Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-958/2023 14.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X4 iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Lənkəran rayonu, Şıxakəran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Lənkəran rayonu, Şıxakəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində Lənkəran ŞRPŞ-nin inzibati binasında ucadan nalayiq ifadələr işlətməklə polisin xidməti iş fəaliyyətini pozaraq, polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə sonuncu barəsində Lənkəran ŞRPŞ-nin polis sahə rəisi, polis mayoru X7 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 12 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lənkəran ŞRPŞ-nin polis sahə rəisi, polis mayoru X7 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində Lənkəran ŞRPŞ-nin inzibati binasının üçüncü mərtəbəsində bir nəfər şəxsin ucadan nalayiq ifadələr, söyüşlər söydüyünü eşitmiş, bu zaman həmin şəxsin səs-küyünə digər polis əməkdaşları, eləcə də həmin vaxt şöbədə olan vətəndaşlar dəhlizə çıxmış, müəyyən edilmişdir ki, vətəndaş Şəxs Lənkəran ŞRPŞ-nin İB-nin müstəntiqi X3 icraatında olan material üzrə ondan şikayət edən digər vətəndaşın ünvanına söyüşlər söymüş, onu sakitləşdirməyə çalışan Aqşin Axundovla mübahisə etmişdir. Həmin vaxt o özü, həmçinin İB-nin baş müstəntiqi Elvin Nəhmətov və ŞRPŞ-nin KQ və SQ-nin inspektoru X11 Ramazanovu nizam-intizama dəvət etmiş, lakin sonuncu polis işçilərinin qanuni tələbinə tabe olmamış, onları əl-qolu ilə itələyərək, qanunsuz hərəkətlərinə davam etmiş, ucadan söyüşlər söymüşdür. Bununla da o, Azərbaycan respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmiş və bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, ailəsi ilə birlikdə Lənkəran rayonu Şıxakəran kəndində qeydiyyatda olmaqla yaşayır. Lənkəran rayon sakini Rəqsanə Kərimli ondan sələmə pul verməsi və pulu qaytarmamasına görə ona hədə-qorxu gəlməsi ilə bağlı ondan Lənkəran ŞRPŞ-yə şikayət etmişdir. Şikayətlə bağlı o şöbəyə dəvət edilmiş, İB-nin müstəntiqi Aqşin Axundovun xidməti otağında şikayətçini gördüyü üçün əsəbləşmiş, izahat verməkdən imtina etmiş, əsəbi halda otağı tərk etmiş, dəhlizdə Rəqsanə Kərimlinin ünvanına nalayiq ifadələr işlətmiş, söyüşlər söymüş, onu nizam-intizama dəvət edən polis işçilərinin qanuni tələbinə tabe olmamışdır. Əsəbi olduğundan onu sakitləşdirməyə çalışan polis işçilərinə əl-qol hərəkətləri ilə etirazını bildirmişdir. Əməlindən səmimi peşmandır, baş verənləri əsəbləşməyi ilə əlaqələndirir.Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid X6 bildirdi ki, Lənkəran ŞRPŞ-nin İB-nin müstəntiqi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində icraatında olan Lənkəran rayon sakini X5 şikayət ərizəsi ilə əlaqədar xidməti otağında Lənkəran rayonu Şıxakəran kənd sakini Şəxs izahat alarkən, sonuncu əsəbi halda yerindən qalxaraq, X5 ünvanına nalayiq ifadələr işlətmiş, hay-küy salaraq üzərində gəlmiş, xidməti otağı özbaşına tərk etmək istəyən onun hay-küyünə şöbənin İTB-nin rəisi Vüqar Mirzəyev, İB-nin baş müstəntiqi Elvin Nəhmətov və ŞRPŞ-nin KQ və SQ-nin inspektoru Kamil Həsənov onun otağına gəlmiş, o dəhlizə çıxaraq qanunazidd hərəkətlərini davam etdirərək X5 ünvanına söyüşlər söymüş, onu nizam-intizama dəvət edən adları qeyd olunan polis işçilərini əl-qol hərəkətləri ilə itələyərək, polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahidlər X8, X9 və Vüqar Mirzəyev şahid X3 izahatına uyğun izahat verdilər. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: X1 Çıxarışdan görünür ki, Şəxs həmin şöbədən heç bir növ əmək pensiyası və sosial müavinət almır. İnzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 00:15-də inzibati qaydada tutulmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində Lənkəran ŞRPŞ-nin inzibati binasında ucadan nalayiq ifadələr işlədərək, polisin qanuni tələbinə qəsdən tabe olmamış, polisin xidməti iş ahənginin pozulmasına səbəb olmuş hərəkətlərə yol vermişdir. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatı, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsi İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Eyni zamanda həmin Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 13 aprel 2023-cü il tarixdən saat 00:15-dən hesablansın. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-958/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-958/2023
14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver