Məhkəmə qərarları › İş №3(049)-945/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-945/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-945/2024 28.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Ruslan Şahvələd oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X10 və qərarından şikayət verilən orqan - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi- müfəttişi X5 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 05 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X10 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X10 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 05 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinərək 600(altı yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 qəbul etdiyi 05 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Lənkəran ŞRPŞ-nin xx.xx.2024-cü il tarixində saat 13 radələrində X16 Nüvədi kəndi ərazisində lisenziya və icazə olmadan qanunsuz olaraq yerin təkindən istifadə qaydalarını pozmuşdur. Həmin qərardan X10 tərəfindən məhkəməyə verilmiş şikayət onunla əsaslandırılmışdır ki, 02 avqust 2024-cü il tarixdə Lənkəran rayonunun Yuxarı-Nüvədi kəndində yerləşən zavoddan sifariş əsasında təmizlənmiş qum daşıyırmış. Həmin qumu Lənkəran rayonunun Aşağı-Nüvədi qəsəbəsində yaşayan X1 30 manata almışdır. Qumu onun həyətyanı sahəsindən qonşuları onun mülkiyyətində olan “Zil 130” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yükləmişlər. Bundan sonra Pərviz adlı polis nəfəri ona yaxınlaşıb avtomobilinin şəklini çəkmiş, özünü təqdim etməyən digər polis əməkdaşı (kapitan) “yük daşıma ilə məşğulsan” deyə soruşmuşdur. O da öz növbəsində “bəli, yük daşıma ilə məşğulam. Lisenziyam var və vergi də ödəyirəm” deyə cavab vermişdir. Sonradan həmin polis kapitanı qanunsuz yük daşıma ilə əlaqədar ona 80 manat cərimə yazacağını bildirmişdir. Lisenziya və vergi ödəyicisi olmağı ilə bağlı sənədlər üzərində olmadığından polis əməkdaşının heç bir yazı qeydi olmayan protokolu imzalamaqla bağlı tələbini dövlətin səlahiyyətli şəxsi olduğu üçün etimad göstərib imzalamışdır. Halbuki polis əməkdaşı heç bir qeyd olmayan protokolu imzalamağı ondan tələb etməməli idi. Daha sonra polis əməkdaşları qumu kimdən almağı və haraya aparmağı ilə bağlı ondan heç nə soruşmamışdır. 05 sentyabr 2024-cü il tarixdə isə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə dəvət edilmişdir. Orada aydın olmuşdur ki, polis əməkdaşları ona fiziki şəxs qismində 600 (altı yüz) manat məbləğində cərimə tənbehi tətbiq etmişlər. Hadisədən xeyli müddət sonra, yəni 14 oktyabr 2024-cü il tarixdə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin məktubu və “İnzibati tənbeh vermə haqqında” 05 sentyabr 2024-cü il tarixli MN ******* saylı qərar ona poçt vasitəsilə göndərilmişdir. Həmin vaxta qədər ona cərimənin tətbiq edilməsi ilə bağlı heç bir sənəd göndərilməmişdir. AR ETSN 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən (rəis X7) tərtib olunmuş “İnzibati tənbeh vermə haqqında” 05 sentyabr 2024-cü il tarixli MN ******* saylı qərarda göstərilir: “Lənkəran ŞRPŞ-nin əməkdaşları xx.xx.2024-cü il tarixində saat 13 radələrində X13- Nüvədi kəndi ərazisində lisenziya və icazə olmadan qanunsuz olaraq yerin təkindən istifadə qaydalarını pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən lisenziya və ya icazə olmadan və ya həmin sənəddə nəzərdə tutulmuş şərtləri pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxs qismində 600 (altı yüz) manat məbləğində cərimə olunsun”. Qərarla əlaqədar olaraq qeyd edir ki, onun qanuna müvafiq olaraq həm icazəsi, həm də lisenziyası olmuşdur. Həmçinin vergi ödəyicisi kimi də qeydiyyata alınmışdır. Bundan başqa qumu yerin təkindən qazmaqla deyil, Lənkəran rayonunun Aşağı-Nüvədi qəsəbəsində yaşayan X1 30 manata almışdır. Qeyd olunanlara əsasən hesab edir ki, barəsində tərtib edilmiş “İnzibati tənbeh vermə haqqında” 05 sentyabr 2024-cü il tarixli MN ******* saylı qərar qanunsuz və əsassızdır. Ona görə də ləğv edilməldir. Məhkəmə iclasında X10 şikayətin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini və barəsində qəbul edilmiş 05 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən orqan - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X11 izahatında Lənkəran ŞRPŞ-dən Elxan Həsənov barəsində tərtib edilmiş protokol və digər sənədlər təmsil etdiyi idarənin icraatına daxil olduqdan sonra idarənin əməkdaşları tərəfindən müvafiq əraziyə baxış keçirilmiş, baxış zamanı hər hansı qazıntı işlərinin aparılmadığı müəyyən edilmişdir. Ramiz Bəbirov şikayətin dəlillərini əsaslı hesab etdiyini bildirərək, 05 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasında şikayətçi X6 vəsatəti əsasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində yaşayır. Yaşadığı evdə təmir getdiyi üçün qum almış, həmin qum evin darvazasının qarşısında yığılmışdır. Evin təmiri sona çatmış, bir qədər qum qalmışdır. Evin qarşısında maşınların hərəkətlərinə maneə törətdiyindən xx.xx.2024-cü il tarixdə evin qarşısından keçən adının sonradan Elxan Həsənov olduğunu bildiyi yük avtomobili sürücüsündən darvazının qarşısına yığılmış qumu bacısının yaşadığı ünvana aparmasını xahiş etmiş, qumun daşınıb aparılması üçün sürücü Elxan Həsənova 30 manat məbləğində zəhmət haqqı vermiş, qum yük maşınına yüklənərkən polis əməkdaşları sürücüyə yaxınlaşıb onun qanun pozuntusuna yol verdiyini bildirmişlər. Elxan Həsənov onun yaşadığı evin qarşısında heç bir qazıntı aparmamış, onun öz evinin təmiri üçün aldığı qumu onun xahişi ilə bacısının ünvanına aparmaq üçün yük maşınına yükləmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 qəbul etdiyi 05 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Lənkəran ŞRPŞ-nin xx.xx.2024-cü il tarixində saat 13 radələrində X16 Nüvədi kəndi ərazisində lisenziya və icazə olmadan qanunsuz olaraq yerin təkindən istifadə qaydalarını pozmuşdur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən X8 verilmiş xx.xx.2024-cü il tarixli, Seriya SDV, 14132 №-li “Avtomobil nəqliyyatı ilə ölkədaxili sifarişli daşımalara Buraxılış Vəsiqəsi”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin vəsiqə avtomobil nəqliyyatı ilə ölkədaxili sifarişli daşımalar üzrə xx.xx.2031-ci il tarixədək, yəni 7 il müddətinə verilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 109985 №-li “Avtomobil nəqliyyatı ilə ölkədaxili sifarişli daşımalara Buraxılış Kartı”nın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin kart ZİL MMZ 554 Yük markalı **-BZ- *** dövlət qeydiyyat nişanlı avtomobilə görə ölkədaxili yük daşımaları üçün verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş Vergi ödəyicisinin uçota alınması haqqında Şəhadətnamədən görünür ki, X10 6 saylı Ərazi Vergilər İdarəsində ********** VÖEN-lə vergi ödəyicisi kimi uçotdadır. X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində verdiyi izahatın məzmunundan görünür ki, o, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil, izahatında özünü təqsirli bilməmiş, yerin təkindən istifadə etməmiş, Aşağı Nüvədi qəsəbəsində bir nəfər qadına məxsus qumu sonuncunun sifarişi əsasında yük avtomobilinə yükləyən zaman polis əməkdaşlarının ona qanun pozuntusuna yol verdiyini bildirib barəsində protokol tərtib etmişlər. Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-8.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 79.1-ci maddəsinə görə zərər çəkmiş şəxsin və şahidlərin izahatları iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə bu nəticəyə gəlir ki, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın gəldiyi nəticə əsassızdır. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, ölkə ərazisində yük daşımaları üçün müvafiq icazə verilmiş X10 xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsi ərazisində qəsəbə sakini X2 məxsus qumu sonuncunun sifarişi əsasında mülkiyyətində olan “ZİL MMZ 554 Yük markalı” **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyən zaman Lənkəran ŞPRŞ-nin əməkdaşları onun barəsində izahatını almadan inzibati protokol tərtib etmiş, həmin protokol əsasında X10 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 05 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinərək 600(altı yüz) manat məbləğində cərimə edilmişdir. Qərarından şikayət verilən orqan - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçimüfəttişi X11 izahatında əsasında müəyyən edilmişdir ki, idarənin əməkdaşları tərəfindən müvafiq əraziyə baxış keçirilmiş, baxış zamanı hər hansı qazıntı işlərinin aparılmadığı müəyyən edilmişdir. Eyni zamanda, şahid Mahirə Balayeva da izahatında Elxan Həsənovun heç bir qazıntı işi aparmadığını, onun sifarişi ilə özünə məxsus qumu avtomobilinə yükləyib apardığını göstərdi. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilirş Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını rəhbər tutaraq qeyd edir ki, X8 istinad edilən əməldə inzibati xəta hadisəsi olmadığından şikayət təmin edilməli, X10 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 05 sentyabr 2024cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 05 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X10 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 05 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X10 barəsində başlanmış iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar