişdir. O, polis əməkdaşına alkoqollu içki qəbul etmədiyini bildirmişdir. Lakin adını bilmədiyi həmin YPX əməkdaşı ona idarə etdiyi avtomobili Lənkəran ŞRPŞ-nin duracağına sürməyini əmr etmişdir. O, əmrə tabe olaraq Lənkəran ŞRPŞnin duracağına avtomobilini sürmüş və YPX-nin əməkdaşı onu YPX-nin inzibati-texniki xidmət üzrə inspektoru polis baş leytenantı Asim Talıbovun otağına aparmışdır. Baş leytenant Asim Talıbov onun sərxoş olub-olmadığını müəyyən etmək üçün ona alkotesterə üfürməyini bildirmişdir. Alkotesterə üfürdükdən sonra alkotesterin üzərində olan nəticəni ona göstərmədən Asim Talıbov guya onun zəif sərxoş olduğunu bildirmişdir. Lakin o, deyilən nəticə ilə razılaşmamış və onu Lənkəran Rayonlararası Narkoloji Xəstəxanaya alkotest müayinəsinə aparmalarını bir neçə dəfə YPX-nin əməkdaşlarından xahiş etmişdir. YPX-nin əməkdaşları onu həkim müayinəsinə aparmadıqlarına görə öz təşəbbüsü ilə könüllü olaraq Lənkəran Rayonlararası Narkoloji Xəstəxanada aklotest müayinəsindən keçmiş və həmin xəstəxanada ona alkoqol qəbul etmədiyinə, sərxoş olmadığına dair 001428 saylı, xx.xx.2024-cü il tarixli protokol təqdim etmişlər. Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının barəsində olan alkoqol qəbul etmədiyinə dair 001428 saylı, xx.xx.2024-cü il tarixli protokolunu baş leytenant Asim Talıbova təqdim etsə də, lakin o, həmin protokolu qəbul etməmiş və ona heç bir sübut dəlil təqdim etmədən qanunsuz olaraq barəsində guya sərxoş halda və guya kəmər taxmadan avtomobil idarə etməyinə dair AR İXM-nin 329.1-ci və 333.1-ci maddələri ilə İXP6625760 saylı, xx.xx.2024-cü il tarixli protokolu tərtib etmişdir. O, polis şöbəsinə aparıldıqdan sonra üç saat, yəni təxminən saat 12:00-dan 15:00-dək orada qanunsuz olaraq saxlanmışdır. Yalnız oradan buraxıldıqdan narkoloji xəstəxanaya müayinəyə getmək imkanı olmuşdur. Polis əməkdaşlarının qeyd edilən qanunsuz hərəkətləri barədə müvafiq tədbir görülməsi üçün “902” polis xidmətinə və Lənkəran rayon prokurorluğuna müraciətlər etmişdir. Prokurorluq tərəfindən müraciəti aidiyyəti üzrə baxılması üçün Azərbaycan respublikası Daxili İşlər Nazirliyinə göndərimişdir. Qeyd edilənlərə əsasən Lənkəran ŞRPŞ-nin YPX-nin barəsində olan İXP6625760 saylı, xx.xx.2024-cü il tarixli protokolunu qanunsuz və qərəzli hesab edir. O, ümumiyyətlə heç vax spirtli içki qəbul etməmişdir. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin məhkəmə baxışı zamanı inzibati xəta haqqında protokolu tərtib edən inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdə olan iki videoyazıya baxış keçirilən zaman müəyyən edilmişdir ki,: birinci videoyazı yol patrul xidmətinin xidməti avtomaşınında çəkilmişdir, yol patrul xidmətinin polis əməkdaşı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ilə söhbət edir. Həmin videoyazıda polis əməkdaşının Şəxs sərxoşluq vəziyyətini müəyyən etməsi ilə əlaqədar tədbir görməsi müəyyən edilmir. ikinci videoyazı yol patrul xidmətinin xidməti iş otağında qeydə alınmışdır. Polis əməkdaşı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs sərxoşluq vəziyyətini müəyyən etmək üçün onun alkotesterə üfürməli olduğunu bildirir, Şəxs alkotesterə üfürür, polis əməkdaşı alkotesterin nəticəsini kağız daşıyıcıda çap edir, Şəxs göstəricinin 0,320 promil olduğunu bildirir, həmin kağız daşıyıcıda olan nəticənin Şəxs təqdim edilməsi müşahidə edilmir. Hər iki videoyazı polisin xidməti avtomaşınında olan videoqeydiyyatçı ilə qeydə alınmamışdır, həmçinin hansı tarixdə və hansı vaxtda qeydə alınması müəyyən edilmir. İşin faktiki halları araşdırılarkən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol, iş materialları və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı arasında ziddiyyətlər mövcuddur. Belə ki, inzibati orqan tərəfindən inzibati xəta haqqında protokola əlavə edilmiş alkotester müayinəsinin nəticəsində dair kağız daşıyıcıda olan çıxarışdan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə saat 12:36-da **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Şəxs alkotesterlə müayinə zamanı 0,369 promil alkoqol sərxoşluğu müəyyən edilmişdir. Halbuki Şəxs məhkəmə iclasında verdiyi izahatda həmin müayinə zamanı spirtli içki qəbul etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasından təqdim edilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə”yə dair 001428 nömrəli, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 15:10-da Şəxs alkoqol qəbulu əlamətlərinin olmaması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” xx.xx.2024-cü il tarixli aktdan görünür ki, “Ford Transit” yük markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2024-cü il tarixdə saat 12:44-də duracağa təhvil verilmişdir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın 2.7 bəndinə əsasən, Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında” Təlimatın 4.7 bəndinə əsasən, YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. Halbuki, işin faktiki hallarından müəyyən edilir ki, işin məhkəmə baxışı zamanı baxış keçirilməklə tədqiq edilən inzibati orqan tərəfindən təqdim edilmiş videoyazıların heç birində YPX inspektorunun avvtomaşını saxlayarkən sürücü Şəxs sərxoşluq vəziyyətini müəyyən etməsi barədə hərəkətlərinin avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılması müşahidə edilmir. “Yol-patrul xidməti haqqında” Təlimatın 5.7 maddəsinə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırıldıqda nəqliyyat vasitəsinin duracağa aparılması onun sürücüsü tərəfindən təmin edilir. Həmin nəqliyyat vasitəsi sürücüsünün nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı, yaxud sərxoş vəziyyətdə olduğu hallarda, habelə o, avtomobilinin YPX inspektoru tərəfindən idarə olunaraq duracağa aparılmasına etiraz etdikdə avtomobil evakuator vasitəsi ilə duracağa aparılır. Yol patrul xidməti əməkdaşının yuxarıda qeyd edilən hərəkətləri həyata keçirdiyi də müşahidə edilmir. Həmçinin təlimatın 5.11 maddəsinə əsasən, şəxs alkotester və ya narkotesterlə aparılan müayinənin nəticəsi ilə razılaşmadıqda hal şahidlərinin iştirakı ilə “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə protokol” tərtib olunur (Təlimata 14 nömrəli əlavə) və o, tibbi müayinə olunması üçün dövlət tibb müəssisəsinə göndərilir. Həmin təlimatın 7.11 maddəsinə əsasən, nəqliyyat vasitəsinin dayandırılması haqqında qərar hər bir konkret halda YPX inspektoru tərəfindən qanun pozuntusunun davam etdirilməsini istisna edən konkret şərait nəzərə alınaraq müstəqil şəkildə qəbul edilir. Nəqliyyat vasitəsinin sürücüsünün sərxoş vəziyyətdə olduğunu ehtimal etmək üçün kifayət qədər əsas olan halda nəqliyyat vasitəsi dayandırılır. Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma sürücünün sərxoşluq vəziyyətinə dair xüsusi texniki vasitələrin göstəricilərinə və ya tibbi müayinənin nəticələrinə uyğun olaraq həyata keçirilir. Göründüyü kimi mövcud qanunverciliyin tələbinə əsasən, YPX inspektoru nəqliyyat vasitəsini saxlayarkən sürücüsünün sərxoş vəziyyətini ehtimal etdikdə yerində xüsusi texniki vasitə ilə müayinə aparmalı və müayinənin nəticələrinə uyğun olaraq sürücünü nəqliyyat vasitəsinin idarəetməsindən kənarlaşdırmalıdır. Hazırki işin faktiki hallarından isə müəyyən edilir ki, nəqliyyat vasitəsi hərəkətdə olarkən saxlanmasına baxmayaraq, sürücünün müayinəsi saxlanılarkən deyil, sonradan yol patrul xidməti əməkdaşının xidməti otağında aparılmışdır. Həmçinin həmin müayinə zamanı videoyazıda elan edilən göstərici ilə inzibati orqan tərəfindən məhkəməyə təqdim edilən alkotester müayinəsinin kağız daşıyıcıda olan nəticəsində ziddiyyət mövcuddur. İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. İşin faktiki hallarından müəyyən edilir ki, inzibati xəta haqqında protokolda və iş materiallarında qeyd edilən xüsusatlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı və məhkəmə iclasında tədqiq edilmiş videyazıdakı xüsusatlar arasında ziddiyyətlər və bir sıra uyğunsuzluqlar mövcuddur. Bu hallar Şəxs AR İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olmasına şübhələr yaradır. AR İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı sübuta yetirilməmişdir. Ona görə də onun həmin maddə ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar