Məhkəmə qərarları › İş №3(050)-1148/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1148/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1148/2025 13.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1987-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evlihimayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Cavad 39 ünvanında yaşayan; Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsilə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Yol-Patrul Xidməti Alayı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə tərtib edilmiş seriya İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28 aprel 2025-ci il tarixdə saat 11:58 radələrində Ələt-Astara yolunun Masallı rayonu ərazisində “FORD TRANSİT YÜK” minik markalı, **-OL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən, YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Ələt-Astara yolunun Masallı rayonu ərazisində “FORD TRANSİT YÜK” minik markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən DYP-nin YPX inspektoru tərəfindən saxlanılmış, həkim müayinəsinə təqdim edildikdən sonra yoxlama zamanı avtomaşını narkotik vasitədən istifadə olunması nəticəsində yaranmış sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razıdır. Etdiyi əməldən peşmandır. Bir daha belə əmələ yol verməyəcəkdir. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Protokolu tərtib etmiş orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, seriya İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27 aprel 2025-ci il tarixdə saat 11:58 radələrində Ələt-Astara yolunun Masallı rayonu ərazisindən keçən 143-cü kilometrliyində idarə etdiyi “FORD TRANSİT YÜK” minik markalı, **-OL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs protokolda “Protokolla razıyam” qeydi aparmışdır. 27 aprel 2025-ci il tarixli, 163 saylı sərxoşluq hallarının bütün növlərinin təyin məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində narkotik vasitə THC və MET pozitiv aşkar olunmuş, o, narkotik sərxoşluq vəziyyətində olmuşdur. Müayinədən keçirlən şəxs Şəxs protokolda “Həkim müayinəsi rəyi ilə tam razıyam” qeydi aparmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 333- 1.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalarının 2.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1 ci maddəsinə əsasən nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2 ci maddəsinə əsasən ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3 ci maddəsinə əsasən özünü idarə edə bilmədikdə. 2.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. 2.7-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını və himayəsində 1 nəfər azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, ağırlaşdıran halın olmamasını, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 600 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Ellara Abbasova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar