Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1151/2025 01.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxxx 1985-ci il tarixdə Masallı rayonu, Kalinovka (hazırda Viləş) kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Viləş kəndində qeydiyyatda olan, Masallı rayonu, Qızılağac kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli 30 aprel 2025-ci il tarixli protokola əsasən Şəxs 30 aprel 2025-ci il tarixdə saat 13 radələrində Masallı rayon Polis şöbəsinin inzibati binasında uca səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur, yəni xırda xuliqanlıq etmişdir. Eyni zamanda inzibati xəta haqqında MN seriyalı ******* nömrəli 30 aprel 2025-ci il tarixli protokola əsasən Şəxs 13 aprel 2025 il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi Nümayəndə izahatında bildirdi ki, Masallı rayonu, Qızılağac kənd sakini Şəxs 30 aprel 2025-ci il tarixdə saat 12:20, 12:32 və 12:41-də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidməti mərkəzinə zəng edərək polisin ünvanına xoşagəlməz ifadələr işlətməsi və DİN-in 102 xidmətində operatorlarla lüzumsuz danışıqlar aparmaqla iş rejimini pozması barədə məlumat verilmişdir. DİN-in 102 xidmətindən Masallı RPŞ-nə daxil olmuş məlumatlar əsasında saat 13:30 radələrində Masallı RPŞ-nin Əməliyyat istintaq qrupunun üzvləri polis baş leytenantı Şahid2, polis baş serjantı İskəndər Rəhimov və polis serjantı Elvin Ağaşov ilə birlikdə Şəxs yaşadığı ünvana getdikləri zaman sonuncu kəskin sərxoş vəziyyətdə kəndin mərkəzi küçəsinə çıxaraq, “nə istəyirsiz məndən” sözlərini dedikdən sonra ictimai yerdə uca səslə ünvansız nəlayiq ifadələrlə söyüş söyməyə başlamışdır. Şəxs Masallı rayonu Qızılağac kəndində ictimai yerdə nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozduğuna görə polis əməkdaşları onu dəfələrlə nizam intizama dəvət etsələr də, o, polisin qanuni tələblərinə qəsdən məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini təxminən 10-15 dəqiqə davam etdirmişdir. Ona görə də, onu Masallı rayon Polis şöbəsinə gətirmişlər. Buna görə də, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokol tərtib olunmuş və digər zəruri olan sənədləri toplayaraq, 30 aprel 2025-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, sərxoş olduğu üçün uca səslə dediyi nəlayiq ifadələri xatırlamır, lakin əməlindən çox peşmandır. Polis əməkdaşları onu polis şöbəsinə aparmaq istəsələr də, o, getmək istəməmişdir. Məhkəmədən barəsində cərimə növündə inzibati tənbehin təyin edilməməsi xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı rayon Polis şöbəsinin Post- Patrul xidməti bölüyünün manqa komandiri Şahid1 izahatında bildirdi ki, Şəxs tanımır. DİN-in 102 xidmətindən Masallı RPŞ-nə daxil olmuş məlumatlar əsasında saat 13:30 radələrində Masallı RPŞ-nin Əməliyyat istintaq qrupunun üzvləri olaraq o, polis baş leytenantı Şahid2 və polis serjantı Elvin Ağaşov ilə birlikdə Şəxs yaşadığı ünvana getdikləri zaman sonuncu kəskin sərxoş vəziyyətdə kəndin mərkəzi küçəsinə çıxaraq “nə istəyirsiz məndən” sözlərini dedikdən sonra ictimai yerdə uca səslə ünvansız nəlayiq ifadələrlə söyüş söyməyə başlamışdır. Şəxs Masallı rayonu Qızılağac kəndində ictimai yerdə nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozduğuna görə o və digər polis əməkdaşları onu dəfələrlə nizam intizama dəvət etsələr də, o, polisin qanuni tələblərinə qəsdən məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirdiyindən onu Masallı rayon Polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi Şahid2 Şahid1 izahatına uyğun, eyni məzmunlu izahat verərək Şəxs ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu və polisin qanuni tələbinə qəsdən tabe olmadığını təsdiq etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin işin halları ilə bağlı verdikləri izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZA seriyalı 022169 nömrəli 30 aprel 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 30 aprel 2025-ci il tarixdə, saat 20:00-da inzibati qaydada tutulmuşdur. - AZA seriyalı 009333 nömrəli 30 aprel 2025-ci il tarixli şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında protokoldan görünür ki, Şəxs üzərində 30 aprel 2025-ci il tarixdə, saat 20:10-da şəxsi axtarış aparılmışdır. - Alkotester məlumatından görünür ki, Şəxs alkoqol sərxoşluğu 0,220 promildir. - “Elektron Məhkəmə” sistemindən məlumatdan görünür ki, Şəxs barəsində 20 noyabr 2024-cü ildə və 15 yanvar 2025-ci ildə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq ediləcək inzibati tənbeh ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal kimi 32.1.1-ci maddəsi ilə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı nəzərə alınır. Məhkəmə inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati tənbeh almış Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə və inzibati xətanı sərxoş halda törətməsini İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, hal-hazırda işləyərək cərimə ödəmək iqtidarında olmasını nəzərə alaraq onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiqinə zərurət olmadığını, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə törətdiyi İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan o, daha ciddi xəta hesab olunan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs 30 aprel 2025-ci il tarixdə, saat 20:00-da inzibati qaydada tutulduğunu və hal-hazıradək tutmada saxlanıldığını nəzərə alaraq hesab edir ki, ona İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 200 manat cərimə məbləğinin dörddə üçündən çox olmayan həddə cərimə təyin edilməli və o, dərhal tutmadan azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədilməkdə təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta hesab olunan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə eyni Məcəllənin 31.4-1-ci maddəsi tətbiq edilməklə 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-1151/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1151/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver