Məhkəmə qərarları › İş №3(049)-953/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-953/2023

27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-953/2023 27.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1966-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Lənkəran rayonu, Haftoni qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Yol Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Yol Patrul Xidməti Alayının inspektoru, polis baş serjantı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 07 aprel 2023-cü il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilmişdir ki, yeni Ələt-Astara yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində Lənkəran rayonu sakini Şəxs təsərrüfatına məxsus bir baş iri buynuzlu heyvan onun tərəfindən yolda nəzarətsiz qalmış, nəticədə həmin heyvan yolun 170 kilometrliyində asfalt örtüklü yola çıxarkən Astara istiqamətində hərəkətdə olan Lənkəran rayonu sakini X1 idarə etdiyi Vaz-2106 minik markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ kənarından önünə çıxan həmin heyvanı vurmuş və həmin vaxt Astara istiqamətində hərəkətdə olan Bakı şəhər sakini X2 idarə etdiyi “Volksvagen” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxarkən həmin avtomobill vurulmuşdur. Heyvan hadisə yerində ölmüş və hər iki avtomobilə maddi ziyan dəymişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbəri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, onun təsərrüfatına məxsus olan bir baş iri buynuzlu heyvan onun tərəfindən nəzarətsiz qalan zamanda 06 aprel 2023-cü il tarixdə saat 20:10 radələrində Ələt-Astara şossesinə çıxaraq Vaz-2106 minik markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Sonradan həmin heyvan bir az da geri qaçaraq Volksvagen” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində avtomobillərin ikisinə də maddi ziyan dəymişdir. Volksvagen” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə 1.000 manat məbləğində maddi ziyan ödəmişdir. Əməlindən peşmandır. İş materiallarına əlavə edilmiş “yol-nəqliyyat hadisəsinin sxemi”ndən görünür ki, 06 aprel 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Vaz-2106 minik markalı **-CK-*** dövlət qeydiyyat nişanlı və “Volksvagen” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobillər zədələnmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş Rəy-dən görünür ki, Vaz-2106 minik markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 185 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş Rəy-dən görünür ki, “Volksvagen” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1.020 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə barəsində inzibati xəta haqında icraat aparılan şəxsi dinləyərək, inzibati xəta haqqında protokola və protokola əlavə olunmuş digər sənədlərə məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 75-ci maddəsinə görə inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Maddənin 2-ci bəndinə görə bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, zərərçəkmişə dəymiş maddi ziyanı ödəməsi qismən ödəməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir.” İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130,145 və 529.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat miqdarında cərimə edilsin. Qərardan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar