Məhkəmə qərarları › İş №3(049)-95/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-95/2024

20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-95/2024 20.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Lerik rayonu, Sərək kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Lerik rayonu Zərigümaco kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 329.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkənran ŞRPŞ-nin YPX inspektoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə VAZ 2101 minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili Lənkəran şəhərində alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyinə görə barəsində İXM-nin 329.1 və 333.1-ci maddələri ilə İXP ******* №-li xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından tərtib edilmiş inzibati xəta haqqında protokola həmin hissədə qiymət verilməsini istisna edir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, o heç vaxt spirtli içkl qəbul etməyib, sərxoş vəziyyətdə də avtomobil idarə etməmişdir. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Lənkəran şəhərində VAZ 2101 minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol patrul xidməti əməkdaşları onu saxlamış, alkotester müayinəsindən keçirmişlər. Müayinədən sonra ona sərxoş vəziyyətdə avtomobil idarə etdiyini bildirmişlər. Bundan sonra o sərxoş olmadığı barədə polis əməkdaşlarına bildirsələr də, polis əməkdaşları onun dediklərinə məhəl qoymamış, avtomobilini onunla birlikdə Lənkəran ŞRPŞ-nin duracağına aparmışlar. O da tibbi müayinədən keçirilməsini xahiş etsə də, onu tibbi müayinədən keçirməmiş, özü də narkoloji keçmək üçün şəxsiyyət vəsiqəsini tələb etsə də, 4 saatdan sonra ona vəsiqəsini vermişlər. O da polis şöbəsinin inzibati binasından çıxdıqdan sonra birbaşa olaraq Lənkəran Rayonlararası Narkoloji Xəstəxanaya müraciət etmişdir ki, onun sərxoş olubolmaması barədə müayinə etsinlər. Həmin gün saat 15:40-da müayinədən keçmişş, müayinə zamanı sərxoş olmadığı aşkara çıxmışdır. Polis şöbəsində verdiyi izahatında və inzibati xəta haqqında protokolda «spirtli içki qəbul edib maşını idarə etmərəm» yazmasını onunla izah edir ki, polis əməkdaşları ona bu formada izahat yazmayacağı təqdirdə şəxsiyyət vəsiqəsini ona verməyəcəklərini bildirmişlər. Qeyd olunanlara əsasən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan: 12 yanvar 2024-cü il tarixli 642626 №-li alkotesterin nəticəsi barədə qəbzdən görünür ki, həmin tarixdə saat 10:02-də keçirilmiş müayinə zamanı Şəxs 0,625 promil alkoqol sərxoşluğu aşkar edilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 000077 №-li, 12 yanvar 2024-cü il tarixli alkotester qəbzindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:40-da müayinədən keçirilmiş, müayinə zamanı sərxoşluq vəziyyəti aşkar olunmamışdır. Lənkəran DYPB tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs İXM-nin 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı il ərzində təkrar törətməmişdir. Aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının Q25-001-17 №li, 12 may 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Yol-patrul xidməti haqqında Təlimat»ın 4.7, 5.10, 5.11 və 8.7-ci bəndlərinə əsasən: 4.7. YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. 5.10. YPX inspektoru tərəfindən alkotester və narkotestr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na uyğun olaraq tətbiq edilir. 5.11. Şəxs alkotester və ya narkotesterlə aparılan müayinənin nəticəsi ilə razılaşmadıqda hal şahidlərinin iştirakı ilə “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə protokol” tərtib olunur (Təlimata 14 nömrəli əlavə) və o, tibbi müayinə olunması üçün dövlət tibb müəssisəsinə göndərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 2.7-ci bəndinə görə nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının Q25-001-17 №-li, 12 may 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Yol-patrul xidməti haqqında Təlimat»ın 4.7, 5.10, 5.11 və 8.7-ci bəndlərinə əsasən tərtib edilməli olan videogörüntü materiallarının məhkəməyə təqdim edilməsi barədə Lənkəran ŞRPŞ-nə sorğu verilməsinə baxmayaraq sonuncu həmin materialları məhkəməyə təqdim etməmiş, həmin materialların olub-olmaması barədə ümumiyyətlə məhkəməyə məlumat verilməmişdir. İXM-nin 69-cu maddəsinə görə; 69.1. İşin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz. 69.2. Şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. 69.3. Hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. 69.4. İnzibati xəta haqqında iş üzrə prosessual hərəkətlər barəsində hal şahidlərinin qeydləri protokolda göstərilir. 69.5. İnzibati xəta haqqında iş üzrə icraatda hal şahidləri bu Məcəllənin 67-ci maddəsinə uyğun olaraq şahid kimi sorğu-sual edilə bilərlər. Lənkənran ŞRPŞ-nin YPX inspektoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, inizbati xəta haqqında protokol tərtib edilərkən İXM-nin 69.2-ci maddəsinin tələblərinə əməl edilməmiş Şəxs sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcbur olaraq təmin edilməli olmasına baxmayaraq, təmin edilməmişdir. Bundan başqa Lənkənran ŞRPŞ-nin YPX inspektoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* №-li inzibati xəta haqqında protokoldan və 12 yanvar 2024-cü il tarixli 642626 №-li alkotesterin nəticəsi barədə qəbzdən müəyyən olunur ki, Şəxs barəsində İXM-nin 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol həmin gün saat 10:01-də tərtib edilsə də, alkotersterin müayinəsi isə həmin gün saat 10:02-də keçirilmişdir. Şəxs barəsində İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol alkotesterin nəticəsinə uyğun tərtib edilmişdir ki, məntiqi ardıcıllığa uyğun olaraq əvvəlcə alkotesterin müayinəsi aparılmalı, daha sonra isə inzibati xəta haqqında protokol tərtib olunmalı idi. Lakin yuxarıda qeyd edilənlərdən də müəyyən olunur ki, inzibati xəta haqqında protokol tərtib edildikdən sonra Şəxs sərxoşluğun müayinəsindən keçirilmişdir. Göründüyü kimi Şəxs barəsində İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyi zaman səxoş olub-olmması hələ müəyyən olmamışdır. Məhkəmə məhz buna görə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparan səaliyyətli şəxs tərəfindən «Yol-patrul xidməti haqqında Təlimat»ın 4.7, 5.10, 5.11 və 8.7-ci bəndlərinin və «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 2.7-ci bəndinin tələblərinə riayət etmədən araşdırma aparıldığından, habelə sərxoşluq vəziyyəti müəyyən edilərkən İXM-nin 69.2-ci maddəsinin tələbləri pozulmaqla (hal şahidlərinin iştirakı təmin edilmədiyindən, həmçinin sərxoşluq vəziyyəti müəyyən edilmədən şəxsin sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi barədə inzibati xəta haqqında protokol tərtib edildiyindən Şəxs xx.xx.2024-cü il tarixdə VAZ 2101 minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi barədə alkotesterin nəticəsinə dair Arayışı mötəbər sübut kimi qəbul edilə bilməz. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin alkoqol sərxoşluğu vəziyyətində nəqliyyat vasitəsini idarə etməsi yuxarıda qeyd olunan hallar baxımından şübhəli haldır və İXM-nin 8.3-cü maddəsi baxımıdan şübhəli hallar da onun xeyrinə həll edilməlidir. Məhz buna görə də məhkəmə məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal, yəni inzibati xətanın obyektiv cəhəti (nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi) müəyyən edilmədiyindən Şəxs əməlində İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibi mövcud olmadığından Şəxs barəsində İXMnin 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar