Məhkəmə qərarları › İş №3(050)-1008/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1008/2024

04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1008/2024 04.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Şikayət vermiş şəxs X3, Masallı Rayon Polis Şöbəsinin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X1 iştirakları ilə, X3 Masallı RPŞ-in DYPB-nin 16 may 2024-cü il tarixli, TP ******* saylı qərarına xitam verilməsinə dair şikayətinə Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: X5 məhkəməyə şikayətlə müraciət edərək barəsində tərtib edilmiş inzibati xəta haqqında Masallı RPŞ-in DYPB-nin 16 may 2024-cü il tarixli, TP ******* saylı qərarına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X5 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 07:58 radələrində Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində idarə etdiyi özünə məxsus “Mercedes” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı rayonu istiqamətində hərəkətdə olarkən Masallı RPŞ-nin YPX-nin inspektoru, polis serjantı X2 onu saxlayaraq bildirmişdir ki, o, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı apararaq İXM-nin 327.2-ci maddəsinin tələbini pozduğu üçün barəsində inzibati protokol tərtib ediləcəyini bildirmişdir. O da inspektora avtomobildə həyatı təhlükədə olan xəstə olduğu üçün ötmə əməliyyatı apardığı, bu səbəbdən qayda pozuntusu etdiyini bildirmişdir. Lakin, YPX-nin inspektoru dediyi sözlərin heç birinə məhəl qoymayaraq barəsində protokol tərtib edərək 80 manat cərimə etmişdir. Odur ki, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Masallı Rayon Polis Şöbəsinin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X4 izahatında göstərdi ki, tərtib edilmiş protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. Belə ki, X5 özü də etiraf etdiyi kimi 16 may 2024-cü ildə idarə etdiyi “Mercedes” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı rayonu, Ərkivan qəsəbəsində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı apardığı üçün YPX-nin inspektoru X2 tərəfindən barəsində İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edilmiş və R.Əsgərov 80 manat cərimə edilmişdir. Ona görə də məhkəmədən şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Masallı RPŞ-nin DYPB-nın YPX-nin polis serjantı X2 tərəfindən qəbul edilmiş 16 may 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat cərimə edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə qarşılıqlı təhlil etməklə araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin: 115.1 və 115.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. 124.2, 124.3 və 124.4-cü maddələrinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 125.2.-ci maddəsinə görə inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 125.2.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; 125.2.-ci maddəsinə əsasən eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 125.2.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. İnzibati Xətalar Məcəlləsinin göstərilən maddələrinin tələblərindən göründüyü kimi, yol hərəkəti pozuntusu bilavasitə YPX inspektoru tərəfindən aşkar olunmuş, protokol ilə razılaşmayan Rahil Əsgərov, barəsində şikayət olunan inzibati xəta haqqında qərar qəbul edilərkən İXM-nin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmışdır. 16 may 2024-cü il tarixdə protokolun qanuniliyi araşdırılmış və onun inzibati xəta törətməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə şikayətin dəlillərini Rahil Əsgərovun özünü müdafiə kimi qiymətləndirir, mötəbər sübut kimi qəbul etmir. Eyni zamanda R.Əsgərov özü də əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı apardığı şikayətində və məhkəmədə etiraf etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar göstərilmişdir. Bunlar: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 135.1, 135.1.1-135.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; - hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; - inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; - tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; - bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası İXM-in 342.1.3-cü maddəsinə əsasən dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına görə qırx manat məbləğində cərimə edilir. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, Masallı RPŞ-nin DYPB-nin əməkdaşının inzibatı tənbeh vermə haqqında qərarı hadisənin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetmişdir. İnzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmiş, bu Məcəllə ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdır. Qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-in 135.1.1-135.1.6-cı maddələrində göstərilən əsaslar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənləri va qanunun normalarını rəhbər tutaraq hesab edir ki, inzibati xəta haqqında qərar qanuni və əsaslı olduğundan şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133, 134, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 Masallı RPŞ-nin DYPB-nin 16 may 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin olunmasın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerlşədirilməklə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar