Məhkəmə qərarları › İş №3(049)-967/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-967/2024

14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-967/2024 14.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 24 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq məhkəmə, müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Srvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 24 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X3 şikayətlə məhkəməyə müraciət edərək barəsində olan 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.1981-ci il tarixdə Lənkəran rayonu, Havzava kəndində anadan olmuşdur və hazırda da ailə üzvləri ilə birlikdə Lənkəran rayonu, Havzava kəndində qeydiyyatda olmaqla orada yaşayır. O, evdə olarkən xx.xx.2024-cü il tarixdə təxminən saat 10:10 radələrində özünü Lənkəran ŞRP-nin İTB-nin Lənkəran rayonu, Havzava polis sahə rəisi kimi təqdim edən Tahir Gənciyev onu çağıraraq bildirmişdir ki, guya o hansısa qanun pozuntusuna yol vermişdir. Səbəbini soruşanda bildirmişdir ki, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların tələblərinin pozulmasına təqsirli bilinir və onu polis şöbəsinə dəvət etmiş, o da polis şöbəsinə getmiş və ona bildirmişlər ki, “sən bu əməli etməyini boynuva almalısan”. O, hansı əməldən söhbət getdiyini soruşanda ona bildirmişlər ki, barəndə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 243.0.1ci maddəsi ilə protokol tərtib edib Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərəcəklər. Gedib 1500 manat cəriməni ödəyər. O, polis əməkdaşlarına bildirmişdir ki, o, heç bir xəta törətməmişdir. İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Vətən Müharibəsi iştirakçısı medalı, Xocavəndin azad olunmasına görə medalı, Qubadlının azad olunmasına görə medalı, Qüsursuz xidmətə görə İ-ci dərəcəli medalı, Qüsursuz xidmətə görə İİ-ci dərəcəli medalı, Qüsursuz xidmətə görə İİİ-cü dərəcəli medalı, Qüsursuz xidmətə görə İ-ci dərəcəli medalı, Hərbi xidmətdə fərqlənməyə görə İİİ-cü dərəcəli medalı, Hərbi xidmətdə fərqlənməyə görə İİİ-cü dərəcəli medalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi yubiley medalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi yubiley medalı, Azərbaycan ordusunun 100 illiyi yubiley medalı ilə təltif olunmuşdur. Bildirmişdir ki, onun heç bir təqsiri yoxdur, elə etməsinlər ki, o, cənab Ali Baş Komandan İlham Əliyevə şikayət etsin. Ona bildirmişlər ki, “get hara şikayət edirsən et, bizə göstəriş verilib ki, biz planı dolduraq ona görədə yazmalıyıq”. Daha sonra onu gətirib bir çuxur göstərmişlər ki, sən buranı qazmısan. Polis işçilərinə bildirmişdir ki, o qazmamışdır, lakin buna baxmayaraq protokolu tərtib edərək Azərbaycan RespublikasıEkologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərmişlər. Həmin idarədə ona qanunsuz və haqsız olaraq 1500 manat məbləğində cərimə yazaraq qərarı ona təqdim etmişlər. O, barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərarı əsassız və qanunsuz hesab edir. Həmin qərar qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyi üçün ləğv edilməlidir. Ona görə də mən hazırkı şikayət ərizəsi ilə məhkəməyə müraciət edir və həmin qərarın ləğv edilməsini istəyir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verən şəxs X3 şikayətin dəlillərini müdafiə edərək bildirdi ki, yaşadığı Lənkəran rayonu, Havzava kəndində istifadəsiz köhnə balıq gölünün içərisi palçıq və lillə tutulduğundan həmin palçıq və lilin bir hissəsini təmizləmişdir. Məqsədi həmin gölü icarəyə götürüb istifadə etmək olmuşdur. O, göldə heç bir qazıntı işləri aparmamışdır. Lənkəran ŞRPŞ-nin əməkdaşları onun barəsində inzibati xəta haqqında protokol tərtib etmiş, o, protokolla razı olmasa da, heç bir araşdırma aparılmamış, onun izahatı alınmamış, protokolun surəti ona təqdim edilməmiş, yalnız ona şifahi məlumat verilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə çağırılmış, izahatı alınmamış, araşdırma aparılmadan ona barəsində qəbul edilmiş 24 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli qərar təqdim edilmişdir. Qərar ona təqdim edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat məbləğində cərimə edildiyi ona məlum olmuşdur. Həmin qərarı qanunsuz və əsassız hesab edərək qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi məhkəmə iclasına gəlməmiş, həmin idarədən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Lənkəran ŞRPŞ tərəfindən X3 tərəfindən imzalanmamış xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol qərar qəbul edilməsi üçün 1 saylı RETSİ-yə göndərilmiş, X3 xx.xx.2024-cü il tarixdə idarəyə gələrək şifahi olaraq hadisə törətmədiyini bildirmişdir. Lakin hər hansı sübut təqdim edilmədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərə alıaraq işə baxılaraq müvafiq qərar qəbul edilməsi məhkəmənin mülahizəsinə buraxıldığı qeyd olunmuşdur. Məhkəmə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 24 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edlmiş: Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol xx.xx.2024-cü il tarixdə saat 10:10-da Lənkəran rayonu Havzava kəndində boş sahənin həmin kənd sakini F.Rzayev tərəfindən qazılaraq yerin təkinin yararsız hala salınmasına görə tərtib edilmişdir. Protokolda barəsində inzibati icraat aparılan şəxs X1 izahatı öz əksini tapmamış, protokola əlavə olunmuş sənədlər olaraq raport, fotoşəkil və toplanmış material qeyd edilmişdir. 1 saylı RETSİ-nin rəisi X4 tərəfindən qəbul edilmiş 24 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Lənkəran ŞRPŞ-nin əməkdaşları xx.xx.2024-cü il tarixdə saat 10:10-da Lənkəran rayonu Havzava kəndində boş sahənin F.Rzayev tərəfindən qazılaraq qanunsuz olaraq yerin təkindən istifadə qaydaları pozulmuşdur. Buna görə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ç-BM/4024-343 nömrəli məktubundan görünür ki, həmin məktubda X2 barəsində olan inzibati xəta haqqında işə 20 sentyabr 2024-cü il tarixə saat 11:00-da baxılacağı barədə məlumat qeyd edilmiş və işə baxılmasında iştirak etməsinin zəruri olduğu qeyd edilmişdir. Məhkəmə şikayət ərizəsini iş üzrə təqdim edilmiş sübutlar və işdə olan sənədlər əsasında araşdıraraq müəyyən etdi ki, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat aparılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkdən X1 izahatı alınmamış, hüquq və vəzifələri ona izah edilməmiş, eyni zamanda barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi ilə bağlı dəvət məktubu göndərilsə də, həmin məktubun Fəqail Rzayeva çatmasını təsdiq edən poçt sənədi materiallara əlavə edilməmiş, inzibati xəta haqqında icraatı aparan orqan işə baxılmasında onun iştirakı təmin etmədən işə baxmış və onun barəsində inzibati tənbehvermə haqqında qərar qəbul etmişdir. Bununla da Fəqail Rzayev barəsində baxılan inzibati xəta haqqında işin icraatında iştirak etməkdən və öz hüquqlarını həyata keçirməkdən məhrum olmuşdur. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin - inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək və s. hüquqları vardır. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Bundan başqa, İXM-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi. 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Bundan başqa, məhkəmə ona da diqqəti cəlb etməyi vacib hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, X3 tərəfindən hər hansı sübut təqdim edilmədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir Halbuki, İXM-nin 8.2-8.3-cü maddələrinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 135.1.1 və 135.1.6-cı maddələrinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəra qəbul edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 24 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 24 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar