Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1004/2025 18.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1984-cü ildə Masallı rayonu, Qəriblər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qəriblər kəndində qeydiyyatda olan yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsilə baxaraq, müəyyən etdi: Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1222/2024 saylı icra sənədinə əsasən Şəxs 7000 manat məbləğində pul vəsaiti, ödənilmiş 90 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7090 (yeddi min doxsan) manat məbləğində pul alınaraq iddiaçı X3 verilməlidir. Cavabdeh Şəxs iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri qismində 126 manat məbləğində pul vəsaiti X1 xeyrinə tutulmalıdır. Borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ümumlikdə 7000 manat məbləğində aliment borcunu ödəməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X4 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1222/2024 saylı icra Şəxs ümumilikdə 7000 manat məbləğində borcu var. Borcluya icra sənədi üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrasına dair bildiriş göndərilmiş, izahatı alınmış və icra tələbinin icra edilməsi barədə onunla söhbət aparılmışdır. Lakin borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi bu günə qədər ödəməmişdir. Göstərilənləri nəzərə alaraq icra sənədi tam icra edilmədiyi səbəbindən borclu barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1222/2024 tarixli icra sənədindən məlumatlıdır. Həmin icra sənədi ilə razı deyildir. Belə ki, o tələbkardan 7000 manat borc pul almamışdır. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verəcəkdir. Halicra sənədi üzrə yaranmış borcunu ödəmək iqtidarında deyildir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1222/2024 tarixli icra sənədi Masallı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. 18 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1222/2024 tarixli icra sənədini icra etmədiyi üçün barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, işdə iştirak edən şəxslərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs icra sənədi üzrə üzərinə qoyulmuş öhdəliklərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş yekun məhkəmə aktının icra edilməsinə laqeydlik göstərmiş və icra vərəqinin icrasına səhlənkar yanaşmış, keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətinin yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halları müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından Şərh Edilməsinə dair 04 sentyabr 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin plenum qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd edir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilibedilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr belə işlərə baxarkən Konstitusiyadan irəli gələn tarazlıq prinsipini rəhbər tutaraq, bir tərəfdən məhkəmə aktının icrasının vacibliyinə, digər tərəfdən isə şəxsin lüzumsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməməsinə xüsusi diqqət yetirməlidirlər. Bu yanaşma, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli 2668 nömrəli Sərəncamında əks olunmuş dekriminallaşdırma siyasətinə dair tövsiyələrdən irəli gəlir. Məhkəmə təyin olunacaq inzibati tənbeh növünü müzakirə edərək qeyd edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, yəni onun Masallı Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli icra sənədi üzrə uzun müddət ərzində yaranmış aliment borcundan heç bir ödəniş aparmamasını yəni qeyd olunan icra sənədindəki tələbi üzrlü səbəb olmadan qərəzli olaraq icra etməməsini nəzərə alaraq, İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Eyni zamanda Şəxs izah olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən barəsində inzibati tənbehin tətbiq edilməsi onu həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 18 aprel 2025-ci il tarixdən saat 13:10-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova.
Məhkəmə qərarları › İş №3(050)-1004/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1004/2025
18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver