Məhkəmə qərarları › İş №3(050)-1038/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1038/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1038/2025 21.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1948-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ortaixtisas təhsilli, təqaüdçü, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 65, mənzil 57-də qeydiyyatda olmaqla Masallı rayonu, Kolatan kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Masallı RPŞ-nin inzibati binasında və küçədə uca səslə səs-küy salaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi X2 məhkəmə iclasında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Şəxs polis şöbəsinin növbətçi hissəsinin qarşısında Şirvan Apellyasiya Məhkəməsinin hakimi Habil Bəhmənovdan gileylənmiş və uca səslə səs-küy yaratmışdır. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq şöbənin iş prinsipinə maneçilik törətdiyini, ətrafda olan insanlara narahatçılıq yaratdığını hüquqi cəhətdən izah etməyə çalışmışlar, lakin vətəndaş onları başa düşmək istəməmiş və şöbənin çıxışına tərəf çıxarkən vətəndaşların narahatçılıq verəcək şəkildə səs-küy etməyə başlamış, eləcədə Şirvan Apellyasiya Məhkəməsinin hakimi Habil Bəhmənova öz etirazlarını bildirmişdir. Həmçinin bilərəkdən polisin qanuni tələblərinə tabe olmamışdır. Əlavə olaraq bildirmək istəyir ki, vətəndaş dəfələrlə polis şöbəsinə gəlmişdir, eyni mübahisələr, prokurorluğun, hakimin, polisin ünvanına təhqiramiz sözlər ünvanlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı rayonu Kolatan kəndində anasından miras qalmış torpaq sahəsində 1964-cü ildə fərdi yaşayış evi inşa etmişdir. Lakin 5 ildir ki, küçələrdə qalmış evinə daxil ola bilməmişdir. Həmin torpaq sahəsində inşa edilmiş yeni tikilinin üzərinə həbs qoyulmuş, bu səbəbdən də o, həmin evə yaxınlaşmır. İnşa etdiyi evin giriş qapısına qardaşı tərəfindən açar vurmuşlar. Polis şöbəsinə müraciət etməkdə məqsədi inşa etdiyi yaşayış evinin qapısına vurulmuş açarın açılması, onun həmin evə girməsi üçün şərait yaradılması və qardaşının evdən çıxarılması olmuşdur. Həmin evin pəncərələridə sındırılmışdır. Polis şöbəsində olduğu zaman heç kimsəni söyüb təhqir etməmişdir. Bu onun yaşınada uyğun deyildir. O, ali təhsilli insandır, uzun illər müəllim işləmişdir. Heç kimsəyə qarşı heç bir hörmətsizlik etməmişdir. Sonda Şəxs məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, xx.xx.2025ci il tarixdə polis serjantı Bəhrəm Musayevlə birlikdə şöbənin bir nömrəli postunda xidmətdə olduğu zaman Şəxs şöbənin inzibati binasına yaxınlaşmış və orada nümayişkəranə hərəkətlər etmiş, qışqırmış, ucadan səs-küy yaratmış, oraya gələn vətəndaşları üçün narahatçılıq yaratmışdır. O, polis serjantı Bəhrəm Musayevlə birlikdə Şəxs yaxınlaşraq etdiyi əməllərin inzibati xətə olduğunu bildirib, səs-küy salmamasını demişdir. Lakin buna baxmayaraq Şəxs onların qanuni tələblərinə tabe olmamışdır. Digər polis əməkdaşlarıda yaxınlaşaraq vətəndaşı nizam-intizama dəvət etmişlər. Lakin vətəndaş buna məhəl qoymamışdır. Polisin iş vaxtına və ora gələn vətəndaşlara narahatçılıq yaratmışdır. Vətəndaş heç bir söyüş söyməmişdir, lakin öz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, xx.xx.2025ci il tarixdə saat 12 radələrində xidmətdə olduğu zaman Şəxs polis şöbəsinin giriş qapısına yaxınlaşaraq şöbəyə daxil olmaq istəmiş, onlar həmin şəxsə səbrli olmasını, məsul şəxslərə məlumat verilməli olduğu, əgər qəbul edəcəklərsə o zaman şöbəyə girə biləcəyini bildirmişlər. Bundan sonra vətəndaş qışqırmağa başlamış, səs-küy yaratmışdır. Sakitləşdirməyə çalışsalarda o, öz hərəkətlərinə davam etmiş, hakimdən, polisdən şikayətlənmişdir. Eləcədə təhqiramiz ifadələr işlətmişdir. Daha sonra barəsində məruzə olunmuş və tədbir görülmüşdür. Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi Nurlan Hüseynov tərəfindən 21 aprel 2025-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşin məhkəmə iclasında müəyyən edilməklə şəxsin izahatlarını nəzərə alaraq, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkibi olmadığına görə onun barəsində İXM-in həmin maddəsi ilə olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, Şəxs mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa etdiyi fərdi yaşayış evinə girə bilmədiyindən onun həmin fərdi yaşayış evinə daxil olmasının təmin olunması məqsədilə Masallı RPŞ-yə getmiş və o, dinlənilməsi üçün gözləyəcəyini bildirmişdir. Şəxs qulağı ağır eşitdiyi üçün ucadan danışmasının mümkünlüyünü, ancaq heç bir təhqiramiz ifadə işlətmədiyini və heç kəsə müqavimət göstərmədiyini bildirmişdir. Qeyd edilməlidir ki, iş üzrə məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş və şahidlər ifadələrində Şəxs yüksək səslə danışmasını və normal iş ahəngini pozmasını bildirmişdir. Ancaq işə baxarkən məhkəmə iclasında da müəyyən edilir ki, Şəxs sağlamlığında olan problemlərlə əlaqədar eşitməsində çətinliklər mövcuddur. Şəxsin uca səslə danışması, buna görə irad tutularaq şəxsin sakitləşdirilməsi heç də İXMin 535.1-ci maddəsinin tərkibini yaratmır. Şəxs tərəfindən hər hansı nalayiq ifadələrin işlədilməsi və tabesizlik faktı aşkar edilməmişdir. Beləliklə, onun əməlində adıçəkilən maddənin dispozisiyasında nəzərdə tutulan əlamətlər müəyyən olunmur. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci madəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in inzibati xəta haqqında iş üzrə qərar adlanan 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar