Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1037/2024 30.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əliyev Rövşən Məmmədrəhim oğlunun iştirakı ilə, 05.10.1973-cü ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Hişkədərə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Əliyev Rövşən Məmmədrəhim oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Əliyev Rövşən Məmmədrəhim oğlu barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əliyev Rövşən Məmmədrəhim oğlu məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərdi ki, 01 mart 2024-cü il tarixdə özünə məxsus “Mercedes Benz E 250 CDI” minik markalı 99-GG-393 dövlət qeydiyyat nişanlı avtomobilli idarə edən zaman Məmmədov Nurlan Sədrəddin oğlunun idarə etdiyi “Mercedes Benz C 220” minik markalı avtomobillə toqquşmuş və daha sonra həmin avtomobilin sürücüsü idarə etməni itirərək, avtomobili yol kənarında olan obyektə çırpmışdır. Dərhal avtomobildən aşağı düşmüş, həmin avtomobildə xəsarət alan şəxsləri xəstəxanaya yola salmışdır. Əməlindən peşman olduğunu, hazırkı iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, ona qarşı şikayət və tələbin olmadığını bildirib barəsində nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması ilə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə tərəfindən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18 aprel 2024-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi» barədə qərardan görünür ki, Əliyev Rövşən Məmmədrəhim oğlunun əməlində cinayət tərkibi olmadığından İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış material Masallı RPŞ-nin DYPB-yə göndərilmişdir. 18 aprel 2024-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi» barədə qərarda istinad edilmiş təyin edilərək keçirilmiş məhkəmə-tibbi ekspertizasının 15.03.2024-cü il tarixli 216 nömrəli rəyindən görünür ki, Məmmədov Nurlan Sədrəddin oğlunda başın alın nahiyəsinin əzilmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissənin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 01 mart 2024-cü il tarixlə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 29.03.2024-cü il tarixli 253 saylı nömrəli rəyindən görünür ki, Əsədov Coşqun Qiyas oğlunda alın sümüyünün sol almacıq çıxıntısının minimal yerdəyişmiş sınığı, burun-əng sümüyü tikişi nahiyəsinin, burun sümüklərinin və burun arakəsməsinin qəlpəli yerdəyişmiş sınığı, burnun və sol yuxarı göz qapağının əzilmiş yaraları müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 01 mart 2024-cü il tarixlə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞIR zərərvurmaya aiddir. 01.05.2024-cü tarixli, seriya İXP 6221790 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Əliyev Rövşən Məmmədrəhim oğlunun törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 115.1.4.-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Əliyev Rövşən Məmmədrəhim oğlu barəsində tərtib olunmuş inzibati protokol hazırkı işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallarla sübuta yetirilir. Belə ki, Əliyev Rövşən Məmmədrəhim oğlunun əməli özünün etirafedici izahatı, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Bu səbəbdən Əliyev Rövşən Məmmədrəhim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əliyev Rövşən Məmmədrəhim oğlunun əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əliyev Rövşən Məmmədrəhim oğlunun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yuxarıda sadalanmış məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq və ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Əliyev Rövşən Məmmədrəhim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adı çəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Əliyev Rövşən Məmmədrəhim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın İcrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-1037/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1037/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver