Məhkəmə qərarları › İş №3(049)-953/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-953/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-953/2024 07.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi: X5, şikayət verən şəxs: X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 21 oktyabr 2024-cü il tarixli, EQ 24283541 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, müəyyən etdi: X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 21 oktyabr 2024-cü il tarixli, EQ 24283541 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, istifadəsində olan **-HV-*** dövlət qeydiyyat nişanlı, Haval H 6 markalı avtomobili xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, M.B.Topçubaşov küçəsində səkinin qırağında saxlayıb getdikdən sonra DYPİ-nin əməkdaşları guya maşını səkidə saxladığı üçün qanunsuz olaraq EQ 24283541 saylı protokol tərtib edərək həmin günü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 346.9.-cu maddəsi ilə barəsində inzibati tənbeh tətbiq etmək haqqında eynisaylı qərar qəbul edib Asan Pay-də olan elektron kabinetə yerləşdirmişlər. Hesab edir ki, DYP tərəfindən qəbul edilən qərar qanunsuz olmaqla “X7” Qanunun və İXM-nin müddəalarına ziddiyyət təşkil etdiyi üçün ləğv edilməlidir. Belə ki, yuxarıda qeyd olunan avtonəqliyyət vasitəsi bir başa piyadaların gəliş-gediş yeri olan səkidə deyil iki təkəri yolun hərəkət hissəsinin qırağında digər iki təkəri isə yolun hərəkət hissəsinə bitişik səkinin qırağında olmaqla saxlanılmışdır. Belə olan halda bu hərəkətlərdə İXM-nin 346.9.-cu maddəsinin tərkibi əsla ola bilməz. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X6 ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə, habelə iş üzrə sübutları təqdim edilməsi üçün məhkəmə bildirişi poçt vasitəsi ilə 04 noyabr 2024-cü il tarixdə qərarından şikayət verilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə çatdırılmasına baxmayaraq qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə, qərarından şikayət verilən orqanı məhkəmə iclası barədə məlumatlandırılmış hesab edərək şikayətə qərarından şikayət verilən orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21 oktyabr 2024-cü il tarixli, EQ 24283541 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 İXM-nin 346.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 60 manat məbləğində inzibati cərimə edilmişdir. İXM-nin 346.9-ci maddəsinin tələbinə görə də, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə edilir. “X7” Qanunun 1-ci maddəsinin 16-cı bəndinə əsasən səki – yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir. Məhkəməyə şikayət verən şəxs tərəfindən üç ədəd fotoşəkil təqdim edilmişdir. Həmin fotoşəkillər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsin tərəfindən çəkilərək şilayət verən şəxsin elektron kabinetinə yerləşdirilmişdir. Məhkəmə, iş üzrə yeganə sübut kimi təqdim edilən fotoşəkillərə baxaraq hesab edir ki, **-HV-*** dövlət qeydiyyat nişanlı Haval H 6 markalı avtomobilin səkidə dayanmasını müəyyən etmək mümkün deyil. Belə ki, fotoşəkildən **-HV-*** dövlət qeydiyyat nişanlı, Haval H 6 markalı avtomobilin digər avtomobillər kimi müəyyən sıra ilə parklanması görünür ki, həmin sahənin səki olması, yolun hərəkət hissəsinə bitişik olan hissəsindən nə ilə ayrılması (qazon və s), habelə piyadaların hərəkəti üçün nəzərdə tutulması müəyyən deyil. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. İXM-nin 61.1.9-cu maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüququ vardır. İXM-nin 93.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış fasiləsiz videoçəkiliş aparılmaqla nəqliyyat vasitəsi sahibinin iştirakı ilə həyata keçirilir. İXM-nin 93.3-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış haqqında protokolda fasiləsiz videoçəkilişdən istifadə barədə müvafiq qeyd aparılır və videoçəkilişi əks etdirən məlumat daşıyıcısı həmin protokola əlavə edilir. İXM-nin 122.1-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. “X7” Azərbaycan Respublikası Qanunun 83-cü maddəsinin İİ hissəsinə əsasən yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Göründüyü kimi qanunvericilik konkret olaraq yol hərəkəti təhlükəsizliyi əleyhinə törədilmiş inzibati xətaların aşkar edilməsini videomüşahidə aparılmaqla müəyyən edilməsini, habelə vizual müşahidə nəticəsində aşkar edildikdə belə həmin halların xüsusi texniki vasitələr vasitəsi ilə inteqrasiyasını təsbit etmişdir. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə, yəni inzibati xəta haqqında fotoşəkillərin mötəbərliyi mübahisələndirildiyindən inzibati xətaya görə inzibati tənbeh vermə qərarının qüvvədə saxlanılması qanunvericilik baxımından da yolverilməzdir. İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəra qəbul edilir. İXM-nin 135.1.1 və 135.16-cı maddələrinə görə, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 21 oktyabr 2024-cü il tarixli, EQ 24283541 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 21 oktyabr 2024-cü il tarixli, EQ 24283541 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar