Məhkəmə qərarları › İş №3(050)-1069/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1069/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1069/2025 13.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında EP seriyalı ******* nömrəli 15 aprel 2025-ci il tarixli protokola əsasən Şəxs tərəfindən 15016,80 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 02 mart 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbədinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 15016,80 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 03 mart 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Mərkəzi Bankın və Şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şəxs ilə «X1» şirkəti arasında bağlanmış 21 noyabr 2022-ci il tarixli müqavilənin surətindən görünür ki, müqavilənin ümumi dəyəri 1000.000 ABŞ dolları müəyyən edilmişdir. - Şəxs ilə «X1» şirkəti arasında bağlanmış 21 noyabr 2022-ci il tarixli P20221103 nömrəli müqaviləyə 05 noyabr 2023-cü il tarixli P20221103/1 nömrəli əlavədən görünür ki, tərəflər arasında daha əvvəl bağlanmış 21 noyabr 2022-ci il tarixli P20221103 nömrəli müqaviləyə əsasən «X1»in Şəxs MMC-dən alınmış 92732,88 ABŞ dolları məbləğində avans qalıq mövcuddur. Əvvəlki müqavilə üzrə qalan borc 92732,88 ABŞ dolları yeni 05 noyabr 2023-cü il tarixli P20221103/1 nömrəli müqaviləyə köçürülmüşdür. «X1» Şəxs MMC-yə olan öhdəliyini cari müqavilə üzrə qəbul edir. - "xxxx" ASC-nin ödəniş tapşırığının surətindən görünür ki, Şəxs tərəfindən 16 dekabr 2022-ci il tarixdə «X1» şirkətinə 51012,60 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. - "xxxx" ASC-nin ödəniş tapşırığının surətindən görünür ki, Şəxs tərəfindən 24 fevral 2023-cü il tarixdə «X1» şirkətinə 15021 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. - "xxxx" ASC-nin ödəniş tapşırığının surətindən görünür ki, Şəxs tərəfindən 02 mart 2023-cü il tarixdə «X1» şirkətinə 15016,80 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. - "xxxx" ASC-nin ödəniş tapşırığının surətindən görünür ki, Şəxs tərəfindən 25 oktyabr 2023-cü il tarixdə «X1» şirkətinə 60002,48 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. - 07 mart 2023-cü il tarixli, **********7849 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, «X1» şirkəti tərəfindən Şəxs ünvanına 21 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən göndərilmiş 23970 ABŞ dolları məbləğində mallar bəyan edilmişdir. - 30 may 2024-cü il tarixli, **********1779 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, «X1» şirkəti tərəfindən Şəxs ünvanına 21 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən göndərilmiş 24350 ABŞ dolları məbləğində mallar bəyan edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatından görünür ki, Şəxs ********** nömrəli VÖEN-i vardır və 6 saylı Ərazi Vergilər Baş İdarəsində uçota vergi ödəyicisi kimi uçota alınmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 84.1-ci maddəsinin tələbinə müvafiq olaraq araşdırılmış sübutları işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün kifayət deyildir və məhkəmə iclasında tədqiq edilmiş sübutları araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin inzibati xəta haqqında protokolda qeyd olunan inzibati xətanı törətməsi onun nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı, inzibati işin materiallarında və məhkəməyə təqdim edilmiş digər sübutlarla sübuta yetirilməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası İXM-nin 8ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta törətməkdə təqsiri sübuta yetirilmir. Odur ki, Şəxs həmin maddə ilə inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), 75.0.7-ci maddəsinə əsasən işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında materiala baxılması ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmədə müəyyən olundu ki, Şəxs tərəfindən «X1» şirkəti ilə arasında bağlanmış 21 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən avans yolu ilə 16 dekabr 2022-ci il tarixdə 51012,60 ABŞ dolları, 24 fevral 2023-cü il tarixdə 15021 ABŞ dolları, 02 mart 2023-cü il tarixdə 15016,80 ABŞ dolları, 25 oktyabr 2023-cü il tarixdə isə 60002,48 ABŞ dolları olmaqla ümumilikdə 141.052,88 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. Bu pulun müqabilində 23970 ABŞ dolları məbləğində mallar 07 mart 2023-cü il tarixdə Azərbaycan Respublikasına idxal edilərək bəyan edilmişdir. Şəxs MMC tərəfindən 21 noyabr 2022-ci il tarixli müqavilə üzrə «X1» şirkətinə avans olaraq köçürülmüş pulun müqabilində 24350 ABŞ dolları məbləğində malların Azərbaycan Respublikasına idxal ediləcəyi nəzərə alınaraq həmin müqavilə üzrə qalan 92732,88 ABŞ dolları borcun (141.052,88-23970-24350) yeni 05 noyabr 2023-cü il tarixli P20221103/1 nömrəli müqaviləyə köçürülməsi barədə Şəxs MMC ilə «X1» şirkəti arasında 21 noyabr 2022-ci il tarixli P20221103 nömrəli müqaviləyə 05 noyabr 2023-cü il tarixli P20221103/1 nömrəli əlavə bağlanmışdır. 24350 ABŞ dolları məbləğində mallar isə 30 may 2024-cü il tarixdə Azərbaycan Respublikasına idxal edilərək bəyan edilmişdir. Göründüyü kimi Şəxs tərəfindən «X1» şirkətinə 21 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən avans yolu ilə köçürülmüş ümumilikdə 141.052,88 ABŞ dolları (51012,60+15021+15016,80+60002,48) məbləğində pulun müqabilində ümumilikdə 48320 ABŞ dolları (23970+24350) məbləğində mallar 2 il müddət ərzində Azərbaycan Respublikasına idxal edilərək bəyan edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, qeyd olunan əməldə inzibati xəta hadisəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar