Məhkəmə qərarları › İş №3(050)-1075/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1075/2025

22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1075/2025 22.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Neftçala rayonu, Şorkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, subay, orta təhsilli, Neftçala rayonu, Şorkənd kəndində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 22 aprel 2025-ci il tarixdə saat 15:30 radələrində RPŞ-nin giriş qapısında ictimai yerdə ucadan ünvansız nəlayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Bundan əlavə Şəxs eyni tarixdə Masallı RPŞ-in əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, baş vermiş oğurluqla bağlı ifadəsinin alınmasından ötrü Masallı RPŞ-yə dəvət olunmuşdur. xx.xx.2025-ci il tarixdə Masallı RPŞ-yə gəlmiş və izahat vermişdir. İzahat verdikdən sonra şöbənin həyətində siqaret çəkmişdir. Siqater çəkdiyi zaman törədilmiş oğurluq hadisəsində şərləndiyi üçün əsəbləşərək uca səslə baş vermiş oğurluq hadisəsində heç bir günahının olmadığını qeyd edərək ünvansız söyüşlər söymüşdür. Bu zaman ona polis əməkdaşları yaxınlaşaraq onu sakitləşdirməyə çalışmışlar. Daha sonra polis əməkdaşları onu nizam-intizama dəvət etmişlər. Etdiyi əməldən peşmandır. Çox əsəbi olmuşdur. Məhkəmədən cavanlığını və əsəbi olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 15:30 radələrində PPXB-in polis nəfəri, polis serjantı İsmayıl Xalqızadə ilə şöbənin giriş qapısında 1 nömrəli postda Masallı rayon Xıl kəndində törədilmiş oğurluq hadisəsində şübhəli bilinən Neftçala rayon Şorkənd kənd sakini Şəxs uca səslə hay-küy salaraq ünvansız nəlayiq ifadələr işlətməsini göürüb ona yaxınlaşmışlar. Şəxs oğurluq etmədiyini ona şər-böhtan atıldığını və əsəbi vəziyyətdə şöbənin giriş qapısında ictimai yerdə ünvansız nəlayiq ifadələr işlədərək ətrafdakıların diqqətini özünə cəlb etdirmişdir. Onlar ona ictimai yerdə olduğunu əməlinin inzibati xəta olduğunu bildirərək hərəkətlərinə son qoymasını tələb edib onu nizam-intizama dəvət etmişlər. Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz əməllərini davam etdirmiş və ictimai qaydanı nümayişkaranə şəkildə pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 şahid X2 ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Zaur Abasov tərəfindən 22 aprel 2025-ci il tarixdə MN ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə və qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 112, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 22 aprel 2025-ci il tarixdən, saat 17:55-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Piriyev X3 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar