Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-962/2024 06.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vdadi Fərman oğlunun katibliyi ilə, Lənkəran Şəhər Rayon X6 yol polisi bölməsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 12 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Şəhər Rayon X6 yol polisi bölməsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 12 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqında icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, o, etibarnamə ilə Mercedes Benz 280 markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edir. xx.xx.2024-cü ildə Gərgəlan istiqamətindən şəhərə tərəf hərəkət edərək aeroportun qarşısından keçərək, 4 yol adlandırılan yerə gəlib, sola dönmə nişanını yandıraraq hərəkətini davam etdirmişdir. Arxasınca YPX maşını gələrək ona dayanma işarəsi verdiyindən avtomaşınını saxlamış, Kamran Kərimli adında YPX inispektoru ona yaxınlaşaraq 4 yoldan çıxarkən sağda hərəkətdə olan maşını buraxmadığını bildirib onu 3 bal və 100 manat cərimə etdiyini və elektron qərar qəbul edildiyini bildirmişdir. Lakin o, hərəkət etdiyi vaxt onun sağ tərəfindən heç bir maşın hərəkət etmirmiş, uzaqda Chevrolet Kruz markalı maşın olsa da o, ona çox uzaq olduğundan, onun hərəkətinə mane olmayacağından mən sola dönmə əməliyyatını həyata keçirmişdir. Barəsində İXM-nin 327.2-ci maddəsi ilə qərar qəbul edilsə də onun yolayrıcı qaydalarını pozmağı ilə bağlı video qeydiyyat elektron kabinetinə yüklənməmişdir. Halbuki YPX əməkdaşı idarə etdiyi yol patrul xidməti maşınında quraşdırılmış video qeydiyyatçıya düşən yol hərəkəti qaydası barədə onu saxlayaraq cərimə edə bilərdi. Eyni zamanda inispektorun sözünə gəlsə o, sağında hərəkətdə olan maşına o vaxt yol verməmək kimi hərəkətini dayandırmalı idi ki, sağında olan maşın ona xeyli yaxın olsun və hərəkətinə məhdudiyyət yaratmış olsun. Eyni zamanda 327.2-ci maddənin tərkibi də o vaxt yarana bilərdi ki, sağda hərəkətdə olan maşının qarşısına çıxmağı ilə onun hərkətini məhdudlaşdırsın və ya o sağda hərəkətdə olan maşın sağasola hərəkət etməklə maneədən yayınmış olsun. Bu hallar olmadığı təqdirdə YPX inispektoru ona əsassız yerə cərimə yazmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq məhkəmə bildirişi qanunamüvafiq qaydada ərizəçi X2 və qərarından şikayət verilmiş Lənkəran ŞRPŞ-yə təqdim edilsə də ərizəçi və inzibati orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəçinin və inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 12 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və etibarnamənin surətindən görünür ki, “Mercedes Benz” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomaşın X4 mülkiyyətindədir və onun tərəfindən həmin nəqliyyat vasitəsindən istifadə edilməsi X2 etibar edilmişdir. Qərarından şikayət verilmiş inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilən zaman müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16:13 radələrində “Mercedes Benz” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomaşın işıqforun qırmızı işığında dayanır. İşıqforun yaşıl işığı yandıqdan sonra o, sola dönmə işığını yandıraraq sola doğru hərəkət edir. Həmin vaxt eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında sağ tərəfdən qara göy rəngli Chevrolet Cruze markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomaşın hərəkət edir. “Mercedes Benz” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomaşın hərəkətdə olarkən sürücüsü Chevrolet Cruze markalı avtomaşına yol vermək üçün avtomaşını saxlamır və hərəkətə davam edir. Chevrolet Cruze markalı avtomaşın hərəkətdə olarkən “Mercedes Benz” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün görünüş məsafəsindədir. Halbuki yol hərəkət qaydalarının tələbinə əsasən, “Mercedes Benz” markalı avtomaşın dayanaraq sağdan hərəkət edən avtomaşına yol verməli idi. Sonradan “Mercedes Benz” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomaşına YPX-nin inspektoru saxla işarəsi verir və avtomaşın dayanır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “Mercedes Benz” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında sağdan gələn avtomaşına yol vermədən hərəkətini davam etdirmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununu: M a d d ə 7 7 . Nizamlanmayan yolayrıcları İ. Eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. İİ. Yolayrıcında baş yol istiqamətini dəyişirsə, baş yolla hərəkət edən sürücülər öz aralarında eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcını keçmək qaydalarını əsas tutmalıdırlar. İkinci dərəcəli yollarla hərəkət edən sürücülər də öz aralarında bu qaydaları əsas tutmalıdırlar. İİİ. Eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsinə əsasən, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Bütün qeyd olunanları nəzərə alaraq, habelə inzibati xəta haqqında protokolu, videogörüntünü, və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və onun şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Lənkəran Şəhər Rayon X6 yol polisi bölməsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 12 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan 10 (on) gün muddətinə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-962/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-962/2024
06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver