Məhkəmə qərarları › İş №3(050)-1122/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1122/2023

20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1122/2023 20.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Aslanzadə Ramin Sakit oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2004-cü ildə Masallı rayonu Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində sürücülük hüququ və etibarnaməsi olmadan idarə etdiyi “VAZ 21065” minik markalı Q644BH02 RUS dövlət qeydiyyat nişanlı avtomobillə Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində hərəkətdə olarkən qarşıda hərəkətdə olan “Nissan Sunny” minik markalı ** AX *** dövlət qeydiyyat nişanlı avtomaşınla müvafiq ara məsafəsi saxlamadığından həmin avtomobillə toqquşmuş, maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tələblərini pozmuşdur. Protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin DYPB-nin BDAM-ı polis kapitanı X2 məhkəmə iclasında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində sürücülük hüququ və etibarnaməsi olmadan idarə etdiyi “VAZ 21065” minik markalı Q644BH02 RUS dövlət qeydiyyat nişanlı avtomobillə Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində hərəkətdə olarkən qarşıda hərəkətdə olan “Nissan Sunny” minik markalı ** AX *** dövlət qeydiyyat nişanlı avtomaşınla müvafiq ara məsafəsi saxlamadığından həmin avtomobillə toqquşmuş, maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Bununla bağlı araşdırma aparılmış, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibi olduğu üçün inzibati xəta haqqında protokol tərtib edilməklə məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, “VAZ 21065” minik markalı Q644BH02 RUS dövlət qeydiyyat nişanlı avtomaşın əmisinə məxsusdur, avtomaşını idarə etmək üçün etibarnaməsi yoxdur. xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində idarə etdiyi “VAZ 21065” minik markalı Q644BH02 RUS dövlət qeydiyyat nişanlı Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində hərəkətdə olarkən qarşıda hərəkətdə olan “Nissan Sunny” minik markalı ** AX *** dövlət qeydiyyat nişanlı avtomaşın anidən saxlamış, həmin avtomaşınla müvafiq ara məsafəsi saxlamadığına görə onunla toqquşmuş, hadisə nəticəsində xəsarət alan olmamış, avtomobillərə maddi ziyan dəymişdir. Sonda Şəxs əməlindən peşman olmasını, qarşı tərəfə dəymiş ziyanın ödənilməsini, qarşı tərəfin ondan şikayətinin olmamasını nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş, istifadəsində olan mobil telefonla əlaqə saxlanılmaqla inzibati xəta haqqında işə baxılması barədə mövqeyi öyrənilərkən məhkəmə icasınının onun iştirak olmadan keçirilməsini xahiş etmiş, ona dəymiş ziyanın ödənilməsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı şikayət və tələbinin olmadığını, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 19 iyul 2023-cü il tarixli, seriya, İXP, ******* saylı protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, inzibati xəta haqqında protokoldan, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, baş vermiş hadisə nəticəsində zərər çəkmiş şəxsə maddi ziyan dəymişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 2 azyaşlı uşağının olmasını, zərərin ödənilməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilərlər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar