Məhkəmə qərarları › İş №3(049)-971/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-971/2024

01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-971/2024 01.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan– Lənkəran Rayon Liman Polis Bölməsinin polis sahə rəisi X1 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, təhsilsiz, işsiz, Lənkəran rayonu, Balıqçlar qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxsnun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola 23 oktyabr 2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Liman Polis Bölməsinin polis sahə rəisi X2 tərəfindən İXM-nin 510cu maddəsi ilə Şəxs təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən, xx.xx.2024-cü il tarixdə, Nərimanabad qəsəbə sakini Zərərçəkmiş şəxs onunla eyni həyətdə yaşayan Ruslan və Günayla aralarında baş vermiş münaqişə zamanı sonuncular tərəfindən nalayiq küçə söyüşləri ilə təhqir olunaraq şərəf və ləyaqətinin alçaldılmasına görə Şəxs barəsində həmin protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran ŞRPŞnin Liman PB-nin polis sahə rəisi X2 məhkəmə iclasında izahat verərək, Zərərçəkmiş şəxs çox gözəl və qabiliyyətli ailə sahibi, Şəxs da çox zəhmətkeş insan kimi xarakterizə etdi. Ruslanın ara bir sərxoş halında özünü çətin idarə etdiyini vurğulayaraq, tərəflər arasında ziddiyətin savadsızlıqdan irəli gəldiyini və əsasən birgə yaşadıqları həyət üstündə baş veriyini bildirdi. Barəsində inzibati xəta haqqında protokol tərtib olunan şəxs barəsində çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdı. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirdi ki, o, Zərərçəkmiş şəxs təhqir etməmişdir, əksinə Arzu onu təhqir etmişdir. Özünü təqsirli bilmir. Çünki, o, ümumiyyətlə həmin gün, yəni 05 noyabrda evdə olmamışdır. Törətmədiyi xətaya görə cavabdehlik daşıya bilməz. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs bildirdi ki, Günay onun mərhum ərinin bacısı qızıdır. Günay və əri Ruslan onlarla bir həyətdə yerləşən ayrı evlərdə yaşayırlar. Əvvəllər həyat yoldaşı Şirvan şəhərində işlədiyi üçün onlar ailəvi olaraq həmin şəhərdə yaşamışlar. Bu müddət ərzində onların razılığı ilə Günay və ailəsi onlara məxsus evdə yaşamışdır. Lakin sonralar əri xəstələndiyi üçün onlar Lənkərandakı evlərinə qayıtmalı olmuş, Günay isə ailəsi ilə birgə onun ailəsinə məxsus evdən çıxaraq həyətdə əvvəllər tikilmiş köhnə evə yerləşmişdir. Onun evində yaşadığı müddət ərzində Günay və ailəsinin sərf etdiyi qaza görə 100 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq, Günay onun evində yaşayarkən sərf etdiyi qazın pulunu ödəməkdən imtina etmişdir. Hazırda bu məsələ ilə bağlı məhkəmdə mülki iddia qaldırmışdır. Əlavə olaraq qeyd etdi ki, həmin gün, yəni 05 oktyabr 2024-cü il tarixdə Günayın əri Ruslan həyətə içkili vəziyyətdə gələrək öz yaşadığı evin qapısını təpiklə sındırmış, həmçinin onu və onunla yaşayan Xatirə adlı qızını ağır söyüşlərlə təhqir etmişdir. Ruslan həddindən artıq sərxoş olduğu üçün, o, Ruslana məhəl qoymamışdır. Günay isə baldızının nişan mərasimində iştirak etdiyi üçün həmin gecə evdə olmamışdır. Lakin 3 gün əvvəl, Günay və anası da, onu yaşadıqları həyətdə təhqir etmişlər. Məhkəmədən Günay barəsində körpə uşağı olduğu üçün həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmişin və inzibati protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin maddənin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd olunan Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi şəxsin hüquqazidd əməlinin mövcud olması üçün şəxsin qəsdən və ya ehtiyatsızlıqdan həmin əməlin törətməsi lazımdır. Lakin, Şəxs həmin gün hadisə baş verən həyətdə olmadığı həm onun, həm də zərərçəkmişin məhkəmədə verdiyi izahatlarla sübut olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sadalananları nəzərə alaraq və hazırkı iş üzrə Şəxs əməlində qeyd olunan inzibati xəta hadisəsi ilə bağlı inzibati xəta tərkibi olmadığına görə məhkəmə hesab edir ki, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar