Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-111/2023 07.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-07 avqust 1975-ci ildə Masallı rayonu Sərçuvar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu Sərçuvar kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 10 yanvar 2023-cü il tarixdə Masallı rayonu, Sərçuvar kəndində müvafiq icra hakimiyyəti orqanın xüsusi icazəsi olmadığı halda Tula markalı, 16 kalibirli, sənədsiz, nömrəsiz, qoşa lüləli mülki ov silahının saxlanması və daşıması qaydalarını pozmuşdur. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə inzibati xəta törədən şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o, hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsaslanaraq inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təhqiqatda verdiyi izahatında göstərmişdir ki, Masallı rayonu, Sərçuvar kəndində yaşayır. Babasından yadigar qalmış, köhnə sənədsiz, nömrəsiz qoşa lüləli ov tüfəngi vardır. 10 yanvar 2023-cü il tarixdə Sərçuvar kəndində yol kənarında gəzərkən ov silahını özü ilə götürmüşdür. Sərçuvar kəndi ərazisində xidmət aparan polis əməkdaşları onu görüb yaxınlaşmış, özlərini təqdim etdikdən sonra tüfəngin sənədlərini tələb etmişlər. Polis əməkdaşlarına tüfəngin sənədsiz olduğunu, babasından qalma olduğunu bildirmişdir. Polis əməkdaşları sənədsiz silahın üzərində gəzdirməsinin qanunsuz olduğunu bildirdikdən sonra ov tüfəngini ondan təhvil almışlar. Bundan sonra polis əməkdaşları müvafiq icra hakimiyyəti orqanın xüsusi icazəsi olmadığı halda ov silahının saxlanması və daşıması qaydalarını pozduğunu bildirib onu Masallı RPŞ-nə dəvət etmişlər. Masallı RPŞ-də araşdırma aparılmış, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Etdiyi əməlindən səmimi peşiman olduğunu göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri təhqiqat zamanı vermiş olduğu özünün etirafedici izahatı ilə yanaşı inzibati xəta haqqında protokolla, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə sənədsiz, nömrəsiz qoşa lüləli ov tüfəngi dövlət nəfinə müsadirə edilməklə, cərimə edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək Tula markalı, 16 kalibirli, sənədsiz, nömrəsiz, qoşa lüləli ov tüfəngi dövlət nəfinə müsadirə edilməklə, 80 (səksən) manat miqdarında cərimə edilsin. Qərarın icrası ov tüfənginin müsadirə edilməsinə dair hissədə Masallı Rayon Polis Şöbəsinə, cəriməyə dair hissədə isə Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-111/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-111/2023
07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver