Məhkəmə qərarları › İş №3(050)-1005/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1005/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1005/2024 30.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, Qərardan şikayət vermiş şəxs X6 iştirakı ilə, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından X1 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X1 Masallı Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməklə icraata xitam verilməsi və cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X11 ərizəsini onunla əsaslandırmışdır ki, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qanunsuz olaraq Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə təqsirli bilinirək barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. O, qeyd edilən xətanı törətmədiyini iddia edərək bildirmişdir ki, 16 mart 2024-cü il tarixdə Astara rayonu Şahağacı kəndinə gedərək evdə yemək üçün balıq almışdır. Balıq alıb qayıtdığı zaman yolun kənarında kisələrə doldurulmuş balıqqulağının satıldığını görmüş, avtomobilini saxlayaraq balıqqulağının qiymətini soruşduqdan sonra Emin adlı şəxsdən 60 kisə balıqqulağı almışdır. Avtomobilinə əyləşib təxminən 20 metr uzaqlaşdıqda Astara Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və ona Xəzər dənizinin kənarında qadağan edilmiş ərazidə qazıntı işləri aparması səbəbindən inzibati xətanı törətdiyini bildirmişdilər. O, nə qədər bildirsə də ki, balıqqulağını yolun kənarından Emin adlı şəxsdən almışdır, lakin polis əməkdaşları israrla ona qazıntı işlərini apardığını bildirərək polis şöbəsinə aparmışdılar. Polis şöbəsində bir az qaldıqda sonra o, buraxılmış ona Ekologiya Nazirliyinin İdarəsindən çağrılacağı bildirilmişdir. Sonradan heç bir yerə çağrılmamış, 29 aprel 2024-cü il tarixdə bildiriş ünvanına çatmış, tanış olarkən Astara Rayon Polis şöbəsi tərəfindən Xəzər dənizinin kənarında icazə olmadan qanunsuz olaraq yerin təkindən istifadə qaydalarını pozmağı ilə bağlı tərtib edilmiş 16 mart 2024-cü il tarixli protokol əsasında 1 saylı ETSİ-nin 19 aprel 2024-cü il tarixdə qərar qəbul etdiyi və həmin qərarla 600 (altı yüz) manat məbləğində cərimə edildiyi ona məlum olmuşdur. Qeyd olunan qanunsuz protokol əsasında qəbul edilmiş qərarı tamamilə qanunsuz hesab edir və bir daha bildirir ki, onun tərəfindən hər hansı bir inzibati xətaya yol verilməmiş və bu ona qarşı edilmiş haqsızlıqdır, bundan başqa onun haqqında protokol və qərar prosessual pozuntulara yol verilməklə tərtib olunmuş və ləğv olunmalı, cərimə silinməlidir. Qeyd olunanlara əsasən 1 saylı ETSİ-nin 19 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında MN saylı ******* saylı qərarı ləğv etməklə barəsində olan inzibati icraata xitam verilməsi və cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş 1 saylı ETSİnin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Astara Rayon Polis şöbəsi tərəfindən Xəzər dənizinin kənarında icazə olmadan qanunsuz olaraq yerin təkindən istifadə qaydalarının pozulması səbəbindən vətəndaş X4 barəsində 16 mart 2024-cü il tarixdə ******* nömrəi protokol tərtib edilmiş və baxılması üçün 1 saylı ETSİ-yə göndərilmişdir. Qeyd edilən protokola baxıldıqdan sonra İdarə rəisi X7 tərəfindən 19 aprel 2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək vətəndaş X10 600 manat məbləğində cərimə edilmişdir. O, məhəmə iclasında inzibati xətanın hansı sübutlarla təsdiq edilməsi ilə bağlı suallara cavab verə bilməmiş, inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübutu məhkəmə iclası zamanı təqdim edə bilməmişdir. İş materiallarında olan: Astara RPŞ-nin polis nəfəri Hasil Abdullayev 16 mart 2024-cü il tarixdə Astara rayon Polis şöbəsinin rəisinə raportla müraciət edərək Astara rayonu Şahağacı kəndinin ərazisində xidmətdə olduğu zaman vətəndaş X5 məxsus ateqo markalı **-HX-*** dövlət qeydiyyat nişanlı yük avtmobilinin yük yerində qanunsuz olaraq yerin təkindən qanunsuz istifadə edilərək balıqqulağının yığılmasını aşkar etməsi ilə bağlı məlumat vermişdir. Astara RPŞ-nin polis sahə rəisi Kamran Rəhimov tərəfindən Xəzər dənizinin sahilində yerin təkindən istifadə qaydalarının pozulması səbəbindən X3 barəsində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. Həmin tarixdə inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. İş materiallarında olan 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından görünür ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 600 (altı yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Yerin təki haqqında” Azərbaycan Respublikasinin Qanununun giriş hissəsində göstərilmişdir ki, bu qanun Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsində yer təkinin öyrənilməsi (axtarış, kəşfiyyat), onun səmərəli istifadəsi, mühafizəsi və görülən işlərin təhlükəsizliyi ilə əlaqədar münasibətləri tənzimləyir, yerin təkindən istifadədə dövlətin, yer təki istifadəçilərinin və vətəndaşların mənafelərinin qorunmasını təmin edir. Həmin qanunun 1-ci maddəsində anlayışlar bölməsində yerin təkinə- yer qabığının yer səthindən və ya torpaq qatından, su obyektlərinin (sututarların) dibindən aşağıda yerləşən, öyrənilməsi və istifadəsi mümkün olan dərinliklərədək uzanan süxurlardan, mineral-xammal ehtiyatlarından, enerji daşıyıcılarından (neft, qaz və s.), təbii və süni boşluqlardan, geoloji və texnogen törəmələrdən ibarət hissəsi olması ilə bağlı anlayış verilmişdir. Qanunun 8-ci maddəsinə əsasən yer təki istifadəçilərinin hüquqları və vəzifələri yerin təkindən istifadəyə bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən icazə alındığı andan yaranır. Qanunun 13-cü maddəsinə əsasən yerin təki istifadəyə icazə əsasında bu qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vətəndaş X10 tərəfindən Xəzər Dənizinin kənarında yerin təkindən qanunsuz istifadə etməklə qazıntı işlərini aparması ilə bağlı protokol tərtib edilsə də, həmin protokolun qəbul edilməsinə əsas olan hallar birbaşa və dolayısı yolla onun Xəzər dənizinin kənarında qanunsuz qazıntı işlərini aparması faktını təsdiq etməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkilə baxdıqda həmin fotoşəkillərin sadəcə olaraq ön və arxa tərəfdən “Ateqo” markalı ** HX *** nömrəli avtomobilin tam görünüşü əks olunmuş, avtomobilin arxa görünüşündə yük yerinin bortunun açıq şəkildə olduğu, ağ rəngli kisələrin avtomobilin yük yerinə yığıldığı, sürücünün avtomobilin arxa təfəfində dayandığı əks etdirilmişdir. Qeyd edilən fotoşəkillərin heç birində şəxsin Xəzər dənizinin kənarında olduğu, yerin təkindən istifadə qaydalarını pozaraq qazıntı işlərini apardığı öz əksini tapmır. İş materiallarına nəzər yetirdikdə, hər hansı şahid izahatının olmadığı, qeyd edilən qadağan edilmiş işlərin həqiqətdən də, Xəzər dənizinin kənarında həmin şəxs tərəfindən icra edilməsini ilə bağlı sübutların olmadığı məlum olur. Astara Rayon Polis şöbəsində avtomobilin yük yerində balıqqulağı yığılmış bir neçə kisənin aşkar edilməsi əsası ilə balıqqulağının yalnız Xəzər dənizinin kənarından yığıla bilməsi qənaəti ilə şübhələrə əsaslanmaqla vətəndaş X3 Xəzər dənizinin kənarında qanunsuz qazıntı işlərini apardığı qərarına gəlməsi də anlaşılmaz vəziyyət yaradır. Eyni zamanda Astara Rayon Polis şöbəsinin əməkdaşı tərəfindən də ünvanlanmış raportda göstərilənlər bir daha sübut edir ki, X8 yolda hərəkətdə olduğu zaman saxlanılmış, hansısa səbəblərdən avtomobilin yük yerinə baxış keçirilməsi qənatinə gəlinmiş, lakin iş materiallarına nəqliyyat vasitəsinə baxış keçirilməsinin İXM-nin tələblərinə əsasən prosedur qaydalara riayət edilməklə keçirilib-keçirilməməsi aydın olmur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 93.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsi sahibinin və iki hal şahidinin iştirakı ilə aparılır. Təxirə salınmayan hallarda nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsinin sahibinin iştirakı olmadan videoyazı aparılmaqla keçirilə bilər. İş materiallarından görünür ki, polis əməkdaşları məcəllənin tələblərini pozmaqla avtomobilə baxış keçirmişlər və sadəcə olaraq iki ədəd foto şəkil çəkməklə baxışı yekunlaşdırmışlar. Baxışın nəticəsinə dair hər hansı protokol tərtib edilməmişdir. Hətda avtomobilin yük yerində olan kisələrə nəyin yığılması dəqiqləşdirilməmiş, fotoşəkillər çəkilməmiş, həmin kisələrin içərisində balıqqulağının olması isə yalnız şəxsin özünün izahatında və polis nəfərinin Polis rəisinə yazdığı raportda öz əksini tapmışdır. Eyni zamanda şəxs avtomobili ilə birlikdə polis şöbəsinə aparılmış, orada izahatı alındıqdan sonra inzibati xətanın predmeti olan balıqulağının yığıldığı avtomobillə bağlı hər hansı rəsmiləşdirmə aparılmadan şəxs avtomobili ilə birlikdə sərbəst buraxılmışdır. Polis şöbəsində inzibati xətanı törətməkdə təqsirləndirilən, buna əsas kimi avtomobilin yük yerindən balıqqulağının aşkar edilməsinin göstərilməsi, lakin sonradan həmin yeganə sübut kimi göstərilə bilən balıqqulağının şəxsdən təhvil alınıb-alınmaması ilə bağlı hər hansı rəsmiləşdirmənin aparılmaması da anlaşılmaz vəziyyət yaratmışdır. Bundan başqa, məhkəmə qəbul edilmiş qərarla bağlı qeyd edir ki, qərar İXM-nin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, blanklı qərarın “işə baxılarkən müəyyən edilmiş hallar” bölməsində sadəcə olaraq X3 Xəzər dənizinin kənarında qanunsuz yerin təkindən istifadə qaydalarını pozduğu ilə bağlı diyircəkli qələmlə qeydlər aparılmışdır. Həmin xanada əslində şəxsin törətdiyi xətanın nədən ibarət olması, yəni onun yerin təkindən istifadə qaydasını pozması hansı əməllə icra edildiyinə aydınlıq gətirilməmiş, sadəcə olaraq İXM-nin diposiziyasında göstərilən əməllər sadalanmaqla kifayətlənmişdir. Göründüyü kimi, X3 İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi hər hansı sübutla təsdiq edilməmiş, onun barəsində qanunsuz qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-nın 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. haki̇ m: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar