Məhkəmə qərarları › İş №3(050)-1080/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1080/2025

24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1080/2025 24.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Viləş kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Masallı rayonu, Viləş kəndinin ərazisində küçədə söyüşlər söyərək xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X6 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Masallı rayonu, Viləş kənd sakini Şahid1 DİN-in 102 xidmətinə zəng edərək, Masallı rayonu, Viləş kəndində münaqişə olması barədə məlumat vermişdir. Şahid1 Masallı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, həmkəndlisi Şəxs onun az yaşlı qızı Səbinə İsgəndərovaya qarşı kobud hərəkətlər və əxlaqsız təklif etməsi barədə məlumat vermişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Masallı rayonu, Viləş kənd ərazisində Şahid1 və Şəxs arasında şəxsi münasibətlər zəmində sözlü mübahisə baş vermişdir. Mübahisə zamanı Şəxs Masallı rayon, Viləş kəndinin mərkəzindəki küçədə uca səslə nalayiq ifadələr işlədərək ictimai asayişi kobud surətdə pozmuşdur. Araşdırma zamanı Şəxs X1 qarşı əxlaqsızlıq təklif etməsi faktı öz təsdiqini tapmadağından toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi barədə qərar qəbul edilmiş, lakin Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Şahid1 onun həmkəndlisidir və Şəbinə İsgəndərovanı isə sonuncunun qızı kimi tanımışdır xx.xx.2025-ci il tarixdə təxminən saat 19 radələrində Masallı rayonu, Viləş kəndinin mərkəzində olduğu zaman marketlərin birindən spirtli içki olan pivə almış və oradaca həmin pivəni içmişdir. Həmin vaxt sərxoş vəziyyətə düşdüyündən yoldan Şəbinə İsgəndərovanın keçdiyini görmüş və sonuncu ilə nəzakətli şəkildə salamlaşdığı, ona atasının dostu olduğunu bildirərək öz mobil telefon nömrəsini Səbinəyə verdiyini xatırlasa da, digər baş verənləri xatırlamamışdır. Daha sonra Səbinə oradan uzaqlaşmış, o da öz yoluna davam etmişdir. Bundan təxminən 30 dəqiqə sonra Şahid1 istifadəsində olan mobil nömrə ilə zəng edib harada olduğunu soruşmuş, bir az sonra Viləş kəndinin mərkəzi küçəsində görüşmüşlər. Həddindən artıq spirtli içki qəbul etdiyi üçün həmin vaxt aralarında nə kimi söhbətlər olduğunu bilməmişdir. O, əməlindən peşman olduğunu, xəcalət çəkdiyini, daha spirtli içki qəbul etməyəcəyini, habelə yaşının nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərdi ki, Şəxs həmkəndlisidir. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində qızı Səbinə İsgəndərova yaşadığı ünvanda olarkən ağlayaraq ona yaxınlaşmış və bildirmişdir ki, Mirzağa adlı şəxs ona qarşı əxlaqsızlıq təklif etmiş, onu çox istədiyini, sevdiyini bildirmiş və mobil nömrəsini ona vermişdir. Bu barədə məlumat aldıqdan dərhal sonra Mirzağa adlı şəxsin mobil nömrəsinə zəng edib harada olduğunu soruşmuşdur. Mirzağa isə ona uzaqda olduğunu bildirib mobil telefonu söndürmüşdür. Daha sonra isə Mirzağa adlı şəxsi axtardıqdan sonra Masallı rayonu, Viləş kəndinin mərkəzində-küçədə görmüşdür. Bu zaman Mirzağadan nə üçün belə bir hərəkət etdiyini soruşmuş və Mirzağa isə cavabında etdiyi hərəkətdən utandığını bildirib ondan üzr istəmişdir. Bu zaman DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. Həmin vaxt o polisə məlumat verdiyi üçün Şəxs küçədə kənar şəxslərin yanında ünvansız nalayiq sözlər işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu izahat verərək həmin xüsusatları təsdiq etmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X6 tərəfindən xx.xx.2025-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, faktla bağlı Masallı RPŞ-nin TB-ndə araşdırma başlanılmış, toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(050)-976/2025 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510cu maddəsində nəzərədə tutulmuş inzibati xətanı törəməsinə görə barəsində 100 manat inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şəxs əməli özünün etirafı ilə yanaşı protokolu tərtib etmiş şəxsin, şahidlərin izahatları, inzibati xəta haqqında protokol, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar, habelə işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə qeyd edilən inzibati xəta ilə bağlı məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək aşağıdakıları qeyd edir: Belə ki iş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, xx.xx.2025-ci il tarixdə Masallı rayonu, Viləş kənd ərazisində Şahid1 və Şəxs arasında şəxsi münasibətlər zəmində sözlü mübahisə baş vermiş, mübahisə zamanı Şəxs Masallı rayon, Viləş kəndinin mərkəzindəki küçədə uca səslə nalayiq ifadələr işlətmiş, bununla da ictimai qaydanı pozaraq cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmişdir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbаycаn Respublikаsı İXM-in 3-cü mаddəsinə əsаsən yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-ninn 32.1-ci maddəsinə əsasən əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxsin inzibati xətanı sərxoş halda törətməsini İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə şəxsə tənbeh növünün tətbiq edilməsi məsələsinə baxarkən şəxsin şəxsiyyətini xarakterizə edən hallara qiymət verməyi zəruri hesab edir. Belə ki, inzibati xəta materiallarına məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, şəxs hələ inzibati xətanı törətməmişdən qabaq sərxoş vəziyyətdə cəmiyyət tərəfindən qınanılan formada davranaraq yolda hərəkətdə olan həmkəndlisi az yaşlı qız uşağına pis niyyətlərlə mobil telefon nömrəsini verərək, onu çox istədiyini, onu sevdiyini bildirib, susmasını tələb etmişdir. Düzdür, onun hər hansı formada real olaraq şəxsə qarşı əxlaqsız hərəkətə yol verməsi araşdırma nəticəsində təsdiqini tapmasa da, onun kifayət qədər yaşının olması və bu yaşında başqalarına nümunə olmaq əvəzinə, az yaşlı qız uşağına bu cür təkliflər etməsi onun şəxsiyyətinin nə qədər mənfi olduğunu göstərir. Məhkəmə Şəxsın qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, onun şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati qaydada həbs edilməsi məqsədəuyğun və ədalətlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və 12 (on iki) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 24 aprel 2025-ci il tarixdən saat 18:24-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Qərarın surəti maraqlı şəxslərə təqdim edilsin. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar