Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1015/2023 05.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Masallı rayonu, Gəyəçöl kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Gəyəçöl kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(050)-189/2017 saylı icra sənədinə əsasən Şəxs 06 aprel 2001-ci il təvəllüdlü X6, 09 dekabr 2002-ci il təvəllüdlü X8, 09 noybar 2003-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün 80 manat, cəmi 240 manat sabit pul məbləğində aliment alınaraq X3 verilməlidir. Borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İcra məmuru X4 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(050)-189/2017 saylı icra sənədinə əsasən Şəxs borcunu ödəmədiyindən Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(050)-1293/2022 saylı qərarına əsasən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 10 gün müddətə inzibati həbs cəzası almışdır. Borclu Şəxs icra sənədi üzrə 10640 manat məbləğində borcu var. Bu səbəbdən barəsində təkrar protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(050)-189/2017 saylı icra sənədindən məlumatlıdır. Maddi imkanı olmadığından aliment borcunu ödəmək iqtidarında deyildir. Borcundan hər ay hissə-hissə ödəyə bilər. Sonda Şəxs məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(050)-189/2017 saylı icra sənədinin icrasını təmin etməmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(050)- 1293/2022 saylı qərarından görünür ki, Şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(050)-189/2017 saylı icra sənədini üzrsüz səbəbdən icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 10 gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmış, keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini təkrar icra etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İXM-nin 31.2 və 32.2-ci maddələrinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - “İcra haqqında” Qanun) ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmə səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini araşdıraraq müəyyən etmişdir ki, o, üzürlü səbəb olmadan icra sənədini icra etməmişdir. Bu hal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və icra məmuru X1 məhkəmə iclasında verdiyi izahatları, eləcə də digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, o, İXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(050)-189/2017 nömrəli icra sənədini icra etmədiyi üçün barəsində inzibati qaydada həbs tənbeh tətbiq edilməsinə baxmayaraq, icra sənədini yenidən icra etməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu gündən, yəni 05 iyul 2023-cü il tarixdən saat 12:00-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-1015/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1015/2023
05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver